Pulu harda saxlamaq daha təhlükəsizdir? - Rəy
İqtisadiyyat
356
14:33, Bu gün

Pulu harda saxlamaq daha təhlükəsizdir? - Rəy

Əvvəllər pul  saxlamaq üçün ən güvənilən yer bank kartları hesab olunurdu. Son günlər dələduzluq halları çoxaldığından insanlar pullarını kartlarında saxlamağa ehtiyat edirlər. Cibgirlər rəqəmsal dövrdə dünyanın istənilən yerində bank kartlarından pul çəkə bilirlər. Belə olduğu halda əksəriyyətini  maraqlandıran sual gündəmə gəlir. Pulları harda saxlamaq daha təhlükəsizdir? 
 
Bu barədə Moderator.az-a danışan iqtisadçı Günay Həsənova deyir ki, bank sektoru müəyyən kütlə arasında etibarlı sayılır:
 “Lakin əhalinin bir qisminin də banka etibar etməməsinin öz haqlı səbəbləri var. 1990-ci ildə kütləvi səkildə banka qoyulan pullar batdı, bu gün isə kütləvi  oğurluq halları artıb. İnsanlar bunu sosial şəbəkə, televiziyalardan görür, hətta canlı şahidi olanlar da  var. Oğurluq halları bütün banklarda  deyil, əsasən təhlükəsizlik tədbirləri zəif olan banklarda baş verir”.
 
İqtisadçı hesab edir ki, bank daxili əməkdaşlar bəzən məlumatı sızdırır, cinayətkar qrupla əlbir olur:
“Niyə başqa banklarda belə hallar baş vermir? Əgər bu iddialar əsassızdırsa, onda niyə banklar məsuliyyətdən yayınır? Hər gün artan şikayətlərə baxmayaraq, konkret tədbirlər görülmür. Maraqlıdır ki, nə üçün depozit hesabında yüz minlərlə vəsaiti olanların pulu oğurlanmır, amma sadə vətəndaşların pulu hədəfə alınır. Vətəndaşlar sosial şəbəkələrdə bankların  renkinqinə, illk mənfəət tablosuna baxsınlar.  Hansı bankdan daha çox şikayət gəlir, problem həll olunurmu ? Bank kartının məlumatlarini,(cvv kodu) heçkəslə paylaşmasınlar. Ehtiyac olmadıqca bank tətbiqini telefonlarına yükləməsinlər”.
 
G.Həsənova diqqətə çatdırıb  ki, vətəndaşlar vəsaitlərini  daha etibarlı bankda saxlasınlar:
“Bank sistemində kibertəhlükəsizlik müştərilər üçün əsas prioritetlərdən biridir. Bu gün Türkiyə İş Bankası kimi qabaqcıl banklar müştərilərinə yüksək səviyyədə təhlükəsizlik təminatı verir. Məsələn, bu bankın tətbiq etdiyi təhlükəsizlik mexanizmlərinə görə, müştərinin cihazına hər hansı zərərverici proqram yüklənsə belə, hesablarındakı pulların qorunması təmin edilir. Bank bunu xüsusi bir bildiriş ilə istifadəçilərinə bildirir və bu da müştərilər arasında güvən yaradır. Azərbaycanda isə bu cür qabaqcıl təhlükəsizlik tədbirləri geniş yayılmayıb. Yalnız bəzi banklar müəyyən dərəcədə bu yanaşmanı tətbiq edir, lakin, ölkə banklarının əksəriyyəti bu sahədə ciddi çatışmazlıq nümayiş etdirir. Azərbaycan banklarının təhlükəsizlik sistemləri həm texnoloji, həm də idarəetmə baxımından yetərli səviyyədə deyil. Türkiyə İş Bankası kimi nümunələr göstərir ki, banklar kibertəhlükəsizlik risklərinə qarşı həm müştərilərini qorumağa, həm də onların inamını artırmağa çalışır. Ən maraqlısı isə bu təhlükəsizlik tədbirlərinin yalnız texnoloji inkişafla deyil, həm də müştəri xidmətlərində şəffaflıqla əlaqələndirilməsidir. Hətta müştəri xarici mənbədən zərərverici linkə daxil olsa və ya təhlükəli proqram yükləsə belə, Türkiyə İş Bankası müştərinin maliyyə təhlükəsizliyini təmin edir. Azərbaycanda bu cür yanaşma, təəssüf ki, hələ geniş tətbiq olunmur. Nəticədə, vətəndaşlar həm kiber cinayətkarlıq riskinə, həm də bankların zəif təhlükəsizlik sistemlərinə görə zərər görürlər. Azərbaycan banklarının çoxunda belə bir sistemin olmaması ciddi suallar yaradır. Həmçinin, bəzi bank nümayəndələri xarici banklarda da oxşar problemlərin olduğunu iddia etsələr də, faktiki məlumatlar göstərir ki, inkişaf etmiş ölkələrdə bu tədbirlər daha yüksək səviyyədədir. Banklar müştərilərinin təhlükəsizliyini qorumaq üçün əlavə tədbirlər görməlidirlər. Azərbaycan banklarında müştəriyə verilən qoruma zəmanəti yetərli deyil. Halbuki, müştərilər banklara etibar etməklə, onlara öz şəxsi və maliyyə məlumatlarını əmanət edirlər. Banklar bu etimadı doğrultmalıdır”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər