Trampın Siyasəti Qlobal İqtisadiyyatı Titrədir – Yeni Risklər Gündəmdə
İqtisadiyyat
633
12:20, Bu gün

Trampın Siyasəti Qlobal İqtisadiyyatı Titrədir – Yeni Risklər Gündəmdə

“Trampın  hakimiyyətə gəlişi ilə   dünya siyasəti ilə paralel dünya iqtisadiyyatı da gərgin bir dövrə qədəm qoyub. Onun  hər gün yeni bir bəyanatla çıxış etməsi iqtisadiyyat üçün çox həssas olan qeyri müəyyənlik məsələsini gündəmə gətirir. Həssas tarazlıqlar üzərində qurulmuş qlobal və lokal iqtisadiyyatlar da bundan mənfi təsirlənir. Bu eyni zamanda gələcək haqqında düzgün proqnoz verilə bilməməsi və rasional gözləntiləri də şübhə altına alır. Bütün bunlar dünya iqtisadiyyatı baxımından ciddi bir qeyri-müəyyənlik və risk faktoru olaraq qiymətləndirilə bilər. Bu baxımdan, gedişat iqtisadi baxımdan müsbət qiymətləndirilə bilməz”.
Bunu Moderator.az-a açıqlamasında iqtisadçı Altay İsmayılov deyib.
 
Onun sözlərinə görə, Tramp tərəfindən aparılan bu siyasət nəticəsində dolların zəifləməsi və ya güclənməsi haqqında dəqiq proqnoz vermək üçün hələ ki, tezdir:
“Çünki qlobal məkanda dolların dəyərinin dəyişməsi birbaşa Trampın hansısa qərarından birbaşa asılı deyil. Bu həm bazarda digər iştirakçıların davranışından, həm də requlyator funksiyasını icra edən orqanlardan asılıdır. Amma  Tramp hazırda başlatdığı ticarət müharibələrinə üstünlük verməyə davam edərsə, eyni zamanda populist siyasətin davamı olaraq fiskal stimul yolunu seçərsə, bu, getdikcə dünyada dollara olan güvəni zədələyə bilər. Bu zaman dolların zəifləmə ehtimalı ola bilər”.
 
İqtisadçı əlavə edib ki, bu gün Amerika və Çin arasında açıq ticarət müharibəsi gedir:
Eyni zamanda,  dollar və yuan arasında  məzənnə müharibəsi   gedir. Lakin yaxın dövr üçün yuanın dünya ticarətində dolları əvəzləmə ehtimalı yoxdur. Dünya ticarəti əksəriyyət etibarilə dollarla aparılır və bu baxımdan  yuanın rolu hələki çox deyil. BRİCS ölkələri dedollarizasiya müzakirələrinə uzun müddətdir  başlasalar da hələki ciddi bir nəticə əldə edilməyib və yaxın dövr üçün bir nəticə verəcəyini gözlənilmir. 
 
Dolların zəifləmə ehtimalının Azərbaycana təsiri barədə danışan ekspert vurğulayıb ki, dollar-manat məzənnəsi bir çox amildən asılıdır:
“Dolların dəyərinin müəyyən səviyyədə dəyişməsi indiyə qədər manat-dollar məzənnəsinə ciddi təsir etməyib, buna bağlı olaraq ciddi bir dalğalanma olmayıb. Eyni zamanda, Azərbaycan tənzimlənən bir kurs siyasəti tətbiq etdiyinə görə dollarla bağlı müəyyən dəyişikliklərin manata birbaşa təsiri olmayıb. İqtisadiyyatımız müəyyən qədər resurs gəlirlərindən asılı olduğuna görə, manat-dollar məzənnəsi daha çox neft və təbii qazın qiymətindən asılıdır. Məsələn, indiki qiymət səviyyəsində hələ ki, Azərbaycanda məzənnə baxımından bir dalğalanma gözlənilmir. Əgər önümüzdəki dönəmdə uzun müddətli bir periodda neftin qiymətində azalma trendi müşahidə olunarsa, o halda məzənnə üzərində təzyiq yaranar və manatın xarici valyuta qarşısında dəyəri düşə bilər. Amma, hazırda  neftin qiymətində ucuzlaşma müşahidə edilmədiyinə görə, Azərbaycan manatı üçün real bir risk gözlənilmir”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər