Kredit kartı olanları gözləyən təhlükə - Bunu etməyin!
İqtisadiyyat
2008
21 Feb 2025 | 12:38

Kredit kartı olanları gözləyən təhlükə - Bunu etməyin!

2024-cü ildə Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 8 milyard 784 milyon manat təşkil edib.
Bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  2 milyard 521 milyon manat  və ya 40,3% artıb.
Kredit kartları ilə aparılan əməliyyatların sayı 152 miilyon 20 min olub ki, bu da illik müqayisdə 35 milyon 18 min manat (25,9%) çoxdur. Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 4 milyard 864 milyon manatı elektron ticarət vasitəsi ilə, 2 milyard 138 milyon manatı POS-terminallar vasitəsi ilə, 1 milyard 440 milyon manatı bankomatlar vasitəsi ilə, 332 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib. İllik müqayisədə həyata keçirilmiş əməliyyatların həcmi elektron ticarət vasitəsi ilə 25 milyard 187 milyon manat (69,1%), POS-terminallar vasitəsi ilə 2 milyard 616 milyon (27%), təmassız POS terminallar vasitəsilə 2 milyard 355 milyon manat (32,5%), bankomatlar vasitəsilə 4 milyard 436 milyon manat (12,3%) ölkə xarici əməliyyatlar vasitəsi ilə isə 90 milyon manat (3,1%) artıb.
Bu barədə Moderator.az-a danışan iqtisadçı  Günay Hüseynova deyir ki, iqtisadi baxımdan zamanın və dövrün tələbi dəyişib. Daha əvvəlki illərdə insanlar ehtiyac olduğu zaman yaxınlarından borc alırdı. Lakin sonralar kreditə müraciətlər kütləvi şəkildə artdı və burada neqativ hallar meydana çıxdı:
“ Kredit götürən şəxs borcunu ödəyə bilmədikdə, borc zaminə yönləndirildi, amma zaminlər də tapılmadı. Nəticədə insanlar kredit kartlarına müraciət etməyə başladılar. Kredit kartlarının istifadəsi ölkəmizdə yeni olsa da, digər ölkələrdə çox yayılıb. Kredit kartlarının istifadəsini məqsədə uyğun hesab etmirəm. Daha məqsədəuyğun olan, faizsiz müəyyən aylıq hissə-hissə ödəniş etmə imkanıdır. İnsanlar kartla ödəniş etdikdə pulu gözlə görmədikləri üçün, sanki "havayı" almış kimi hiss edirlər. Bir məhsula 100-150 manat nağd ödəsələr, tərəddüd edər, bəlkə də almamağı qərarlaşdırar, amma kartla ödəniş edəndə bu hissiyat yaranmır, istər debet kartı, istərsə də kredit kartı olsun. Bundan başqa, kredit kartı alarkən vətəndaşlar şərtləri diqqətlə oxumağı unutmamalıdırlar. Əksər hallarda insanlar birbaşa imza atıb kredit kartını alır, sonradan isə şərtlərdən narazı olurlar. Vətəndaşlara tövsiyə  odur ki, yalnız ehtiyat gəlirləri varsa kredit kartlarından istifadə etsinlər. Qeyd edim ki, əmək haqqı və təqaüd bu növ gəlirlərə daxil edilmir. Çünki belə hallar çox baş verir: insanlar işdən çıxarılır və ya sağlamlıq problemləri yaşayır. Ödənişi edə bilmədikdə isə faizlər artır və bank güzəştə getmir."
İqtisadçı hesab edir ki, əgər ailədə 2 və ya 3 şəxs varsa və onlardan birinin əmək haqqı varsa, bu halda kredit götürmək daha məqsədə uyğundur, çünki neqativ hallar baş verərsə, ödəniş qabiliyyəti olacaq:
"Bundan əlavə, əksər insanların düşüncəsində daha bahalı məhsullar almaq və "bəhsə bəhsə girmək" kimi fikirlər var. Amma əgər maliyyə imkanı yoxdursa, cibə uyğun məhsul almaq və ya ikinci əl əşyalar əldə etmək daha düzgün olardı, nəinki qarantisi olmayan işdə çalışıb kredit kartı ilə məhsul almaq. Bu gün böyük əşya və mebel mağazalarının, elektronika mağazalarının girişində kredit kartı ilə ödəniş imkanını reklam edən lövhələr var və bu, alıcıya çox cazibəli gəlir. Lakin qeyd etmək lazımdır ki, etibarlı maliyyə mənbəyi yoxdursa, kredit kartı ilə alış-veriş etmək məqsədə uyğun deyil. İnsan bir gün aldığını dəyərdən aşağı qiymətə satmaq məcburiyyətində qalmasın və icra, məhkəmə işləri ilə özünü yormasın. Bu halda, bank udur, vətəndaş isə uduzur.
Bəzi insanlar soruşa bilər ki, əgər kredit kartı belə yaxşı deyil, onda bütün dünya niyə ondan istifadə edir? Yuxarıda qeyd etdiyim kimi, əgər faizsiz taksitlə ödəniş edilməsi mümkündürsə və şəxsin və ya ailə üzvünün etibarlı maliyyə mənbəyi varsa, bu halda kredit kartı istifadə etmək məqsədə uyğundur. Kredit kartları, ümumiyyətlə, vətəndaşlardan pul çəkmək üçün bir vasitədir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər