Şəxsi brend nədir və niyə vacibdir? - Marketoloq açıqladı
İqtisadiyyat
2136
04 Jan 2025 | 10:48

Şəxsi brend nədir və niyə vacibdir? - Marketoloq açıqladı

“Şəxsi brend, şəxsiyyətinizin, adınızın və bacarıqlarınızın bir “marka” kimi təqdim edilməsi prosesidir. Bu konsepsiya, insanların sizin haqqınızda nə düşünməsi və sizin özünü zühur etdirmə formanız üzərində qurulur.  Daha dəqiq desək, şəxsi brendinq, sizin haqqınızda yaranan təsəvvürün idarə olunmasını əhatə edir. Məsələn, əgər bir sahədə ekspert kimi tanınmaq istəyirsinizsə, hərəkətləriniz, danışığınız və sosial mediada etdiyiniz paylaşımlar bunu əks etdirməlidir”
 
Bu fikirləri Moderator.az-a açıqlamasında marketoloq Elnur Salehov deyib.
 
Marketoloqun sözlərinə görə, uğurlu brend yaratmağın addımları ondan ibarətdir ki, özünüzün kim olduğunu dəqiqləşdirməlisiniz:
 
“Hər şeydən öncə, kim olduğunuzu, güclü tərəflərinizi, dəyərlərinizi və nəyi təmsil etdiyinizi bilməlisiniz. Özünüza  bir sual verin: "Məni insanlar niyə tanımalıdır?" Bu suala cavab verdikdən sonra, strategiyanızı daha asan quracaqsınız. Məsələn, əgər marketinq, iqtisadiyyat və biznes sahəsində çıxış edirsinizsə, bu sahədə paylaşımlarla özünüzü tanıdın.
Kimləri öz brendinizə cəlb etmək istədiyinizi dəqiq bilirsinizmi? Auditoriyanı tanımaq, özünüzü onlara daha effektiv şəkildə təqdim etmək üçün çox vacibdir. Hədəf kütlənin maraqları, ehtiyacları və problemləri haqqında məlumat toplayın. Bu məlumatları öz brend strategiyanızda paylaşımlarınız və məqalələriniz vasitəsilə əks etdirin.
Sizin tərəfdar olduğunuz prinsip aydın və sadədir: “Məqalə yazarkən ilk oxucum özüm oluram”. Özünüzə bu sualları verin: "Bu məqalə oxucu kimi məni maraqlandırır?" Bu yanaşma  məqalələrinizin oxucuların diqqətini cəlb etməyə kömək edəcəkdir. Sədaqətli oxucu bazası qurmaqla, daha davamlı və stabil bir şəxsi brend yaratmaq mümkün olacaq.
 
Şəxsi brendiniz sırf sizi ifadə edir. Kim olduğunuz, nə əks etdirdiyiniz və özünüzü necə təqdim etdiyiniz, insanları sizin haqqınızda bir fikir yaratmağa vadar edir. Bu proses strukturlaşmış və davamlı olduqda, zamanla mükəmməl bir brend yaratmış olacaqsınız.
 
Davamlı olmaq əsas məsələdir: Hər yerdə eyni mövqe tutmalı, eyni mesajı verməlisiniz. Yazılarınız  belə sizi hər yerdə tanıtmalıdır. İlk cümlələrdən  dəsti-xəttiniz bilinməlidir. 
 
Keyfiyyətli məzmun yaratmalısınız: Öz sahənizdə faydalı və maraqlı məlumat paylaşmalısız ki, insanlar sizə güvənsin. Hətta deyərdim ki, insanlar bir neçə yerdən məlumat oxuyub, sənin mövzuya fikrini öyrənib bununla əmin olmalıdır. 
 
 Networking-ə güc verməlisiniz: Fərqli insanlarla əlaqə saxlamalı, tanışlıq yaratmalısınız. Mütləq tədbirlərdə iştirak etməklə, fikir alış- verişi etməlisiniz.
 
Fərqlənmək əsas silahınızdı: Başqalarından hansı cəhətdən fərqləndiyini göstərməlisiniz. Niyə məhz sizə güvənməlidirlər, niyə sizi seçməlidirlər. Siz digərlərindən hansı cəhətinizə görə fərqlənirsiniz? Bu suallara cavab verməklə ideal özünə məxsus şəxsi brendini yarada bilərsiniz".
 
Marketoloq hesab edir ki, sosial media bu işin mərkəzidir:
 
“Sosial mediada aktiv deyilsizsə, demək ki, görünmürsünüz. Instagram, LinkedIn, TikTok, Facebook – harda aktiv olmaq sizə uyğun gəlirsə, orda çalışmaq lazımdır. Məsələn, Instagram-da vizual məzmun, TikTok-da isə qısa və enerjili videolarla izləyicilərin diqqətini çəkmək olar. Amma əsas olan, ardıcıl və məntiqli şəkildə özünü təqdim etməkdir. İnsanlar sizin paylaşımlarına baxanda nə işlə məşğul olduğunuzu  və nəyi təmsil etdiyinizi başa düşməlidir. İnstagram üzərindən paylaşılan postlarda ilk növbədə şəkil daha sonra yazı gəlir, Facebook da isə ilk növbədə yazı daha sonra şəkil görünür. Platformanın oxumağa daha çox meyl edilməsidir.
 
Ən çox edilən səhvlər hansılardır?
 
Məqsədsiz olmaq: Hər şeydən bir az paylaşmaq – amma heç bir mövzuya fokuslanmamaq
 
Fasilələrlə aktivlik: Bir dəfə aktiv, bir dəfə yox. Bu, izləyiciləri bezdirir. Gün ərzində çalışmaq lazımdır ki,  bir neçə dəfə paylaşım edilsin. 
 
Yazılan şərhlərə tənqidi və hörmətsiz şəkildə cavab vermək:  Hər zaman yazılan şərhlərə çox səbr və təmkinlə cavab vermək lazımdır. Hər kəs sizin fikirlərinizlə  razılaşmalıdır deyə bir dünya yoxdur. Sərt və tənqidi reaksiya yaratdığınız şəxsi brendinin çatlamasına səbəb ola bilər. Sadəcə təbii olmaq, dürüst olmaq və nəyi yaxşı bilirsinizsə, onu paylaşmaq lazımdır.  Brend yaratmaq vaxt alır, amma səbirli olsaz, nəticəsini görəcəksiniz”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər