Son dövrlər ölkəmizdə avtomobil alışında artım müşahidə edilir. Hər kəs rahat və etibarlı avtomobilə sahib olmaq istəyir. Nağd ala bilməyəndə geriyə iki seçim qalır: kredit və ya lizinq. Bəs hansı daha sərfəlidir? Lizinq, yoxsa daxili kredit?
Bu barədə Modertor.az-a danışan iqtisadçı ekspert Rauf Qarayev deyib ki, lizinq əsasən daşınar və daşınmaz əmlak üçün verilir və burada seçim imkanı məhduddur. Əgər avtomobildən söhbət gedirsə, lizinq şirkətlərinin öz avtomobil parkı olur. Yəni vətəndaş yalnız həmin şirkətin təqdim etdiyi avtomobilləri lizinqə götürə bilər:
“Amma kreditdə belə bir məhdudiyyət yoxdur. Şəxs istədiyi avtomobili sərbəst şəkildə seçib kreditə götürə bilər. Bu baxımdan seçim azadlığı kreditdə daha genişdir. Lizinqdə isə seçim imkanını əsasən lizinq şirkəti özü müəyyənləşdirir və vətəndaş yalnız həmin variantlardan birini seçə bilər. Bu fərq göstərir ki, məhsul və seçim azadlığı baxımından kredit daha üstün hesab edilə bilər.
Lizinq və kredit arasındakı digər fərqlərə nəzər salaq:
1. Əlavə xərclər baxımından fərqlər
Lizinqdə əsas üstünlüklərdən biri odur ki, vətəndaş lizinq vasitəsilə avtomobil əldə etdikdə, onun bəzi əlavə xərcləri – məsələn, vergi və sığorta xərcləri lizinq şirkətinin üzərində olur. Halbuki, kreditlə avtomobil alındıqda bütün bu xərclər birbaşa vətəndaşın üzərinə düşür. Yəni kredit götürən şəxs avtomobilin vergisini, sığortasını və digər xərclərini özü ödəməlidir.
2. Mülkiyyət hüququ baxımından fərqlər
Lizinqdə avtomobil ilkin olaraq lizinq şirkətinin mülkiyyətində qalır. Adətən müqavilə bir ildən beş ilə qədər müddəti əhatə edir və vətəndaş hər ay müəyyən edilmiş ödənişləri həyata keçirir. Müqavilənin sonunda isə iki seçim olur: ya avtomobilin sahibi olmaq, ya da ondan imtina etmək”.
İqtisadçı əlavə edib ki, kreditdə isə fərqli yanaşma tətbiq olunur. Avtomobil dərhal şəxsin adına rəsmiləşdirilir, lakin bank kredit tam ödənilməyənə qədər avtomobil üzərində müəyyən hüquqi məhdudiyyətlər saxlayır:
“Yəni vətəndaş avtomobili tam ödəmədən onu sərbəst şəkildə sata və ya başqasına hədiyyə edə bilməz. Kredit tam ödənildikdən sonra isə avtomobilin üzərində heç bir məhdudiyyət qalmır və şəxs onunla istədiyi kimi rəftar edə bilər.
Bu fərqlər lizinq və kredit arasında seçim edərkən mühüm rol oynayır və vətəndaşlar bu şərtləri nəzərə alaraq qərar verməlidirlər.
Lizinq və kreditin digər mühüm fərqləri
1. Avtomobilin tez-tez dəyişdirilməsi
Bəzi insanlar avtomobillərini tez-tez dəyişməyə üstünlük verirlər. Bu baxımdan lizinq daha məqsədəuyğundur. Məsələn, şəxs iki-üç ildən bir avtomobilini yeniləmək istəyirsə, lizinq ona bu imkanı yaradır. Müəyyən müddət ödəniş etdikdən sonra avtomobili təhvil verib, yenisini götürə bilər. Amma kreditdə bu mümkün deyil – kredit götürən şəxs avtomobili tam ödəməli və ya ondan imtina etməlidir.
2. Vergi güzəştləri və hüquqi şəxslər üçün üstünlüklər
Lizinqdə vergi güzəştləri nəzərdə tutulduğu üçün fiziki şəxslər üçün daha sərfəli ola bilər. Xüsusilə iri şirkətlər üçün lizinq daha münasib hesab olunur. Çünki lizinq vasitəsilə əldə olunan avtomobil şirkətin əsas vəsaitlərinə daxil edilmədiyi üçün əmlak vergisindən və bəzi digər vergi öhdəliklərindən azad ola bilər. Bunun əksinə, kreditlə avtomobil alındıqda, avtomobil birbaşa şirkətin mülkiyyətinə keçdiyi üçün həmin vergilərin ödənilməsi zəruridir. Bu səbəbdən, hüquqi şəxslər, xüsusilə də iri şirkətlər, çox vaxt avtomobilləri lizinq yolu ilə əldə etməyə üstünlük verirlər. Çünki bu onlara maliyyə baxımından daha sərfəli şərtlər təqdim edir, əlavə vergilərdən yayınmağa və xərcləri optimallaşdırmağa imkan yaradır”.
R.Qarayev vurğulayıb ki, lizinq və kredit arasında seçim edərkən, vətəndaşlar öz imkanlarını və üstünlükləri diqqətlə qiymətləndirməlidir:
Dünya bazarına nəzər salsaq, daşınar və daşınmaz əmlakın lizinq yolu ilə əldə edilməsi əsas vəsaitlər kateqoriyasına daxil edilir. Bu səbəbdən, şirkətlər çox vaxt lizinqə üstünlük verirlər, çünki burada müxtəlif vergi və maliyyə güzəştləri mövcuddur. Hüquqi şəxslər üçün lizinq daha rahat və sərfəli hesab edilir.
Daxili kreditə müraciət edən zaman mütəxəssis rəyi öyrənilməlidir. Fiziki şəxs müqayisə apararaq nəticəyə gələ bilər ki, kredit daha əlverişlidir, çünki avtomobil tam olaraq onun adına rəsmiləşdirilir. Lakin seçimdə tərəddüd varsa, lizinq daha münasib ola bilər.
Burada əsas sual budur: İnsan üçün hansı daha sərfəlidir – avtomobili lizinq yolu ilə əldə edib hər ay ödəniş etmək, yoxsa kredit götürüb aylıq borc ödəmək? Bank vəsait ayırır ki, şəxs istədiyi avtomobili alsın, amma avtomobil tam onun mülkiyyətinə keçmir. Lizinqdə isə şirkət müəyyən şərtlərlə avtomobili vətəndaşın istifadəsinə verir və hər ay ödəniş etməklə onu idarə etmək hüququ olur.
Bu fərqləri nəzərə alaraq, hər kəs özünə daha sərfəli variantı seçməlidir”.
Mehin Mehmanqızı