“Dekabrda dünya ərzaq qiymətləri ucuzlaşıb”.
Bu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi hesabatda bildirilib.
İqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a açıqlamasında təqdim olunan siyahını şərh edib və Azərbaycanda olacaq qiymət dəyişikliklərindən danışıb.
“Təşkilatın müşahidəsi aylıq dünya ərzaq qiymətləri indeksinə uyğundur. Bu indeks noyabra nisbətən dekabr ayında 0,5 faiz enib. Amma 0,5 faiz düşsə də, ötən ilin ilin dekabr ayı ilə müqayisədə 6,7 faiz daha yüksəkdir. Yəni 12 aylıq statistikaya görə, 6,7 faiz artım olub. Bunun alt komponentləri var, hesabata baxdıqda da bunu müşahidə edə bilərik. Məsələn, dənli bitkilər üzrə noyabr ayına görə dəyişmə olmayıb. Amma bir il bundan əvvəlki qiymətlərlə 9,3 faiz daha aşağıdır dənli bitkilərin qiyməti. Deyə bilərsiniz ki, çörəyin qiyməti eynidir amma burada daxili amillər də rol oynayır. Ötən ilin yarısında benzinin qiyməti artdı. Ötən il işçilərin əməkhaqqının 7-8 faiz artdığı deyilir. Lakin çörək, dərman və s. vasitələrin də qiymətləri artıb. Yəni ölkədə inflyasiya var. Məhsulu ucuz almasına baxmayaraq şirkətin digər inzibati xərcləri, enerji xərcləri artdığına görə qiymət avtomatik artır”.
Ekspert bildirib ki, dekabr və noyabrda, ümumiyyətlə, qiymət dəyişikliyi olmayıb. Buna görə də dənli bitkilərdən əldə edilən ərzaqların qiymətin enməsini gözləməli deyilik.
"Bitki yağlarına gəldikdə isə dekabrda noyabra nisbətən 0,5 faiz enmə müşahidə olunur. Amma 2023-cü ilin dekabrına görə isə 33,3 faiz bahalaşma var. Buna görə də bu sahədə də 2-3 qəpik olan qiymət ucuzlaşması bizim gözümüzə də görünməyəcək. Ət məhsullarına gəldikdə isə noyabra nisbətən 0,4 faiz dekabrda bahalaşma olub. Bu, 12 aylıq nəticə ilə müqayisədə 7,1 faiz qiymət artımı təşkil edir. Süd məhsulları isə 0,7 faiz düşsə də, son 12 aylıq qiymət dəyişimi artım istiqamətində 17 faizdir. Şəkər məhsullarına isə əvvəlki ayla müqayisədə 5,1 faiz dekabr ayında azalma olub. Bu azalma davam edərsə, növbəti aylarda da biz qiymətlərə təsirini görə bilərik. Amma burada əsas məsələ odur ki, sahibkarlar bir neçə ay qiymətləri ard-arda aşağı qiymətə aldıqda qiyməti endirirlər. Lakin bu, bir ay üçün keçərli olduqda, növbəti ay yenidən baha qiymətə əldə edərlərsə, bunu etmirlər”.
Ekspert son olaraq qeyd edib ki, dekabr ayı üzrə bütün komponentlər üzrə qiymətlər 0,5 faiz aşağı ensə də, ümumi olaraq bütün komponentlər üzrə isə son 12 aylıq statistikalara görə ümumilikdə 6,7 faiz artıb. Bunu yerli bazarda da müşahidə edə bilərik.
Xalid Kərimli onu da qeyd edib ki, ölkədə bəzi məhsulların qiymətində dekabr ayında bayramla əlaqədar olaraq fantastik şəkildə artımı oldu. Məhz bu məhsuların yanvar ayı boyunca əvvəlki qiymətinə qayıtması gözləniləndir.