Xəbər verdiyimiz kimi, Azərbaycan və Pakistan arasında milyardlarla dollarlıq investisiya sazişləri imzalanacaq. Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollar dəyərində sərmayə yatırmağı planlaşdırır. Müvafiq investisiya müqavilələri Pakistanın Baş naziri Şahbaz Şərifin ayın sonunda Bakıya edəcəyi səfər çərçivəsində imzalanacaq.
Bu mühüm saziş haqqında Moderator.az-a danışan pakistanlı fəal Qeysər Nəvvab bildirib ki, Azərbaycanın Pakistana 2 milyard dollar sərmayə qoymaq qərarı iki ölkə arasında mövcud olan əlaqələrin inkişafında mühüm mərhələdir:
“Bu sərmayə qoyuluşu əsasən neft və qaz axtarışı, yenilənə bilən enerji və enerji səmərəliliyi kimi sahələrə yönələcək ki, bu da Pakistanın iqtisadi inkişafı və enerji təhlükəsizliyi üçün olduqca vacibdir. Pakistan və Azərbaycan həmişə qarşılıqlı hörmət, diplomatik dəstək və ortaq strateji mənafelər əsasında möhkəm münasibətlər qurmuşlar. Lakin bu sərmayə qoyuluşu ənənəvi diplomatik əlaqələrdən iqtisadi tərəfdaşlığa doğru dəyişiklik kimi qiymətləndirilə bilər ki, bu da hər iki ölkə üçün mühüm faydalar gətirə bilər. Pakistan üçün bu sərmayə enerji çatışmazlığının aradan qaldırılmasına, bahalı yanacaq idxalından asılılığın azaldılmasına və yeni iş yerlərinin yaradılmasına kömək edə bilər. Azərbaycan isə Cənubi Asiyada iqtisadi nüfuzunu genişlədə, ticarət yollarını gücləndirə və Pakistan üçün əsas enerji tərəfdaşı kimi öz mövqeyini möhkəmləndirə bilər”.
Qeysər Nəvvab əlavə edib ki, enerji, Pakistanın ən böyük çətinliklərindən biridir:
“Ölkə xarici valyuta ehtiyatlarının əhəmiyyətli bir hissəsini neft və qaz idxalına sərf edir ki, bu da iqtisadiyyat üzərində təzyiq yaradır. Azərbaycanın neft və qaz axtarışı sahəsindəki təcrübəsi Pakistanın öz resurslarını inkişaf etdirməsinə, xərcləri azaltmağına və enerji müstəqilliyi əldə etməsinə kömək edə bilər. Eyni zamanda, yenilənə bilən enerjiyə qoyulan sərmayə də müsbət bir addımdır. Pakistan təmiz enerji, o cümlədən günəş, külək və hidroenerji layihələri üçün iddialı hədəflər qoyub. Azərbaycanın dəstəyi ilə Pakistan daha yaşıl bir gələcəyə doğru irəliləyə bilər və eyni zamanda vətəndaşları üçün əlverişli qiymətə elektrik enerjisi təmin edə bilər”.
Bu sövdələşmənin geosiyasi əhəmiyyətinin olduqca böyük olduğunu deyən pakistanlı fəal qeyd edib ki, Pakistan və Azərbaycan həmişə əsas beynəlxalq məsələlərdə bir-birini dəstəkləyiblər:
“Pakistan Qarabağ münaqişəsi zamanı Azərbaycanın yanında durub, Azərbaycan isə bunun müqabilində Cammu və Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyib. Bu sərmayə qoyuluşu onların qarşılıqlı inamını daha da dərinləşdirir və ittifaqını gücləndirir. Bundan əlavə, Pakistanın strateji mövqeyi onu Cənubi Asiya, Yaxın Şərq və Mərkəzi Asiyanın qapısına çevirir. Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) və Qvadar Limanı kimi layihələrlə Pakistan qlobal ticarət üçün mühüm mərkəzə çevrilir. Orta Dəhlizdə (Avropanı Asiya ilə birləşdirən ticarət yolu) əsas rol oynayan Azərbaycan isə bu sərmayə vasitəsilə regional bazarlara çıxışını genişləndirə bilər. Bu 2 milyard dollar sərmayə daha geniş iqtisadi əməkdaşlıq üçün qapı aça bilər. Potensial sahələrə enerjidən kənar texnologiya, kənd təsərrüfatı və infrastruktur inkişafı, Azərbaycan şirkətlərinin Pakistan şirkətləri ilə birgə fabriklər, neft emalı zavodları və texnoloji mərkəzlər qurması, həmçinin tələbə mübadiləsi proqramları, turizm və birgə biznes nümayəndəlikləri vasitəsilə insanlar arasında əlaqələrin gücləndirilməsi daxildir”
Qeysər Nəvvab onu da əlavə edib ki, bu tərəfdaşlığın uğur qazanması üçün hər iki hökumət şəffaflığı, normativ dəstəyi və razılaşmaların səmərəli icrasını təmin etməlidir:
“Düzgün planlaşdırma və məsuliyyət bu əməkdaşlığın faydalarını maksimuma çatdırmaq üçün əsas şərtdir. Azərbaycanın sərmayəsi Pakistanə olan inamın və iqtisadi etimadın artdığının göstəricisidir. Əgər bu proses səmərəli şəkildə idarə olunarsa, bu təkcə Pakistan-Azərbaycan tərəfdaşlığını gücləndirməyə deyil, həm də regional sabitliyə, rifaha və davamlı inkişafa töhfə verəcəkdir”.
Mehin Mehmanqızı