Azərbaycan bir çox beynəlxalq dəhlizin keçdiyi nəqliyyat habına çevrilməkdədir. Son illərdə ölkə ərazisindən keçən tranzit daşımaların həcmi artmaqdadır. Yerləşdiyi coğrafi şərait, eyni zamanda aparılan düşünülmüş və uğurlu siyasət nəticəsində Azərbaycan bir çox transmilli layihələrin həm təşəbbüskarı, həm də birbaşa iştirakçısı olub. Bütün bunlar iqtisadiyyatın şaxələndirilməsinə şərait yaratmaqla, ölkəmizi regionun əsas nəqliyyat-logistika mərkəzinə çevirib. Bu istiqamətdə bir çox meqalayihə həyata keçirən ölkəmizdə "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı" təsdiq olunub. Bu plandan irəli gələn işlərin monitorinqinin aparılması aparıcı beyin mərkəzi olmaqla yanaşı, monitorinq və qiymətləndirmə institutu kimi fəaliyyət göstərən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) həvalə edilib.
Mərkəz tərəfindən bu ildən aparılacaq monitorinqlə bağlı "Azərbaycan" qəzetinin suallarına İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov aydınlıq gətirib.
Moderator.az həmin müsahibəni təqdim edir:
- Aqil müəllim, ilk növbədə, müsahibəyə vaxt ayırdığınız üçün çox sağ olun. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanda aparıcı beyin mərkəzi olmaqla yanaşı, həm də bir monitorinq və qiymətləndirmə institutu kimi tanınır. Bu ildən etibarən Mərkəz tərəfindən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-ci illər üçün Fəaliyyət Planı”nın da monitorinqi aparılır.
- Bəli, doğru qeyd edirsiniz. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) nəinki ölkəmizdə beyin mərkəzi kimi tanınır, eləcə də regionda, Türk Dövlətləri Təşkilatında, qlobal beyin mərkəzləri içərisində nüfuzlu institut kimi qəbul edilir. Eyni zamanda, İİTKM dövlət başçısının tapşırıqları əsasında, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” da daxil olmaqla, ümumilikdə 11 Dövlət proqramının monitorinq və qiymətləndirilməsini həyata keçirir, lazımi hesabatlar, təhlillər apararaq müvafiq qaydada təqdim edir.
Sizin də qeyd etdiyiniz kimi, “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nın (bundan sonra – Fəaliyyət Planı) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 noyabr tarixli 4179 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən, Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.
- Fəaliyyət planında nələr nəzərdə tutulur? Mahiyyəti ilə bağlı qısa məlumat verməyinizi xahiş edirəm.
- Fəaliyyət planı olduqca əhatəli hazırlanıb. Ümumilikdə, Fəaliyyət planı Azərbaycanın tranzit potensialından tam istifadənin reallaşdırılmasına kömək edən 3 Prioritet üzrə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün 24 tədbiri özündə birləşdirir. Fəaliyyət Planının həyata keçirilməsi üzrə “Tədbirlər Planı” bölməsində “Fiziki infrastrukturun təkmilləşdirilməsi” adlı birinci prioritet çərçivəsində 18 tədbir, “Koordi-nasiya işinin gücləndirilməsi və Azərbaycan Respublikasının ərazisindən keçən beynəl-xalq nəqliyyat dəhlizlərinin təbliği və təşviqi” adlı ikinci prioritetdə 2 tədbir, “Normativ hüquqi bazanın təkmilləşdirilməsi” adlı üçüncü prioritetdə isə 4 tədbir müəyyən edilib.
Artıq, demək olar ki, Fəaliyyət planının icrasında bir il (2024) tamamlanır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, İİTKM tərəfindən, Fəaliyyət Planı üzrə monitorinq və qiymətləndirmə aparılır, 6 aylıq və illik hesabatlar hazırlanaraq sifarişçiyə - RİNN-ə təqdim olunur.
