Azərbaycan qlobal enerji liderinə çevrilir: Avropa ilə qaz körpüsü  
İqtisadiyyat
579
09 Jan 2025 | 17:00

Azərbaycan qlobal enerji liderinə çevrilir: Avropa ilə qaz körpüsü  

Azərbaycan zəngin təbii qaz ehtiyatlarına malik bir ölkə olaraq, enerji sektorunda mühüm strateji mövqeyə sahibdir. Təbii qaz potensialının artırılması və bu resursun səmərəli istifadəsi ölkənin iqtisadi inkişafını sürətləndirməklə yanaşı, regional və qlobal enerji təhlükəsizliyinə də töhfə verir.
 
Ölkəmizin təbii qaz strategiyası iki əsas istiqamətdə inkişaf edir: istehsalın artırılması, səmərəli idarəetmə və beynəlxalq enerji layihələrinin həyata keçirilməsi. Azərbaycan böyük qaz yataqlarına, xüsusilə "Şahdəniz", "Abşeron", "Ümid-Babək" və "Asiman-Şəfəq" yataqlarına malikdir. Bu yataqların işlənilməsi və yeni qaz ehtiyatlarının kəşf edilməsi ölkənin istehsal gücünü artırır. Təbii qaz strategiyası həm də iri miqyaslı beynəlxalq enerji layihələrinin həyata keçirilməsini əhatə edir. Xüsusilə, Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın qazının Avropaya çatdırılmasında mühüm rol oynayır. Cənub Qaz Dəhlizi Azərbaycanı beynəlxalq enerji bazarının mühüm aktoruna çevirib. Bu dəhlizin seqmentlərinə Şahdəniz qaz yatağı (Azərbaycanın təbii qaz təchizatında əsas mənbə) və Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) daxildir.  Kəmər Azərbaycandan Gürcüstan və Türkiyə üzərindən qaz ixracını təmin edir. Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) isə Türkiyə ərazisindən keçərək Avropaya qaz nəqlini təşkil edir.
 
Trans-Adriatik Boru Kəməri (TAP) Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql edəcək boru xətti proyektidir. Bu infrastruktur Avropanın enerji şaxələndirilməsi strategiyasında mühüm əhəmiyyət daşıyır. Azərbaycanın qazı Avropanın Rusiyadan enerji asılılığını azaltmaqda və alternativ mənbələr yaratmaqda strateji rol oynayır.
 
Azərbaycan enerji ehtiyatlarını təkcə iqtisadi vasitə kimi deyil, həm də diplomatik vasitə kimi istifadə edir. Bu, qonşu ölkələrlə, xüsusən də Türkiyə, Gürcüstan və Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrini gücləndirir. Ölkəmizin beynəlxalq enerji bazarına inteqrasiyası həm də ölkənin siyasi sabitliyini və iqtisadi inkişafını dəstəkləyir.
 
Azərbaycan davamlı olaraq yeni yataqların işlənilməsi və istehsal texnologiyalarının modernləşdirilməsi istiqamətində işlər aparır. Xüsusilə bərpaolunan enerji ilə inteqrasiya siyasəti də diqqət mərkəzindədir. Uzunmüddətli perspektivdə qaz potensialının artırılması həm ölkədaxili tələbatın ödənilməsi, həm də ixracın artırılması baxımından əhəmiyyətlidir.
 
Beləliklə, Azərbaycan təbii qaz strategiyasını uğurla həyata keçirməklə Avropanın enerji təhlükəsizliyində əvəzsiz rol oynayır. Cənub Qaz Dəhlizi kimi layihələr vasitəsilə Azərbaycan enerji bazarında mühüm aktor statusunu möhkəmləndirir və həm regional, həm də qlobal miqyasda sabitlik və inkişaf üçün töhfə verir. Bu, Azərbaycanın gələcəkdə də enerji sahəsində öncül rolunu qoruyacağını göstərir.
 
İlham Şaban:
 
Enerji məsələləri üzrə ekspert İlham Şaban Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan 2020-ci ilin son günündən başlayaraq Avropaya qaz ixracına başlayıb. Artıq 4 ildir ki, ölkəmiz Avropanın qaz tədarükçüləri arasında birinci sıralarda dayanır: 
 
“Azərbaycan bu istiqamətdə həm satış coğrafiyasını, həm də Avropaya göndərilən qazın həcmini artırır. 2021-ci ildə Azərbaycan Avropa bazarına 8, 21 milyard kubmetr qaz satmışdısa, ötən il bu, 12, 19 milyard kubmetrə çatdı. Ölkəmiz 58 faiz artım nümayiş etdirib. Bu, çox yaxşı nəticədir.
 
2013-cü ildə  Azərbaycanla Avropanın qaz alan şirkətləri arasında imzalanan müqaviləyə baxsaq, o zaman Azərbaycanın öhdəliyi il ərzində 10 milyard kubmetr verilməsi idi.  Biz öz üzərimizə düşən öhdəlikləri artıqlaması ilə yerinə yetirdik və artıma doğru hədəflərimiz var. Məqsədimiz  2027-ci ilə qədər Avropa bazarında qaz satışı həcmini  16 milyard kubmetrə çatdırmaqdır. Azərbaycan Avropa bazarında 2021-ci ilin göstəricilərindən iki dəfə çox qaz satışı istəyini ortaya qoyur. Ötən il bununla bağlı çox ciddi addımlar atıldı. 2023-cü ildə Avropa bazarında qaz satışı 11, 08 milyard kubmetrə yaxın olmuşdusa, ötən il 1 milyarddan çox həcmdə artım etdi. 
 
Digər tərəfdən 2024-cü ildə qaz ixracı coğrafiyasını Avropa bazarında iki dəfə artırdıq. Satış beş ölkədən on ölkəyə yüksəldi. 
 
Avropada enerji sektorunda yaranmış böhran Azərbaycanın qaz ixracını artırması və bir çox ölkələri əhatə etməsi ilə aradan qalxdı. Rusiya qazından tam asılı olan ölkələri, məsələn, Bolqarıstanı, Şimali Makedoniyanı, Slovakiyanı çətin vəziyyətdən çıxaran yeganə ölkə olduq.
 
Yunanıstanın qaz təhlükəsizliyində Azərbaycanın payı 25 faizdirsə, Bolqarıstanda bu 50 faizdən çoxdur. Avropanın ən iri qaz istehlakçısı olan İtaliyada güman edilirdi ki, Azərbaycanın oranın qaz bazarında çəkisi 7-8 faiz olacaq, lakin ötən il bu 17 faizə qədər yüksəldi.
 
Göründüyü kimi, Azərbaycan Avropa ölkələrinin bir sıra ölkələrinin enerji təhlükəsizliyi üçün çox mühüm rola malikdir”. 
 
Link kopyalandı!
Son xəbərlər