Hansı hibrid avtomobillər vergidən azaddır?
İqtisadiyyat
389
14:25, Bu gün

Hansı hibrid avtomobillər vergidən azaddır?

Azərbaycanın avtomobil bazarında hibrid modellərin sayı sürətlə artır. 
 
Son beş ildə (2020-2024) idxal edilən hibrid avtomobil sayının bir neçə dəfə artması ölkəmizin avtomobil parkında hibrid modellərinin sayının kəskin dəyişməsinə səbəb olub. Yüksək artım hesabına artıq idxal edilən hər 5 minik avtomobilindən biri hibriddir. 
 
Moderator.az Sfera.az-a istinadla xəbər verir ki, 2020-ci ildə ölkəmizə 5 080 ədəd hibrid avtomobili gətirilmişdi. İdxal edilən hibrid avtomobillərin sayı 2021-ci ildə 12 936 ədədə, 2023-cü ildə 14 098 ədədə, 2024-cü ildə 26 197 ədədə yüksəlib.
 
2020-2024-cü illərin müqayisəsi göstərir ki, ölkəmizə hibrid avtomobillərin idxalı 5,15 dəfə artıb. Ötən il Azərbaycana idxal edilən hər 100 minik avtomobilinin 32-si hibrid olub. Azərbaycanda hibrid avtomobil alışının artması bir neçə səbəblə bağlıdır. Birinci səbəb dünyada hibrid avtomobil istehsalınn artmasıdır. İri şirkətlər hibrid modellərin istehsal sayını artırır və idxalçılar da məcbur olub hibrid avtomobillər idxal edirlər. Bu hal hibrid avtomobillərin idxalı ilə bağlı ümumi səbəbləri formalaşdırır. Digər ümumi səbəb hibrid avtomobillərin yanacaq xərclərinin aşağı olmasıdır. Hibrid modellər benzin və dizel modellərlə müqayisədə 25-30 faiz az yanacaq işlədir. 
 
Azərbaycana hibrid avtomobil idxalının artmasının xüsusi səbəbləri də var. Hibrid avtomobillərə tələbin artmasının xüsusi səbəbi onların idxalının ucuz başa gəlməsidir. Hibrid avtomobillərinin mühərrikinin həcmi kiçik olduğundan idxal zamanı aksiz vergisi və ƏDV ödənişləri azalır.
 
Digər tərəfdən yeni istehsal edilən hibrid avtomobillərin idxalına müəyyən güzəştlər də var ki, bunun hesabına da hibrid avtomobillərin idxal qiyməti benzin və dizel avtomobillərdən daha ucuz olur. Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) 2022-ci il yanvarın 1-dən 4 il müddətinə azaddır. Məcəllənin bu tələbinə görə 2026-cı ilin yanvarına qədər idxal edilən yeni hibrid avtomobilləri (istehsalından 0-3 il keçənlər) ƏDV ödəmədən rəsmiləşdirilir. 
 
ƏDV güzəşti avtomobillərin qiymətinə ciddi təsir edir. Qeyd edək ki, ƏDV avtomobilin gömrük dəyəri, aksiz vergisi, gömrük rüsumu, eləcə də gömrük xidməti ilə bağlı xərclər toplandıqdan sonra yaranan cəmi məbləğdən tutulur. Məsələn, bir benzin avtomobilin cəmi məbləği 50 min manatdırsa ƏDV tətbiq edilənda daha 9 min manat pul ödənilir və ümumilikdə avtomobilin alış və gömrükdə rəsmiləşdirmə xərci 59 min manata yüksəlir. ƏDV tətbiq edilmədikdə isə avtomobilin alış və rəsmiləşdirmə xərci 50 min manat olur. Göründüyü ki, ƏDV-dən azad etmə hibrid avtomobillərinin qiymətinin benzin və dizel avtomobilləri ilə müqayisədə daha aşağı olmasına şərait yaradır.   
 
Bu səbəblərdən son illərdə hibrid avtomobillərin idxalı sürətlə artır və böyük ehtimalla növbəti illərdə minik avtomobillərinin idxalının yarısını hibrid avtomobilləri təşkil edəcək. 
Link kopyalandı!
Son xəbərlər