16-20 dekabr 2024-cü il tarixlərində Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) və OSTİM Mütəşəkkil Sənaye Bölgəsinin təşkilatçılığı tlə Türkiyədən olan müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlar Azərbaycana işgüzar səfər edib.
Moderator.az xəbər verir ki, görüşlərin əsas məqsədi Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələri daha da inkişaf etdirmək, müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək və hər iki ölkənin sahibkarları üçün yeni imkanlar yaratmaqdır.
Səfər çərçivəsində 17 dekabrda OSTİM Ticarət Koordinatoru Esma Akyüz və OSTİM Tibb Klasterinin rəhbəri Fatih Dağçınarın rəhbərlik etdiyi nümayəndə heyəti ATİB ofisini ziyarət edib. Görüşdə “Turan Legal and Tax Services” MMC-nin hüquq meneceri Araz İsmayılov “Azərbaycanda iş mühiti” mövzusunda təqdimat edib, “Bayramlı Group” şirkətinin əməkdaşı Çinarə Əliyeva isə şirkət barədə məlumat verib.
Daha sonra Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Ticarət Müşavirliyi, Sahibkarlığın İnkişafı Fondu, Türk Ticarət Mərkəzinin nümayəndə heyəti ilə görüşlər keçirilib.
Görüşdən sonra nümayəndə heyəti Mərkəzdəki Təmsilçilik Ofisləri ilə tanış olub və OSTİM Təmsilçilik Ofisinin açılışı həyata keçirilib.
Səfərin növbəti günündə Baku Marriott Hotel Boulevard-da B2B formatında işgüzar görüş keçirilib.
Tədbirdə Milli Məclisin üzvü Anatoliy Rafailov, ATİB sədri Mürsəl Rüstəmov və OSTİM rəsmiləri çıxış ediblər.
Görüşdə səhiyyə, mədən, inşaat və tikinti avadanlığı, müdafiə və aviasiya, dəmir yolu nəqliyyat sistemləri, elektrik sektorlarının nümayəndələri iştirak edib.
Səfərin son günündə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Yeni Klinika, "AzerGold" QSC, "Azərbaycan Dəmir Yolları" QSC-də görüşlər keçirilib. Görüşlərdə şirkətlərin fəaliyyəti haqqında məlumat verilib və qonaqları maraqlandıran məsələlər müzakirə edilib.
Keçirilən tədbirlər və görüşlər iki qardaş ölkə arasında çoxşaxəli iqtisadi məqsədlərin reallaşmasına daha geniş zəmin yaratmışdır. Bu cür təşəbbüslərin davamlılığı hər iki ölkənin biznes mühitinə müsbət təsir göstərəcəkdir.