Azərbaycanın neft və qaz gəlirlərində böyük azalma - Səbəb nədir?
İqtisadiyyat
429
16:16, Bu gün

Azərbaycanın neft və qaz gəlirlərində böyük azalma - Səbəb nədir?

Azərbaycanın neft-qaz ixracından gəlirləri  azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanın  xarici ticarət dövriyyəsinin  26 milyard 554 milyon dolları ixracın payına düşüb. İllik müqayisədə ixracda 7 milyard 339 milyon (21,7%) dollar azalma baş verib. 2023-cü ildə ixrac 33 milyard 898,6 milyon dollar həcmində olub.  Neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 23 milyard 197,5 milyon dollar təşkil edib. Bu da illik müqayisədə  7 milyard 353 milyon  dollar və ya 24% azdır. 2023-cü ildə Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 30 milyard 550,5 milyon  dollar təşkil etmişdi. 2024-cü ildə Azərbaycanın neft-qaz sektoruna daxil olmayan mallar üzrә ixracının cəmi dəyəri 3 milyard 356 milyon dollara bərabər olub. Bu da 2023-cü ilin göstəriciləri ilə müqayisədə 8 milyon 461 min dollar və ya 0,3% çoxdur. 2023-cü ildə isə qeyri-neft ixracı 3 milyard 348 milyon min dollar təşkil etmişdi.
 
Bəs Azərbaycanın neft-qaz ixracından gəlirlərin azalmasının əsas səbəbləri hansılardır? Azərbaycanın neft-qaz gəlirlərinin azalmasını kompensasiya etmək üçün hansı addımlar atılmalıdır? Neft-qaz gəlirlərinin azalması dövlət büdcəsinə və sosial proqramlara necə təsir göstərə bilər?
Bu barədə Moderator.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycanın neft -qaz gəlirlərinin tədricən azaldığını bildirib.
Onun sözlərinə görə, ölkənin gəlirinin “onurğa sütunu”nu təşkil edən neft ehtiyatları azalır:
“Bu da təbiidir, çünki müstəqillik illərində həcmcə kiçik sayılan cəmi 1 neft yatağı (“Qarabağ”) kəşf edilib. O da hələ istismara verilməyib. Yəni “neft eramızın sona yaxınlaşması” deyimi bir həqiqətdir. Təbii ki, neft hasilatı və ixracı azaldıqca, bu sahədən gəlirlər azala -azala da gedəcək. Sadəcə bunun sürətinə təsir edən amil dünya bazarlarındakı qiymətlər olacaq. Azərbaycan artıq iki ildir ki, milyon tondan artıq neft idxal edən ölkəyə çevrilib. Rəsmi statistikaya əsasən, 2024-cü ilin 11 ayında Azərbaycan qonşu ölkələrdən (Rusiya), o cümlədən Xəzər dənizi ilə qonşu ölkələrdən (Qazaxıstan və Türkmənistan) nə az, nə çox 1,7 mln tondan artıq neft idxal edib. Azərbaycan həmçinin neft məhsulları da idxal edir. Ötən ilin 11 ayında Azərbaycan təkcə yanacaq idxalına 300 milyon dollardan çox vəsait xərcləyib”.
 
İlham Şaban xatırladıb ki, Azərbaycanın hasilatın pay bölgüsü sazişlərindən əldə etdiyi gəlirlərin zirvə dövrü 2011-ci ilə təsadüf edib. Bu 19 milyard dolları aşan bir mənfəət idi. 2024-cü ildə isə bu göstərici 6,5 mlrd ətrafında olub:
“İnsanların bir qisminin təlaş içərisində  “neft olmasa, biz neyləyəcəyik” sualına “biz batacıq” kimi qısa cavabı yersizdir. Çünki neft gəlirləri zirvə nöqtəsindəki göstəricilərdən hazırda 3 dəfə azalıb, amma “batmamışıq axı”. Torpaqlarımız  işğaldan azad edilib, ərazi bütövlüyümüzün tam bərpasına da nail olmuşuq və qurub-yaratmaq sahəsindən də geri qalmamışıq: məgər indiki Azərbaycanın iqtisadi vəziyyəti 10 il və ya 5 il əvvəlkindən gerimi gedib, insanların sosial durumu daha çətinləşib? Təbii ki, yox.  Elə isə neft gəlirlərinin azalmasını nəyin hesabına müəyyən qədər qarşılaya bilmişik? Burada bir neçə istiqamət var:
1) Neft gəlirlərinin idarə  edilməsindən (bu işlə Neft Fondu məşğul olur) qazanc ildə 4-5 mlyard dollar səviyyəsinə qədər artıb;
2) Qeyri-neft sektorunun ixracda payının artması və illik 3 mlrd dollar səviyyəsini aşması;
3) Son 10 ildə Azərbaycanda vergi mədəniyyətinin artımı nəticəsində gəlirlərin hiss ediləcək səviyyədə artımı. Yəni insanın gəliri varsa, ondan vergi ödənilməsi normal hal kimi qəbul edilməyə başlanılıb. Bunu əvvəllər etmək niyə problemli idi? Çünki Sovet dövrünün ətalətindən birdən qurtulmaq mürəkkəb idi”.
Ekspert deyir ki, dövlətin inkişafı üçün onun vətəndaşlarının gəlirlərinin artımı, özü də ilbəil, stabil olmasa belə - bu  gəlirinin artımı o deməkdir ki,  onun iş təminatı var, işi varsa, demək işlədiyi obyektin gəlirliyi var ki, bazarda duruş gətirir və vətəndaşın gəlirliyi artdıqca onun büdcəyə ödənişləri hesabına dövlət də varlanır və paralel olaraq onun qüdrəti də artır:
“Dövlət də hiss edir ki, onun qüdrəti tükənən resurs hesabına deyil, vətəndaşının rifahının (bilik və bacarıqlarının ) yüksəlməsi hesabınadır. Hələ ki, resurs iqtisadiyyatından yaxa qurtara bilməmişik. Resurslarımızı kapitala çevirmək məsələsində də inkişaf etmiş ölkələrdən  geri qalmışıq. Ona görə də keçid dövrünü yaşayırıq. İstər enerji keçidi olsun, istər dövlət iqtisadiyyatından tam formalaşan bazar iqyisadiyyatı - bu, ağrılı (yəni hamını razı salmaq olmur) və kapital tələb edən bir işdir.
Azərbaycanın neft və qaza boylanmadan inkişafı üçün ilk növbədə əmək məhsuldarlığının artımında irəliləyişə nail olmaq gərəkdir. Yəni işçi, şirkət, dövlət müəyyən zaman hədlərində (1 saat, 1 gün, 1 ay, rüb və il) qazancını  necə artırmaq yolunu tapmalıdır. Bunun üçün idarəçilikdə (yenə də həm dövlətdə, həm icra orqanlarında, həm şirkətlərdə - fərqi yoxdur böyükdür ya daha kiçik) islahatların böyük rolu var. Çünki onun nəticəsində bizim bazarda əmək və kapital arasındakı münasibətlər elə bir mühit formalaşdırmalıdır ki, hər bir fərd işləmək məsələsinə “biyara getmək” kimi yox, özünün imkanlarının tətbiqi və digərlərindən seçilmək kimi baxa bilsin. Niyə onilliklər boyu filan ölkələr dünyanın ən firavan dövlətləridir sualının cavabı dediyim məsələlərin həllindən keçib və biz də nəticəyə çatmaq üçün ən yaxşılarına can atmalıyıq”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər