Bizneslərin iflasına aparan yol: Daxili, yoxsa kənar səbəblər? - Müsahibə
İqtisadiyyat
524
11:15, Bu gün

Bizneslərin iflasına aparan yol: Daxili, yoxsa kənar səbəblər? - Müsahibə

 Bizneslərin sürətli böyüməsinə dəstək olan “ConsultsPlus” MMC-nin təsisçisi və direktoru Asif Əzizovun Moderator.az-a müsahibəsini təqdim edirik:
 
– Asif bəy, iqtisadiyyat üçün kiçik və orta sahibkarlıq anlayışı nədir? 
– Toxunduğunuz mövzu həm dünyada, həm də ölkəmizdə aktual mövzulardandır. Belə bir deyim var, “kiçik və  orta biznes iqtisadiyyatın onurğa sütünudur”. Bu ifadə kiçik və orta bizneslərin iqtisadiyyat üçün nə qədər zəruri olduğunu özündə tam ehtiva edir. Yəni kiçik və orta biznesin iqtisadiyyatda payı artdıqca, iqtisadiyyat daha güclü və dayanıqlı olur. 
Çin, ABŞ, Fransa İtaliya Türkiyə və.s kimi qabaqcıl iqtisadiyyatlarda kiçik və orta biznesin ÜDM-də payı 50% üzərindədir. Əhalinin isə 60%-70%  kiçik və orta bizneslərdə çalışır. Azərbaycanda bu göstərici 20%-25% ətrafı dəyişir. Bu göstərici artdıqca təbii iqtisadiyyatımız da daha möhkəm və dayanıqlı olacaqdır.
– Qeyd etdiyiniz terminlə desək, «iqtisadiyyatın onurğa sütünu»nda işlər hər zaman yaxşı getmir. Bizneslər ara- sıra iflasa uğrayır. Buna səbəb olan amillər nələrdir? 
– Çox maraqlı və praktik sualdır. İqtisadiyyatın onurğa sütünunu qorumaq həm dövlətin, həm də biznes sahiblərinin əsas vəzifələrindən biridir. Bu mənada bizneslərin iflas səbəblərini ümumiləşdirib iki - daxili və kənar səbəblərə ayıra bilərik. Kənar səbəbləri biznes sahibləri idarə edə bilmirlər, bu onların özlərindən asılı deyil. Məsələn, bazara güclü rəqibin daxil olması, yeni məhsulun təqdim olunması, qanunvericiliyin dəyişməsi, requlyativ tələblərin sərtləşməsi, devalvasiya, vergi, gömrük tariflərin kəskin artması və s. Kənar səbəbləri idarə etmək mümkün olmadığından biznes sahibləri potensial riskləri nəzərə alıb əvvəlcədən dayanıqlı olmağa çalışmalıdırlar. Təəssüf ki, hər biznes sahibi bunu etməyi bacarmır. Burada dövlətin dəstəyi ilə sahibkarın durumu arasında düz mütənasibliyin olması danılmazdır. Belə ki, bizneslərə müxtəlif müstəvilərdə (qanun, vergi, gömrük, tarif və s.) dəstək, makro səviyyədə risklərin qarşısını almaq, dövlət tərəfindən həm iqtisadiyyatın onurğa sütununu qorumağa, həm də kiçik bizneslərə dəstək olmağa yönəlmiş mühüm addımlardandır. Bizneslərin iflasına səbəb olan daxili amillər isə birbaşa sahibkarın özündən asılıdır. Qüsurlu idarəetmə, qeyri-effektiv qərarlar, zəif və ya “heç” strateji planlama, gəlir və xərclərin düzgün idarə edilməməsi, yeniliklərə açıq olmama, trendləri izləməmə, qabaqcıl nümunələri görməməzdən gəlmə, öyrənməkdən imtina, komanda qura bilməmə, rəqabətdə uduzma və s. qeyd etdiyimiz və etmədiyimiz səbəblər bizneslərin hansısa mərhələdən sonra iflasa səbəb olur.
 
– Kənar amillərlə bağlı hər hansı bir nümunə qeyd edə bilərsinizmi?
– Əlbəttə, baxın son illər ərzində UBER və BOLT kimi kənar oyunçuların yerli bazara daxil olması taksi biznesini köklü dəyişdi. Rəqabətə uduzan kifayət qədər taksi şirkəti bağlanmış oldu. Hazırda Trendyol, AliExpress, Temu,  Amazon, Ebay, Wieldberries kimi qlobal oyunçuların yerli bazarda pay uğrunda mübarizəsinə şahid oluruq. Bunlar hamısı kənar faktorlardır. Biznes sahibləri öz sahələrində trend yaratmağa çalışmalıdırlar, əgər bunu edə bilmirlərsə, ən azı mövcud trendləri izləməlidirlər və geri qalmamalıdırlar. 
 
