“İranda əvvəlkilərdən də kütləvi etiraz aksiyaları baş qaldıra bilər...”- Sabiq səfir
İqtisadiyyat
398
20 Dec 2024 | 19:57

“İranda əvvəlkilərdən də kütləvi etiraz aksiyaları baş qaldıra bilər...”- Sabiq səfir

“Məsələn, vətəndaşlar soruşur ki, İran nəyə görə son dövrdə Suriyadakı Əsəd rejimi üçün, bəzi mənbələrin hesablamalarına görə, orta hesabla bir ildə 6 milyard dollar, son 11 ildə isə ümumilikdə  50 milyard dollar xərcləyib...”
 
“Hal-hazırda İranda vəziyyət getdikcə ağırlaşır. Hələlik sosial-iqtisadi sahədə... Bahalıq, inflyasiya, milli valyutanın dəyərdən düşməsinin üzərinə indi də elektrik enerjisi, qaz, istilik çatışmazlığı əlavə olundu. Və açığını deyim ki, çox gözlənilməz oldu bütün bunlar... Çünki ölkədə yetərincə qaz, neft hasil edilir və son 40-50 ildə heç vaxt əhali belə bir ağır duruma düşməmişdi. Təsəvvür edin ki, nəinki bölgələrdə, paytaxtda, digər iri şəhərlərdə, hətta havanın qış dövründə də xeyli isti olduğu cənub əyalətlərində də insanlar elektrik və yanacaqdan əziyyət çəkir. Yadımdadır ki, fevral ayında Ərdəbildə 35 dərəcə şaxta olduğu halda, Bəndərabadda, Kiş adasında 27-28 dərəcə isti olurdu, amma ölkənin heç bir yerində bu dərəcəcə işıq, yanacaq, istilik problemi yaşanmırdı”.
 
Bunu Moderator.az-a açıqlamasında İrandakı son iqtisadi-siyasi durumdan danışan Azərbaycanın həminn  ölkədəki sabiq səfiri Abbasəli Həsənov söyləyib. 
 
“İndi isə İran iqtisadiyyatı o dərəcədə çöküb ki, tədris ocaqları, məktəblər, bir çox şirkətlər, müəssisələr işləmir. Bu da, sözsüz ki, əhalinin ciddi narazılığına səbəb olub. Dövlət isə heç bir tədbir görə bilmir. Çünki bunun üçün maliyyə vəsaiti yoxdur. Təsəvvür edin ki, iqtisadçıların təxmini hesablamalarına görə, bu gün İranın neft sənayesinin bərpası üçün 160 milyard dollar, qaz sənayesinin bərpası üçün isə 80 milyard dollar vəsait lazımdır. Neft-kimya sənayesinin bərpası üçün 70-72 milyard dollar pul gərəkdir. Bu məbləğdə vəsait isə dövlətdə yoxdur.  Artıq sosial şəbəkələrdə, internet saytlarında mütəxəssislərin iradlarıyla yanaşı, əhalinin də ciddi etirazları səslənməkdədir. Məsələn, vətəndaşlar soruşur ki, İran nəyə görə son dövrdə Suriyadakı Əsəd rejimi üçün, bəzi mənbələrin hesablamalarına görə, orta hesabla bir ildə 6 milyard dollar, son 11 ildə isə ümumilikdə 50 milyard dollar xərcləyib. Bütün bunlar da, təbii ki, əhalidə ciddi narazılığa səbəb olur”, - davamında bunları əlavə edən diplomat hesab edir ki, İran dövləti çox çıxılmaz bir durumdadır.
 
“Artıq paytaxtda və bölgələrdə insanlar hələlik kiçik qruplarla etiraz səslərini ucaldırlar, pensiyaların, maaşların aşağı olmasından şikayət edirlər. Dövlət isə dediyim kimi, çıxılmaz durumda qalıb və heç bir tədbir görə bilmir. Çünki bu problemləri sözlə, vədlə həll etmək mümkün deyil. Hazırda dövlət rəhbərlərinin nə düşündüyünü bilmirəm, amma faktiki çıxış yolu yoxdur. Hələlik bəzi rəhbər məmurlar telekanallarda çıxış edərək əhalini bu çətin şəraitdən çıxmaq üçün səbirli, dözümlü olmağa çağırış edirlər. Lakin dövlət qısa müddətdə bu problemləri həll etməyə qadir deyil. Xarici investisiyalar cəlb etmək haqda təkliflər var.  Amma məsələ ondadır ki, İranın hazırkı ağır iqtisadi, həm də siyasi durumunda heç bir ciddi xarici investor bu ölkəyə vəsait yatırmaq istəməz. Və belə getsə, ölkədə əvvəlkilərdən də kütləvi etiraz aksiyaları baş qaldıra bilər”, -deyə keçmiş səfir diqqətə çatdırıb.
 
 Sultan Laçın
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər