Bizi sosial şəbəkələrdən izləyin:
Dünya iqtisadiyyatı yeni siyasi və ticarət reallıqları ilə üz-üzədir. ABŞ-da Donald Trampın hakimiyyətə gəlişi, onun proteksionist iqtisadi siyasəti, gömrük tariflərinin artırılması və ticarət müharibələri beynəlxalq bazarda dolların mövqeyini sual altına qoyur. Bir çox investorlar ABŞ valyutasının gələcəyinə ehtiyatla yanaşır, çünki qlobal iqtisadiyyatda yeni güc balansı formalaşır. Xüsusilə, Çin iqtisadiyyatının sürətli inkişafı və yuanın beynəlxalq bazarda güclənməsi dolların hegemoniyasına çağırış hesab edilir. Digər tərəfdən, BRİCS və bəzi digər ölkələr dedollarizasiya siyasətini aktiv şəkildə təşviq edərək ticarət əməliyyatlarında ABŞ valyutasından imtina etməyə çalışırlar. Bu tendensiya nə dərəcədə uğurlu olacaq və dolların beynəlxalq bazarda zəifləməsi reallığa çevrilə bilərmi? Əgər belə olarsa, bu prosesin Azərbaycan iqtisadiyyatına təsiri necə olacaq? Manat üçün yaranacaq risklər nədir?
![](//ssl.moderator.az/file/articles/2025/02/12/1739362339_snimok-ekrana-2025-02-12-161117.png)
Bu barədə Moderator.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, hazırkı iqtisadi göstəricilər manat üçün ciddi bir təzyiqin olmadığını göstərir:
“Mərkəzi Bankın siyasəti ilin sonuna qədər manatın sabitliyini qoruyub saxlamağa yetərli görünür. Milli valyutanın məzənnəsinə təsir edən əsas amillər hazırda manatın möhkəmliyini qoruyacaq səviyyədədir. Lakin devalvasiya ehtimalı hər zaman iqtisadi qeyri-müəyyənliklər fonunda gündəmdə qalır.
Alternativ ölçü vahidi yaratmaq nəzəri cəhətdən mümkündür, lakin reallıqda bu mexanizmi tətbiq etmək çətindir. BRİCS ölkələrinin öz aralarındakı ticarət dövriyyəsi hələlik dolları tam əvəzləyə biləcək səviyyədə deyil. Dedollarizasiya siyasətinin qısa və orta müddətdə real nəticə verəcəyi ehtimalı aşağıdır. Donald Trampın irəli sürdüyü əsas strategiya Amerikanın iqtisadi maraqlarını qorumaqdır. ABŞ və Çin arasındakı ticarət müharibəsi sadəcə iqtisadi maraqların müdafiəsi məqsədi daşıyır və əsl müharibə deyil. Çin iqtisadiyyatının inkişafı əsasən ABŞ-ın xarici iqtisadi siyasətinin nəticəsi olaraq formalaşıb. Trampın siyasəti bu balansı dəyişdirməyə çalışır. Avropa ölkələrindən gələn məhsullara əlavə tariflər tətbiq oluna bilər ki, bu da daxili bazarın genişlənməsinə və ABŞ iqtisadiyyatının optimallaşmasına xidmət edəcək. Bu siyasət nəticəsində dolların məzənnəsi nə bahalaşa, nə də ucuzlaşa bilər, əksinə, optimal səviyyədə tənzimlənə bilər”.
Mehin Mehmanqızı