– Şirkət idarəçilərinin və rəhbər şəxslərin buraxdığı əsas səhvlər nələrdir? Bunları necə aradan qaldırmaq olar?
– Biznesin idarə edilməsini iki hissəyə bölmək olar. Strateji və funksional idarəetmə. Bu iki element təmin olunduqda idarəetmə kamildir, demək olar. Təəssüf çox vaxt bizdə idarəetmə deyiləndə yalnız funksional idarəetmə başa düşülür. Yəni, işin detallarını bilmək, yaxşı komanda formalaşdırmaq, işçiləri idarə edə bilmək, sifarişləri vaxtında yerinə yetirmək və s. Bunlar hamısı əladır və olmalıdır da. Amma bunun yanında strateji idarəetmə olmadıqda idarəetmə naqis olur. Yəni sahibkar bütün günü çalışmasının nəyə nail olmaq üçün etdiyinin fərqində olmalıdır. Bu mənada deyə bilərəm ki, biznes sahiblərinin etdikləri əsas səhvlərdən biri elə budur. Bunu aradan qaldırmaq üçün də, biznes sahibi ilk növbədə funksional idarəetmədən ayrılmalıdır. Çox vaxt bunun etməyin mümkünsüz olduğunu deyirlər. Amma biznes sahibi anlasa ki, onun biznesinin gələcəyini ondan başqa heç kəs düşünməyəcək ilk etdiyi iş elə funksional idarəetmədən kənarlaşıb strateji idarəetməyə keçmək olacaq. 
 
– Funksional və strateji idarəetmə qeyd etdiniz. Biznesin rəqəmsallaşması, strateji idarəetməyə aiddir ya funksional idarəetməyə?
– Strateji idarəetməyə. Rəqəmsallaşmaya keçid özü özlüyündə strateji hədəfdir. Təbii, nəticədə funksional idarəetməni, xidmətlərin təqdim olunmasını asanlaşdırmış olur. Qərarvermə baxımından isə bu funksiya biznes sahibinin məsuliyyətindədir. Yəni, biznes sahibi strateji olaraq rəqəmsallaşmaya gedirik deməsə, biznes ənənəvi xidmət etməkdə davam edəcək. Günümüzdə baş verənləri də nəzərə alsaq, klassik biznes olaraq iflas riski ilə üz üzə qalmış olacaq. 
 
– Maliyyə böhranları və inflyasiya kimi makroiqtisadi amillər şirkətlərin fəaliyyətinə təsir edir?
– Bir az öncə qeyd etdiyim kimi, bu iqtisadiyyatın onurğa sütununun hansı həddə sağlam olmasından birbaşa asılıdır. Onurğa sütunu möhkəm olduqda, böhranlara da dayanıqlı olacaq. Zəif olduqda - kənar və ya daxili səbəblərə görə fərq etməz -  böhranlar qarşısında da zəif olacaq. Ümumikdə son 15-20 ildə dünya və həmçinin ölkəmiz kifayət qədər böhranlar yaşayıb. Bizneslər kifayət qədər sınaqlardan keçə biliblər. Bu sınaqlarda möhkəmlənənlər də olub, təəssüf iflas olan bizneslər də olub. Təbii heç kəs böhranlı günlər arzulamaz, amma bu faktdır ki, böhran zamanı iqtisadiyyatın bütün sahələri çöküş yaşamır. Bir tərəfdə azalmalar baş verirsə, digər tərəfdə artımlar müşahidə olunur. Yəni, insanların preferensiyaları dəyişir, hamı xərclərinə, həyat tərzinə yenidən baxır, bazarda yeni tələblər, trendlər yaranır. Bu mənada biznes sahibləri böhram zamanı hər şey bitdi deyib durmamalı, yeni tələbləri öyrənib ona uyğun təkliflər formalaşmalıdırlar. Elə qısa axtarış versək, COVİD dönəmində nə qədər yeni bizneslərin yarandığının şahidi ola bilərik. 
 
– Sonda, yeni şirkət qurmaq istəyənlər üçün ən vacib tövsiyələr hansılardır ki, iflas riskini minimuma endirsinlər?
– Çox çətin və məsuliyyətli sualdı. Qısa olaraq onu deyə bilərəm ki, ilk dəfə biznes quran, bacarırsa və buna imkanı varsa, biznesə sıfırdan başlamasın. Mövcud bizneslərlə anlaşıb hansısa bir qolunu inkişaf etdirsin.  Çünki, mövcud biznes artıq test olunmuş, sınaqdan keçmiş yaşayan biznesdir. Onun iflas riski test olunmayan biznesdən daha azdır. Bunu edə bilmirlərsə, çoxlu araşdırma etsinlər. Dostlardan, yaxınlardan biznesdə təcrübəsi olan adamlardan məsləhət alsınlar. Heç qəliz metodlara getməyə də ehtiyac yoxdur. 20-30 ya 50 sahibkar ilə danışsınlar, onlardan soruşsunlar. Məsələn “mən filan yerdə filan mal/xidmət satmaq istəyirəm, sizcə işləyər?”, “nələrə diqqət etsəm yaxşıdı?”, “ilk olaraq nədən başlasam yaxşı olar?”. İnandırım sizi, 50 sahibkardan fikir almaq hər bir binzes qurmaq istəyən adamın fikirlərini dəfərlərlə zənginləşdirəcəkdir. Bir də biznesdə ilk addımlarını atan sahibkarlar maksimum dərəcədə bazarda test olunmayan biznes ideyalardan uzaq dursunlar. Çünki hansısa bazarda uğurlu olan biznes ideya, bizim bazarda uğursuz ola bilər. 
 
Mehin Mehmanqızı
 
 
 
 
Link kopyalandı!
Son xəbərlər