Bizi sosial şəbəkələrdən izləyin:
Bəzən bilmədən başqasının kartına pul göndəririk. Kiçik bir səhv nəticəsində belə hallar baş verə bilər və bu, həm maliyyə, həm də hüquqi problemlərə yol aça bilər. Belə vəziyyətlərdə itkinizi minimuma endirmək və hüquqlarınızı qorumaq üçün hansı addımları atmağın lazım olduğunu bilmək vacibdir.
Bəs səhvən başqasına pul göndərdikdə onu necə geri qaytarmaq olur?
Bu barədə Moderator.az-a danışan iqtisadçi Rəşad Həsənov deyir ki, əgər vətəndaş ödənişi səhvən başqasına göndərirsə, bu zaman bir neçə vasitədən və alətlərdən istifadə etməklə müvafiq ödənişi geri tələb edə bilər. Burada bir neçə yanaşma diqqəti cəlb edir:
“Vətəndaş istifadə etdiyi xidmətin növündən asılı olaraq, yəni onlayn və yaxud da oflayn xidmətlərdən istifadə edib xidməti təmin edən şirkətə müvafiq ödənişin həyata keçirilməsi ilə əlaqədar səhvliyi təqdim edir və həmin ödənişin yenidən balansa qaytarılması tələbini irəli sürür. Əgər ödəniş terminallarından həyata keçirilibsə, ödəniş terminalları xidmətləri göstərilən şirkətlərə onların üzərində qeyd olunan nömrələrə müraciət etməklə və yaxud da terminalın təqdim etdiyi digər xidmətlərdən istifadə etməklə müraciəti yönləndirə bilərlər. Əgər əməliyyat bankların təqdim etdiyi rəqəmsal bankçılıq xidmətləri və ya müvafiq mobil tətbiqlər vasitəsilə həyata keçirilibsə, tətbiqlərdə təklif olunan avtomatlaşdırılmış botlar vasitəsilə problemlərini çatdıraraq ödənişin geri qaytarılmasını tələb edə bilərlər. Hər hansı bir anlaşılmazlıq olduğu təqdirdə müvafiq banklara, bankların qaynar xətlərinə müraciət edərək ödənişin geri qaytarılması tələbini əsaslandırılmış formada təqdim edə bilərlər. Əgər bu mərhələdə problem həllini tapmırsa, artıq müraciət mülki məsələ olaraq məhkəmələrə yönləndirilir. Məhkəmələrə müraciət etməklə vətəndaşlar onlar tərəfindən texniki səbəbdən səhvlik olaraq başqasına ödənilmiş vəsaitin geri qaytarılması iddiası ilə tələb irəli sürə bilərlər və bunlar sübut olunduğu halda, əksər hallarda vəsait vətəndaşa geri qaytarılır”.
Mehin Mehmanqızı