Zaminlikdən necə imtina etmək olar? - Hüquqşünasdan açıqlama
İqtisadiyyat
451
12:10, Bu gün

Zaminlikdən necə imtina etmək olar? - Hüquqşünasdan açıqlama

Banklardan kredit götürmək istəyənlər üçün qarşıya çıxan əsas tələblərdən biri zaminlik şərtidir. Banklar kreditin qaytarılmasını təmin etmək üçün borcalandan əlavə, üçüncü şəxsin – zaminin də məsuliyyət daşımasını tələb edirlər. Bu, xüsusilə də gəliri qeyri-sabit və ya rəsmi sənədləşdirilməyən şəxslər üçün çətinlik yaradır. Zamin tapmaq problemi bir çox insanı kredit götürməkdən çəkindirir və nəticədə onlar alternativ maliyyə mənbələri axtarmağa məcbur olurlar.  Bəs zamin özü kredit götürə bilərmi? Banklar zaminin kredit tarixçəsini nəzərə alaraq ona kredit verməkdən imtina edə bilərmi? Zaminlikdən necə imtina etmək olar? 
Bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov Moderator.az-a açıqlamasında bildirib ki, banklar istənilən səbəbdən vətəndaşa kredit verməkdən imtina edə bilərlər.
Onun sözlərinə görə, banklar pullarını etibar etdikləri şəxslərə kredit kimi təqdim edir, risk gördükləri müştərilərə isə bu imkanı vermirlər. Zaminlik də banklar üçün kreditin geri qaytarılmasına dair əsas risk göstəricilərindən biridir. 
Ekspert bildirir ki, zaminlik götürən şəxs üçün ciddi öhdəlikdir və əgər borcalan kreditini qaytara bilməsə, bank bu məbləği zamindən tələb edə bilər. Bu isə zaminin maliyyə vəziyyətinə mənfi təsir edə bilər və gələcəkdə öz adına kredit götürmək istəyəndə çətinliklərlə qarşılaşmasına səbəb ola bilər.
Bununla belə, o  vurğulayıb ki, zamin duran şəxsin kredit götürmək hüququ qanunla məhdudlaşdırılmasa da, banklar bu cür müştərilərə daha ehtiyatla yanaşa bilərlər:
“Məsələn, əgər bir şəxs kiçik məbləğdə bir kreditə zamin durubsa, bəzi banklar bunu ciddi risk kimi görməyə bilər. Ancaq böyük məbləğdə zaminlik hallarında kredit müraciətinin rədd edilməsi ehtimalı yüksək olur”.
Hüquqşünasın fikrincə, bankların ehtiyatlı davranışı başa düşüləndir, çünki hər birimiz şəxsi borc verərkən qarşımızdakı insanın ödəmə qabiliyyətini nəzərə alırıq:
 “Eyni qayda banklar üçün də keçərlidir. Bu baxımdan, vətəndaşların zaminlik müqavilələrinə daha məsuliyyətlə yanaşması, borcalanın etibarlılığını dəqiq dəyərləndirməsi vacibdir. Banklardan kredit götürən şəxslər üçün zaminlik əsas şərtlərdən biridir. Bir çox hallarda insanlar tanışlarına və ya qohumlarına kömək məqsədilə zamin dururlar. Lakin sonradan bunun nə qədər ciddi maliyyə öhdəliyi yaratdığını anlayıb, zaminlikdən imtina etmək istəyirlər”.
Bəs zaminlikdən imtina etmək  mümkündürmü? 
Hüquqşünas qeyd edib ki, zaminlikdən imtina etmək mümkün deyil:
“Banklar kredit verdikdə, zamini əlavə təminat kimi nəzərdən keçirirlər. Bu səbəbdən də zamin olan şəxs sonradan öhdəliklərdən yayınmaq istəsə belə, bu hüquqi baxımdan mümkün deyil. Zaminlik müqaviləyə əsaslandığı üçün, zamin yalnız müəyyən hallarda bu öhdəlikdən azad oluna bilər. Əgər kredit müqaviləsinin şərtləri zaminin razılığı olmadan dəyişdirilərsə və bu dəyişiklik zaminin maraqlarına zidd olarsa, o zaman zaminliyə xitam verilə bilər. İnsanlar zaminlik barədə düşünərkən diqqətli olmalı və yalnız tam etibar etdikləri şəxslərə zamin durmalıdırlar. Əks halda, borcalan ödənişi etmədikdə, bank borcun tam məbləğini zamindən tələb edə bilər. Təcrübədə bir çox hallarda insanlar zamin durduqları şəxslərin borcuna görə gözlənilmədən maliyyə yükü altına düşür və peşman olurlar”.
Buna görə də, hüquqşünas vətəndaşlara hər kəsə zamin durmamaq barədə ciddi xəbərdarlıq edir.
Ə.Həsənov vurğulayıb ki, əgər kredit müqaviləsinin şərtləri zaminin razılığı olmadan dəyişdirilərsə, bu zaman zaminliyə xitam verilə bilər:
“Məsələn, bir şəxs 10.000 manat kredit götürüb və iki il müddətinə 20 faizlə ödəməlidir. Lakin müəyyən səbəblərdən borc alan kreditin ödənişini vaxtında edə bilmir və bankla razılaşaraq borcun ödəniş müddətini iki ildən dörd ilə uzadır. Əgər zamin bu dəyişikliyə razılıq verməyibsə və imza atmayıbsa, onda onun zaminliyinə xitam verilməlidir. Çünki o, zamin durarkən iki illik öhdəliyə razılaşmışdı, lakin indi məlum olur ki, bu öhdəlik dörd il davam edəcək. Belə dəyişikliklər zaminin maraqlarına uyğun olmadığı üçün hüquqi baxımdan zaminlik qüvvədən düşür”.
Hüquqşünas onu da əlavə edib ki, zaminliyə xitam verilməsinin digər bir şərti də kreditin müddətinin bitməsi və müəyyən vaxt ərzində zamindən borcun tələb olunmamasıdır:
 “Məsələn, kredit müqaviləsi iki il müddətinə bağlanıbsa və bu müddət başa çatıb, üstündən bir il keçməsinə baxmayaraq bank nə zamindən borcu tələb edib, nə də məhkəməyə müraciət edib, bu halda zaminlik avtomatik qüvvədən düşür. Bəzi hallarda zaminlik müqaviləsində fərqli müddət şərtləri qeyd edilə bilər. Müqavilədə "zaminlik müddət bitdikdən sonra beş il ərzində də qüvvədə qalır" kimi bir maddə varsa, bu halda bank uzun müddət sonra belə zamindən borcu tələb edə bilər. Bu səbəbdən insanlar zamin durmadan əvvəl müqaviləni diqqətlə oxumalı və hüquqi öhdəliklərini tam anlamalıdırlar”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər