Ofisdən, yoxsa evdən işləmək yaxşıdır? - İnsan Resursları üzrə konsultant şərh etdi
İqtisadiyyat
473
12:29, Bu gün

Ofisdən, yoxsa evdən işləmək yaxşıdır? - İnsan Resursları üzrə konsultant şərh etdi

COVID-19 pandemiyası bir çox sahələrə təsir etdiyi kimi iş dünyasını da köklü şəkildə dəyişdi. Karantin tədbirləri və sosial məsafə qaydaları səbəbindən milyonlarla insan evdən işləməyə məcbur oldu. Lakin pandemiya bitdikdən sonra da bir çox şirkət bu iş rejiminin üstünlüklərini görərək onu qoruyub saxlamağa qərar verdi. Lakin ekspertlərin fikirincə, şirkətlər balanslı yanaşma seçməli və işçilərin effektivliyini qorumaq üçün uyğun strategiyalar hazırlamalıdırlar. Amerikanın nəhəng şirkətləri işçilərinə evdən işləməyi qadağan ediblər.   “Dell”, AT&T, "Amazon", "Stellantis" və "JP Morgan" kimi şirkətlər  bu ay oxşar siyasətlərə başlayıb və ya elan ediblər. 
Bəs ofisdən, yoxsa evdən işləmək yaxşıdır?
Bu barədə Moderator.az-a danışan “HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə  deyib ki, pandemiya dövrü iş rejiminə tamamilə yeni yanaşma gətirdi:
 “İnsanlar məcburi şəkildə evdən işləməyə keçdilər və bu modelin həm üstünlüklərini, həm də çatışmazlıqlarını yaxından hiss etdilər. Pandemiya yumşaldıqdan sonra isə ofislərə qayıdış başladı, lakin bu proses heç də asan olmadı.
Evdən İşləməyin Üstünlükləri
Vaxt və nəqliyyat problemi aradan qalxır – İşə gedib-gəlmək üçün saatlarla vaxt itirmək lazım olmur. İşçilər səhər daha gec oyanıb, rahat şəkildə işə başlaya bilirlər.
Maliyyə baxımından sərfəlidir – Şirkətlər üçün ofis xərcləri azalır, işçilər isə yolpulu və yemək kimi gündəlik xərclərdən qurtulurlar.
Daha çox fokuslanma imkanı – Düzgün şərait yaradılsa, işçilər evdə daha sakit mühitdə işləyə və məhsuldarlığı artıra bilərlər.
Evdən İşləməyin Mənfi Tərəfləri
İntizamsızlıq və nəzarətin zəifləməsi – Bəzi işçilər verilən tapşırıqları vaxtında yerinə yetirmir, fərdi iş rejiminə tam riayət etmirlər.
Komanda ruhunun azalması – Ofisdə üz-üzə ünsiyyət və kollektiv iş mühiti yox olur, bu da işçilər arasında koordinasiyanı zəiflədir.
Effektiv ünsiyyət problemləri – Ofisdə birbaşa tapşırıq vermək daha asandır, lakin evdən işləyəndə hər bir məsələ üçün onlayn görüşlər təşkil edilməlidir, bu isə vaxt itkisinə səbəb olur.
Şəxsi işlərə yönəlmə – Evdə işləyən işçi gün ərzində bank, həkim və digər şəxsi işlərini həll edə bilir, lakin bu, iş saatlarında diqqətin yayılmasına gətirib çıxarır”.
Konsultant əlavə edib ki, hibrid model ən məntiqli yanaşmadır:
“Pandemiyadan sonra bir çox şirkət tam uzaqdan iş modelini ləğv edərək hibrid sistemə keçdi. Bu sistem işçilərə həftənin müəyyən günlərində evdən, müəyyən günlərində isə ofisdən işləməyə imkan yaradır.
Hibrid modelin üstünlükləri:
İşçi həm ofis mühitinin faydalarından, həm də ev rahatlığından istifadə edə bilir.
Komanda mühiti tam itmədən qorunur.
İşçilər üçün çeviklik təmin olunur.
Onlayn iclaslara ehtiyac müəyyən qədər azalır.
Tam evdən işləmə modeli pandemiya dövrü üçün məqbul olsa da, uzunmüddətli dövrdə iş məhsuldarlığını azalda bilər. Ən optimal yanaşma hibrid modeldir – işçilər həm ev rahatlığından istifadə edə bilər, həm də ofisdə kollektiv iş rejiminin üstünlüklərindən yararlana bilərlər. Pandemiyanın gətirdiyi ən müsbət yeniliklərdən biri də məhz hibrid sistemin inkişafı və onlayn təhsil-təlimlərin geniş yayılmasıdır. Bu, insanlara iş və təhsil proseslərini daha çevik idarə etmək imkanı verir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər