Türkiyə Enerji Bazarında Azərbaycan İmzası: SOCAR-ın böyük nailiyyətləri
İqtisadiyyat
1474
06 Jan 2025 | 17:31

Türkiyə Enerji Bazarında Azərbaycan İmzası: SOCAR-ın böyük nailiyyətləri

“SOCAR 17 il ərzində (2008-ci ildən) Türkiyə iqtisadiyyatına 18,5 mlrd. ABŞ dollarından artıq sərmayə yatırıb. SOCAR Türkiyənin ən böyük xarici investorudur”
Bunu “SOCAR Turkiye” şirkətinin baş direktoru İstanbulda keçirilən mətbuat konfransında Elçin İbadov deyib. O, SOCAR-ın Türkiyənin cari enerji sektoru kəsirinin azaldılmasına töhfə verdiyini vurğulayıb.
 
Ondan artıq davamlı inkişaf layihəsinin hazırlandığını deyən Elçin İbadov vurğulayıb ki, əsas məqsəd ekoloji cəhətdən təmiz aviasiya yanacağı istehsal etməkdir:
 
”Tədqiqatlar Azərbaycanda da aparılır. “SOCAR Turkiye” ekoloji cəhətdən təmiz aviasiya yanacağı istehsalına başlayacaq”.
 
Qeyd edək ki, SOCAR, 2008-ci ildə “Petkim” səhmlərinin 51%-ni Türkiyə Respublikasının Özəlləşdirmə İdarəsindən 2milyard 40 milyon ABŞ dollarına satın alaraq bu ölkədə fəaliyyətə başlamışdır. Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye qrupu SOCAR Türkiyə, eyni zamanda Əliağadakı bütün törəmə müəssisələrini əhatə edən ərazisi üçün Türkiyədə "Xüsusi Sənaye Zonası" adını alan ilk şirkət olmuşdur. İşçilərin sayı təxminən 5.600 nəfərdir. Podratçı şirkətlərin işçiləri də daxil olmaqla SOCAR Türkiyənin əməliyyatlarında 10 min nəfərdən artıq insan çalışır.
Bu sərmayələr nəticəsində SOCAR, Türkiyənin enerji sektorunda mühüm rol oynayaraq, həm də ölkənin iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfələr verib. Şirkətin yatırımları, enerji və sənaye sahələrində yeni iş yerlərinin yaradılmasına və ölkə iqtisadiyyatının gücləndirilməsinə dəstək olub. SOCAR-ın bu uğurlu fəaliyyətləri, Türkiyənin beynəlxalq bazarda iqtisadi mövqeyinin güclənməsinə və müstəqil enerji mənbələrinə olan tələbatın qarşılanmasına mühüm təsir göstərib.
 
Bu barədə Moderator.az-a danışan türkiyəli ekspert  Hasan Oqtay bildirib ki,  Azərbaycan və Türkiyə arasındakı münasibətlər hər sahədə artan templə inkişaf edir:
 
“Müdafiə sənayesi başda olmaqla, demək olar ki, bütün sahələrdə ticarət əlaqələri güclənməkdədir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), 18,5 milyard dollarlıq investisiyası ilə Türkiyədəki xarici ticarət şirkətləri arasında ən yüksək sıralarda yer alır. SOCAR  bütün sərmayələrini uzunmüddətli perspektivdə planlaşdıraraq həyata keçirir. “SOCAR Türkiye” olaraq şirkətin əsas məqsədi, Türkiyənin ən böyük inteqrasiya edilmiş sənaye müəssisəsi olmaqla yanaşı, ölkənin geosiyasi vəziyyətindən yararlanaraq regional əhəmiyyətli sərmayələrə imza atmaqdır. Bu kontekstdə, Türkiyədə özəl sektorun tək bir nöqtəyə etdiyi ən böyük sərmayələrdən biri olan və iki qardaş ölkənin Prezidentlərinin iştirakı ilə açılışı həyata keçirilmiş "Star" neftayırma zavodu xüsusi əhəmiyyət kəsb edir”.
 
Türkiyəli ekspert qeyd edib ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlərin güclənməsi və əməkdaşlıq imkanlarının genişlənməsi bəzi dairələrdə narahatlıq yaradıb:
 
“Xüsusilə, SOCAR-ın İsrailə neft satdığı iddiaları ilə bağlı təbliğat kampaniyaları başladılıb. Lakin bu cür əsassız iddialar diqqətə alınmadan, Azərbaycan və Türkiyə doğru bildikləri yolla sürətlə irəliləməyə davam edirlər. SOCAR-ın sərmayələri ilə yanaşı, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Qars (BTK) dəmir yolu kimi layihələr də həm Türkiyənin, həm də Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Bu layihələr yalnız iqtisadi tərəfdaşlıq deyil, həm də enerji və nəqliyyat sektorlarında bölgənin gələcəyini formalaşdıran mühüm addımlardır. Enerji mənbələrinin Türkiyənin investisiya və inkişafındakı əhəmiyyəti bir daha aydın olur. Azərbaycan-Türkiyə münasibətləri yalnız gözləntiləri deyil, həm də mövcud potensialı üstələyərək, hər iki qardaş ölkənin birlikdə daha parlaq gələcəyə doğru irəliləməsini təmin edəcəkdir”.
 
Mehin Mehmanqızı
 
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər