Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı ikinci SOCAR İstiqrazlarının 2025-ci il üzrə 1 milyon 125 min dollarlıq ilk kupon ödənişi fevralın 3-də istiqraz sahiblərinin hesablarına köçürülüb (emissiya prospektinə əsasən, kupon ödənişi tarixi qeyri-iş gününə təsadüf edərsə, ödəniş növbəti ilk iş günü həyata keçirilir.)
Bu barədə Moderator.az “SOCAR Capital” şirkətinə istinadən xəbər verir.
Məlumata görə, 8 ildən artıqdır ki, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna sahib SOCAR İstiqrazlarının 13-cü kupon ödənişi nəticəsində sahiblərinə qazandırdığı gəlir 14 milyon 625 min ABŞ dollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22,5 milyon dollar təşkil edəcək.)
İstiqrazların növbəti kupon ödənişi 2025-ci ilin 1 may tarixində baş tutacaq.
Xatırladaq ki, yanvar ayının 15-dən etibarən SOCAR tərəfindən "yaşıl” enerji layihələrini dəstəkləmək məqsədilə “yaşıl” təyinatlı yeni istiqrazlarının abunə yazılışına start verilib. “Yaşıl” istiqrazların anderrayterliyini “PAŞA Kapital” İnvestisiya Şirkəti edir. SOCAR, “Yaşıl Gəlir, Yaşıl Gələcək” devizi altında buraxdığı bu istiqrazları ilə yerli investorlara etibarlı və stabil gəlir imkanı qazandırmaqla yanaşı, ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafını dəstəkləmək, ölkəmizin “yaşıl” enerji sahəsindəki təşəbbüslərinə töhfə vermək niyyətindədir.
SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən və Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət edə bilərsiniz.
Qeyd etmək istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.