Ukrayna Rusiya qazının Mərkəzi Avropaya tranzitindən imtina etməsi, Kremlin böyük bazar itirməsinə səbəb oldu. Bununla da Rusiyanın Avropaya qaz ixracına son qoyuldu. Avropanın Rusiya qazından imtinasi Azərbaycan qazının imkanlarıni genişləndirir. Rusiya çalışacaq ki, Türkiyə və Azərbaycan vasitəsilə qaz nəqlini reallaşdırsın. Azərbaycan üçün Avropanın qaz bazarında əlverişli şərait yaranib.
Bu barədə Moderator.az-a danışan İqtisad elmləri doktoru, professor Fikrət Yusifov qeyd edib ki, Avropanın qaz təchizatı ilə bağlı problemlər illərlədir ki, özünün optimal həllini tapa bilmir:
“Rusiyanın Ukraynaya hücumundan öncə Avropanın təbi qaza olan illik təlabatı 530 milyard kubmetr ətrafında olub. Rusiyanın qaz ixracı ilə bağlı məsələləri hələ Ukrayna ilə müharibəyə qədər siyasiləşdirməsi və Avropa Birliyi ölkələrini qazla təhdid etməsi səbəbindənı Qoca qitə on illər idi ki, özünün qaz təchizatının şaxələndirilməsi yollarını arayır. Rusiya qazından asılı qalmaq Avropanın enerji təchizatı üçün ciddi təhlükə idi. Son illər ərzində Rusiya Avropanı dəfələrələ qazla şantaj edərək öz siyasi ambisiyalarını reallaşdırmağa cəhd göstərmişdi.
ABŞ özünün əsas müttəfiqi olan Avropa Birliyinin qaz təchizatı probleninin həlli və Qoca qitənin Rusiya qazından asılılığının aradan qaldırılması üçün bu illər ərzində çox səylər ortaya qoyub. Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılmasında da ABŞ-n səyləri yüksək qiymətləndirilməlidi. Bu layihəni reallaşdırmaq şimaldan və cənubdan olan basqılar konteksində o qədər də asan məsələ deyildi. Lakin Birləşmiş Ştatlar layihənin uğurla reallaşdırılması üçün öz siyasi dəstəyini əsirgəmədi”
Professor əlavə edib ki, bu gün artıq Avropanın Rusiya qazından asılılığı demək olar ki, aradan qalxıb:
“Ukrayana öz ərazisindən Rusiya qazının Avropaya daşınmasına yox dedi. Bununla da Rusiya qazının Avropaya nəqli dayandırıldı. Təbi ki, Avropa buna çoxdan hazırlaşırdı. Lakin nə qədər hazırlıq görülsə də rus qazının nəqlinin birdən-birə dayandırılması səbəbindən Avropanın bəzi ölkələri ciddi problemlərlə üz-üzə qalıb.
Bəs Rusiya qazının nəqlinin dayandırılmasından sonra Qoca qitənin qaz təchizatı ilə bağlı problemlərinin həllinin hansı mümkün yolları ola bilər? Bu sual indi çoxlarını düşündürür. İlk öncə onu deyək ki, ABŞ Avropanın qaz təchizatında yaranacaq problemlərin həlli yolunda mühüm addımlar atmaqdadır. Əvvala Avropa ölkələrinin qaz anbarlarında ABŞ-dan daşınaraq gətirilmiş sıxılmış qaz ehtiyatları artıq yaradılıb. Digər tərəfdən Avropanın qaz təchizatında Norveçdən qaz ixracının rolu getdikcə artmaqdadır. Bu gün artıq Avropanın təbi qaza olan tələbatının 30%-dən çoxunu Norveç təmin edir. Rusiya 2021-ci ildə Avropanın qaza olan təlabatının 45%-ə qədərini ödəyirdi, deməli indi söhbət bu qədər qazın yeni mənbələrinin tapılmasından getməlidir”.
Bəs Rusiya qazının nəqlinin dayandırılmasından sonra Qoca qitənin qaz təchizatının yeni yolları necə görünür?
Fikrət Yusifov diqqətə çatdırıb ki, bu gün artıq Azərbaycan Avropanın cənub-şərqində yerləşən ölkələrin qaz təminatında öz sözünü deyir:
“Keçən il Azərbaycandan bu ölkələrə 12 milyard kubmetr qaz ixrac olunmuşdu. Perspektivdə bu rəqəmin Azərbaycanın daxili imkanları hesabına 20 milyard kubmetrə qədər çatdırılması gözləniləndi. Digər variant isə Türkmən qazının Azərbaycan üzərindən Avropaya nəql edilməsidir ki, bu məsələ də gündəmdə dayanır.
Avropanın qaz təchizatında yeni bir işıq yolu isə Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra yarandı. Təbi qaz ehtiyatlarının həcminə görə dünya üçüncüsü olan (təqribən 24 trliyon kubmetr) Qətərdən qazın Suriya və Türkiyə üzərindən Avropaya daşınması realdır. Düzdür, hələlik Qətər rəsmiləri bu məsələ ilə bağlı sanki tərəddüd edirlər lakin hər iki tərəfin maraqları ortadadırsa, deməli bu məsələdə tezliklə razılıq əldə ollunacaqdır. Ən azından, bu layihəyə ABŞ “xeyir-dua” verəcək ki, bundan sonra Qətərdə də deməyə sözü qalmayacaqdır...”.
Mehin Mehmanqızı