Rublun ucuzlaşması Azərbaycana necə təsir edir? - ŞƏRH
2026
07 Dec 2024 | 11:18

Rublun ucuzlaşması Azərbaycana necə təsir edir? - ŞƏRH

Rusiyanın milli valyutası olan rublun dəyərsizləşməsi getdikcə daha sürətli xarakter almağa başlayıb. Son günlər rubl kəskin  ucuzlaşmaqda davam edir. Analitiklər rublun  ucuzlaşmasını dünya valyuta bazarlarında ABŞ dollarının möhkəmlənməsi, Rusiya ətrafında geosiyasi gərginliyin artması ilə əlaqələndirirlər.
 
 
Rublun ucuzlaşmasınının Azərbaycana təsirləri barədə Moderator.az-a danışan iqtisadçı Rəşəd Həsənov bildirib ki, Rusiya Azərbaycanın   əsas xarici ticarət tərəfdaşlarından biri olduğu üçün rublun ucuzlaşması ölkəmizə   müxtəlif istiqamətlərdə təsir edir.
 
İqtisadçının sözlərinə görə,  rublun ucuzlaşması Azərbaycanın xarici ticarətində bir sıra  çətinliklərə səbəb olur:
 
“Rublun ucuzlaşması ilə  Azərbaycandan Rusiyaya ixracın səmərəliliyi aşağı düşür. Çünki qiymətlərin artım tempi – inflyasiya səviyyəsi hər zaman pulun dəyəsizləşməsi sürətindən geri qalır. Bu səbəbdən qiymət artımındakı gecikmələr  azərbaycanlı ixracatçıların Rusiya bazarında manatla ifadədə  məhsulun daha aşağı qiymətə satmasına gətirib çıxardır. Beləliklə, ixracatçıların mənfəət marjası daralır və bəzən zərərlə qarşılaşa bilirlər. Rublun ucuzlaşması ixrac üçün çətinlik yaradır, amma idxala təşviq edir. Yəni rublun ucuzlaşması Rusiya istehsalı olan məhsulların dəyərinin düşməsinə və Azərbaycan bazarında rəqabət qabiliyyətinin artmasına gətirib çıxardır”.
 
R.Həsənov vurğulayır ki, Rusiya azərbaycanlı miqrantların təxminən 75% -nin üz tutduğu ölkədir:
 
 “Burada kifayət qədər azərbaycanlı yaşayır və onların  göndərdiyi pul baratları Azərbaycan üçün ,xüsusilə, müxtəlif regionlar üçün çox əhəmiyyətlidir. Lakin  rublla gəlir əldə edən, işləyən və qazanan şəxslər üçün bu ucuzlaşma ciddi maliyyə problemlərinə səbəb ola bilər. Xüsusilə, rublla maaş alan və ya gəlir əldə edən şəxslərin gəlirləri, rublları xarici valyutaya çevirdikdə dəyərsizləşir. Beləliklə, rublu manata çevirdikdə daha aşağı məbləğdə olması ilə nəticələnir. Rublun ucuzlaşması pul baratlarının azalmasına səbəb olur və bu da Azərbaycanda müxtəlif sosial qrupların - cənub bölgəsində yaşayan əhalinin gəlirlərinin əhəmiyyətli səviyyədə azalmasına gətirib çıxarda bilər”.
 
Azərbaycanda avronun ucuzlaşmasına münasibət bildirən iqtisadçı qeyd edib ki, son günlər dünya bazarlarında avronun ABŞ dollarına nisbətdə zəifləməsi, Azərbaycanda avronun ucuzlaşmasına səbəb olub:
 
“Manatın məzənnəsi, dollara münasibətdə tənzimlənir. Azərbaycanda digər valyutaların məzənnələri  də birbaşa olaraq dolların qiymətinə əsaslanır. Avro və digər valyutaların qiyməti, bazarda dolların qiymətinə əsaslanaraq çarpaz hesablama yolu ilə təyin edilir. Bazarlarda dolların avroya nisbətdə möhkəmlənməsi bu günlərdə Azərbaycanda avronun ucuzlaşmasını şərtləndirən faktordur”.
 
Mehin Mehmanqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər