OPEC- in qərarı neft bazarına necə təsir edəcək?
İqtisadiyyat
1951
06 Dec 2024 | 10:56

OPEC- in qərarı neft bazarına necə təsir edəcək?

OPEC+ ölkələri cümə axşamı keçirilən nazirlərin onlayn iclasında neft hasilatı planları ilə bağlı bir sıra qərarlar qəbul ediblər.
 

Alyans dövlətləri neft hasilatının azaldılması ilə bağlı sövdələşmənin hazırkı şərtlərini 2025-ci ilin aprelinə qədər uzatmaq qərarına gəliblər. Bu barədə OPEC-in saytında dərc olunan bəyanatda deyilir. Alyans bütün OPEC+ iştirakçıları üçün 2025-ci ilin sonuna qədər qüvvədə olan ümumi istehsal həddini 2026-cı ilə qədər uzadıb. BƏƏ üçün isə kvotanın tədricən 300 min barel artırılması planları 2025-ci ilin yanvarından aprel ayına təxirə salınıb. Səkkiz ölkə (Əlcəzair, İraq, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qazaxıstan, Rusiya və Oman) könüllü olaraq istehsal məhdudiyyətlərini uzatmaq qərarına gəlib.

Mütəxəssislər bunun qlobal tələbatın azalması və OPEC+ üzvü olmayan ölkələrdə hasilatın artması ilə əlaqədar olduğunu izah edirlər.
Rusiya baş nazirinin müavini Aleksandr Novak məhdudiyyətlərin davam etməsini neft bazarındakı vəziyyətlə izah edib. O bildirib ki, bu, qışda neftə tələbatın azalması ilə bağlıdır. 
 
Hesabatda həmçinin xatırladılır ki, ölkələr bazar şəraitindən asılı olaraq sutkada 2.2 milyon barel hasilat artımını dayandıra və ya ləğv edə bilərlər.
 
Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC-in onlayn formatda keçirilən 38-ci iclasında iştirak edib. “OPEC+” ölkələri neft bazarındakı cari vəziyyəti müzakirə edərək 2026-cı ilin sonunadək hasilat göstəricilərini 39,7 milyon barel həcmində müəyyən ediblər. Bu razılaşmanı Azərbaycan da dəstəkləyib. Azərbaycanın gündəlik 551 min barel həcmində olan mövcud xam neft hasilatı kvotası isə bu dövrdə sabit saxlanılacaq.
 
Bəs OPEC+ qərarı bazara necə təsir edəcək?
 
OPEC-in neft hasilatına məhdudiyyətləri uzatmaq qərarı qiymətləri sabitləşdirməyə kömək edəcək. Bununla yanaşı, qlobal neft bazarının tarazlığının qorunması üçün gələcəkdə OPEC+ ölkələrinin istehsalı daha da məhdudlaşdırması gözlənilir. Bu qərar, OPEC+ üzvü olmayan ölkələrin, xüsusilə ABŞ-ın və Kanadanın hasilat artımına baxmayaraq, bazara olan təsirini balanslaşdırmaq məqsədini güdür. Geosiyasi risklər və iqtisadi amillər, neft qiymətlərinə də təsir edəcəkdir. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın sərt xarici siyasətinin və İranla əlaqəli qərarların, Yaxın Şərqdəki geosiyasi vəziyyətə təsiri, neftin qiymətinin artmasına səbəb ola bilər. Eyni zamanda, dolların möhkəmlənməsi və Çin iqtisadiyyatının stimullaşdırılması ilə bağlı gözləntilər də bazara təsir edəcək amillər arasında yer alır. Tramp administrasiyasının ilk addımları və İranla bağlı siyasətinin təfərrüatları, neftin qiymətində ciddi dəyişikliklərə yol aça bilər. OPEC+ ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı, bazara sabitlik təmin etmək və qiymətləri nəzarətdə saxlamaq məqsədini güdür.  Bu qərar, qısa müddətdə qiymətləri 70-75 dollar arasında saxlayacaq, lakin geosiyasi və iqtisadi amillər, xüsusilə ABŞ-ın xarici siyasətinin də təsiri ilə qiymətlərin artmasına səbəb ola bilər. Eyni zamanda, OPEC+ ölkələrinin qərarları, gələcəkdə bu müttəfiq ölkələrin təklif balansını tənzimləyərək, bazarın sabitliyini qorumağa çalışacaq.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər