"Ukraynada müharibə başlayan 2022-ci ildən bu günə qədər Gürcüstandan Avropa ölkələrinə neft ixracı 15 dəfə artıb..."
Gürcüstanın "Here’s the fact" Araşdırmaçı Jurnalistlər Birliyi "Görünməz yük" - Rusiyadan Avropaya sanksiya olunmuş neft marşrutu" adlı araşdırmasını dərc edir.
Moderator.az-ın "Qruziya onlayn" nəşrinə istinadla təqdim etdiyi araşdırmada deyilir ki, söhbət sanksiyalara məruz qalan neftin Rusiyadan Avropaya ixracından və bu sxemdə Gürcüstanın rolundan gedir.
Jurnalistlərin məlumatına görə, 2023-2024-cü illərdə Gürcüstandan İspaniyaya ümumilikdə 49 milyon avro dəyərində 99 min ton gürcü (!) nefti gəlib.
Araşdırmaçı jurnalistlər bu təklifdə iki şübhəli hal müəyyən ediblər:
-Gürcüstan o qədər də neft hasil etmir;
-Bu ixrac məlumatları Gürcüstan Milli Statistika İdarəsinin (Sakstat, Qruzstat - red.) məlumat bazasında öz əksini tapmayıb, ancaq İspaniya məlumat bazasında var.
Araşdırmaçı jurnalistlərdən ibarət qrup bunun necə izah oluna biləcəyi ilə maraqlanıb: bu, sadəcə olaraq, məlumat bazalarına sızan texniki səhvdir, yoxsa Avropaya neft ixracı qadağan edilən və sanksiya tətbiq edilən məhsulun ixracı üçün alternativ yollara ehtiyacı olan Rusiyanın bütün bunlara müdaxiləsidir?
Məlumdur ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü artıq üçüncü ildir ki, davam edir. Təcavüzkarı zəiflətmək üçün sivil dünya ona qarşı sanksiyalar tətbiq edib. Məqsəd iqtisadiyyatı çökdürmək və nəticədə Rusiya Federasiyasının döyüş qabiliyyətini məhdudlaşdırmaq olub.
2022-ci ilin dekabrından etibarən Rusiya neftinin Avropa ölkələrinə satışı mərhələli şəkildə qadağan edilib.
2022-ci ilin sonundan etibarən Rusiyadan birbaşa Avropaya neft idxalı 24%-dən 4%-ə qədər azalıb. Araşdırmaçılar təklif ediblər ki, bu, Rusiyanın artıq neft sata bilməyəcəyi və əsas faydalı qazıntılar ehtiyatını itirməsi demək deyil.
Onlar hesab edirlər ki, sxem daha incə düşünülmüşdür. Sanksiyalara görə ruslar qeyri-ənənəvi, yeni marşrutlara və satış bazarlarına keçməli olublar. Yəni sanksiyaya məruz qalan məhsulu satmaq üçün dolayı yollar tapıblar.
Rusiya-Avropa istiqaməti “Rusiya – üçüncü ölkə – Avropa” sxeminə keçib. Yük eyni qalıb.
“Bu barədə sizə əvvəllər demişdik ki, Gürcüstan ərazisi Rusiya üçün “qara dəlik”dir və Rusiya sanksiyalardan yayınmaq üçün bundan uğurla istifadə edir.
Rusiyaya sanksiyalara məruz qalan bahalı avtomobillər və sonradan döyüş meydanında istifadə olunan (son məhsul kimi - red.) ikili təyinatlı əşyalarla necə təmin etdiyimizi izah etmişdik. İndi sizə Gürcüstan ərazisinin təkcə Rusiya tədarükçüsü deyil, həm də ticarət vasitəçisi funksiyalarını necə mənimsədiyini söyləyəcəyik.
Əgər indiyə qədər Avropadan sanksiya tətbiq olunan məhsulların Gürcüstan üzərindən Rusiyaya daxil olduğunu eşidirdiksə, indi deyə bilərik ki, Rusiyadan da sanksiya tətbiq olunan məhsullar Gürcüstan üzərindən Avropaya daxil olur.
Beş ay ərzində biz Gürcüstanın, beynəlxalq və Avropa ölkələrinin rəsmi statistikasını öyrəndik, dörd müstəqil məlumat bazasından minlərlə məlumat bazaslnı müqayisə etdik, neft idxal edən və ixrac edən şirkətləri araşdırdıq, Rusiya yüklərinin Gürcüstan ərazisindən dəmir yolu və dəniz nəqliyyatı ilə daşınmasına nəzarət etdik və bir sıra ekspertlərlə müsahibələr apardıq. Və nəhayət məlum oldu ki:
• Ukraynada müharibə başlayan 2022-ci ildən bu günə qədər Gürcüstandan Avropa ölkələrinə neft ixracı 15 dəfə artıb;
• Ukraynada müharibə başlayandan sonra Rusiya Gürcüstana həm dəniz, həm də dəmir yolu ilə neft idxal etməyə davam edir;
• "Sakstat" (Georgiastat- dövlət statistika xidməti – red.) tərəfindən dərc edilən Gürcüstandan Avropaya neft idxalı və ixracına dair rəsmi məlumatlar BMT-nin rəsmi beynəlxalq ticarət məlumat bazası və digər mötəbər məlumat bazalarının məlumatları ilə üst-üstə düşmür;
• Gürcüstan tərəfi tərəfindən rəsmi qeydiyyatdan keçmiş neft və neft məhsulları getdikcə daha çox Rusiyadan Gürcüstana gəlir;
• “Gürcüstanınkı” kimi Avropada Gürcüstanın istehsal etdiyindən daha çox neft və neft məhsulları satılır”, – jurnalist araşdırmasında belə deyilir.
S.Laçın