- Ətraflı məlumat üçün çox sağ olun. Belə başa düşdüm ki, artıq 2024-cü ilin ilk 6 ayının monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb və təqdim edilib. Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Bəli, ilk hesabat artıq RİNN-ə təqdim olunub. Ümumilikdə nəticələr qənaətbəxş hesab oluna bilər. 2024-cü ilin birinci yarısı üzrə aparılan monitorinq nəticələrinə əsasən, Fəaliyyət Planında 2024-cü il üçün hədəflənmiş fəaliyyətlər icra olunub. Prioritetlərə gəldikdə isə, hər üç prioritet - Fiziki infrastrukturun gücləndirilməsi, Koordinasiya işinin gücləndirilməsi və Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təbliği və təşviqi, Normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə, ilk altı ay üçün qarşıya qoyulmuş nəticəyə nail olunub. Bütün bunlar 2024-cü ilin birinci yarısı üçün normal nəticələrdir. Əsas odur ki, icra edilməyən indikator yoxdur, icrasına yeni başlanılan indikatorlar var, bir çoxları 100%, bəziləri 50% və s. icra edilib. Fiziki infrastrukturun inkişafı məqsədilə ərazilər müəyyənləşdirilib, torpaq sahələri ayrılıb və davamlı işlər aparılır.
- Aqil müəllim indikatorlar dedikdə nələri nəzərdə tutursunuz. Fəaliyyət planında tədbirlər qeyd edilib, indikatorlar necə müəyyənləşir?
- Əvvəla onu qeyd edim ki, hər hansı bir proqramın monitorinq və qiymətləndirilməsi aparılarkən, İİTKM tərəfindən, icraçı qurumlarla birgə əməkdaşlıq əsasında müvafiq bir metodoloji baza işlənib hazırlanır, eləcə də Dövlət proqramında müəyyən edilmiş hədəflərə çatmaq üçün yerinə yetirilməli işlər sıralanır, planlaşdırılır. Konkret olaraq, tranzit daşımalar ilə bağlı Fəaliyyət planında da indikatorlar verilib. Məsələn, “Qırmızı Körpü”, “Şirvanlı”, “Samur” dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun yenilənməsinə başlanılması və ya mövcud infrastrukturun yenilənməsi və yeni gömrük terminallarının inşasına dair layihələrin icrasına başlanılması və s.
- Fəaliyyət planı çərçivəsində 2024-cü ildə görülən işlərə misal olaraq nələri qeyd edə bilərsiniz?
- Əvvəldə də qeyd etdiyim kimi, icra olunmayan indikator yoxdur. Ona görə də görülən işləri tam sadalamaq xeyli zaman tələb edir, amma bəzilərini qeyd etmək olar:
• “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun yenilənməsi ilə əlaqədar əlavə torpaq sahəsinin ayrılması məqsədilə aidiyyəti qurumlara müraciətlər ünvanlanıb;
• “Qırmızı Körpü”, “Şirvanlı”, “Samur” dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun yenilənməsinə başlanılıb;
• “Astara”, “Biləsuvar” və “Mazımqara” dövlət sərhədindən buraxılış məntəqələri ilə bağlı layihə-smeta sənədləri hazırlanıb və müvafiq rəy alınması üçün ekspertizaya təqdim olunub;
• “Samur” ixrac terminalının tikintisi üçün torpaq sahəsi alınıb, təyinatın dəyişdirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət ünvanlanıb;
• “Qırmızı Körpü” idxal terminalının inşası üçün aidiyyəti qurumlara müraciət edilib;
• Böyük Kəsik” və “Astara” dəmiryol dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun təkmilləşdirilməsi ilə bağlı zəruri işlərlə bağlı müvafiq təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.
• Dövlət Gömrük Komitəsi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birgə İşçi Qrupu yaradılıb və bu İşçi Qrupun fəaliyyətləri çərçivəsində tədbirlərin icrası davam etdirilir;
• “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin (BHBTDL) liman ərazisində 60 vaqonun saxlanılması üçün 3 yeni dəmir yolunun tikintisi tamamlanmaq üzrədir;
• Hövsan limanının dalan dəmir yolundan istifadə üçün “Azərbaycan Dəmir Yolları” QSC ilə müqavilə imzalanıb;
• Bakı-Boyük Kəsik dəmiryol xəttinin rabitə-işarəvermə hissəsinin layihələndirmə işləri hesabat dövründə tam yekunlaşıb;
• Müsüslü-Kürdəmir mənzilində 2475 metr kabel xəndək, Ucar-Müsüslü mənzilində 2237 m xəndək qazılıb, 200 m siqnal kabeli, 650 m optik kabel çəkilməsi təmin edilib, Kürdəmir stansiyasında 414 m xəndək qazılıb, 540 m kabel borusu quraşdırılıb;
• Ümumilikdə 9 sayda olmaqla, 4 ədəd TE10M markalı magistral teplovoz, 3 ədəd TEM2 markalı manevr teplovozu, 2 ədəd VL-11M markalı magistral elektrovoz təmir edilərək ölkəyə gətirilib;
• Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşəbbüsü ilə “Bakı KOB evi”ndə gömrük fəaliyyəti təşkil olunub;
• Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində çeşidləmə məntəqəsində əlavə dörd dəmir yolu xəttinin və konteyner terminalının tikintisinə başlanılıb;
• Dübəndi Neft Terminalının maneəsiz giriş-çıxışı üçün imkan yaradılması və Ələt qəsəbəsində yerləşən BBDTL-in giriş kanalına gəmilərin ikitərəfli təhlükəsiz giriş-çıxışının təmin edilməsi məqsədilə dibdərinləşdirmə işləri aparılıb və s.
