Bizi sosial şəbəkələrdən izləyin:
2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 465.2 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 129 milyon manata bərabər olub.
Məlumata görə, ötən ilin yanvar-mart aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 30.9% və ya 207.6 milyon manat, banklardan xaricə köçürmələr isə 26.2% və ya 45.8 milyon manat azalıb.
Qeyd edək ki, ötən ilin ilk 3 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 672.8 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 174.8 milyon manat təşkil edib.
Bu barədə Moderator.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycana xaricdən pul köçürmənin azalmasının iki əsas səbəbi var: biri Rusiyadır, biri də Türkiyədir:
“Çünki ən çox vətəndaşlarımız bu ölkələrdə yaşayırlar. Rusiyada rublun dəyərdən düşməsi, Türkiyədə də türk lirəsinin dəyərdən düşməsi valyuta ilə ölkəyə pul köçürmələri azaldıb. Çünki orada yaşayan vətəndaşlarımız Rusiyada rublla, Türkiyədə isə lirə ilə pul qazanırlar.Valyuta bahalaşdıqca onları dollara çevirib ölkəyə gətirilməsində ciddi problemlər yaşanır. Yəni belə hallarda azalmalar müşahidə olunur. Nəticə etibarilə də son illərdə bu azalma tendensiyasını biz görürük. Eyni zamanda, Rusiyadan pul köçürmələrində müəyyən sanksiyalara görə məhdudiyyətlərin də olduğunu nəzərə alsaq, obyektiv olaraq bu azalmanın olduğunu söyləmək mümkündür”.
Mehin Mehmanqızı