- Fəaliyyət planınının adında bir təşviq ifadəsi də var. Ölkəmizin tranzit imkan-larının tanıdılması və təşviqi istiqamətində, Fəaliyyət planı çərçivəsində hansısa işlər aparılırmı?
- Azərbaycanın nəqliyyat-tranzit imkanlarının təşviqi istiqamətində də Fəaliyyət planı çərçivəsində sistemli işlər aparılır. Ümumiyyətlə, uzun illərdir ki, bu istiqamətdə təbliğat, təşviq, məlumatlandırma işləri aparılır. Lakin Fəaliyyət planı çərçivəsində bu işlərin daha sistemli təşkili mümkündür və həyata keçirilir. Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizləri və marşrutları – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, Şimal-Qərb, Şərq-Qərb dəhlizləri üzrə artan tranzit imkanı, yeni yüklərin cəlbi və Orta Dəhlizin vacib seqmenti olan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin modernizasiya işlərindən sonra təkrar yükdaşımalara açılması, eləcə də Şimal-Cənub Dəhlizinin inkişafı ilə bağlı Astara Terminalının rekonstruksiya olunması üzrə fəaliyyətləri buna nümunə göstərmək olar. Sadaladığım məlumatlar yerli media ilə yanaşı, Rusiya, Türkiyə, Gürcüstan, Niderland Krallığı və digər ölkələrin tanınmış xəbər saytlarında geniş yayımlanıb, eləcə də ölkə üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşıma potensialının inkişafına dair məqalələr dərc olunub. Azərbaycan Respublikasında nəqliyyat sahəsində görülmüş işlərin və əldə edilmiş nailiyyətlərin, beynəlxalq nəqliyyat dəhlizləri üzrə əsaslandırıcı məlumatların əks olunduğu broşürlər və maarifləndirici materiallar hazırlanıb, müxtəlif dillərdə dərc olunub, eləcə də, beynəlxalq əhəmiyyətli tədbirlərdə və görüşlərdə tranzit imkanlarının təbliğində istifadə edilir.
- Aqil müəllim, normativ-hüquqi baza ilə bağlı işlərin də 100% yerinə yetirildiyini bildirdiniz. Bu istiqamətdə hansı işləri qeyd edə bilərsiniz?
- Fəaliyyət planında Normativ-hüquqi bazanın təkmilləşdirilməsi prioriteti üzrə 2024-cü ilin birinci yarısında nəzərdə tutulan işlər 100% icra edilib. Məlum olduğu kimi, dövlət başçısının müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası” yaradılıb. Şura tranzit potensialından tam və səmərəli istifadə, beynəlxalq nəqliyyat dəhlizlərində yük cəlbediciliyinin artırılması, dəhlizlər boyunca sərhəd-gömrük prosedurlarının sadələşdirilməsi və s. istiqamətlərdə araşdırmalar aparır, qərarlar qəbul edir. O cümlədən, Fəaliyyət planının icrası çəçivəsində də aparılan təhlil və araşdırmaların nəticələri, əlaqədar dövlət qurumlarından daxil olan rəy və təkliflər əsasında bir qanun, bir fərman və Nazirlər Kabinetinin bir qərar layihəsi hazırlanıb, aidiyyəti üzrə razılaşdırılması üçün təqdim olunub.
Paralel olaraq, xarici ölkələrdə tranzit yüklərə münasibətdə tətbiq edilən daşıma tarifləri araşdırılıb, xüsusilə, dəmir yolu yükdaşımaları tariflərinin müasir sisteminin qurulmasının əsas prinsipləri təhlil edilib. Eyni zamanda, hesabat dövründə Avropa İttifaqı ölkələrinin, Rusiya Federasiyasının və Türkiyə Respublikasının tranzit yükdaşımaları və nəqliyyatla bağlı nəqliyyat-yol sənədlərinin tətbiqi sahəsində müvafiq təcrübələri araşdırılıb.