Azərbaycan Avropanın təmiz elektrik enerjisinin təminat qapısıdır
İqtisadiyyat
307
17:07, Bu gün

Azərbaycan Avropanın təmiz elektrik enerjisinin təminat qapısıdır

Noyabr ayında Bakıda keçirilən COP29 sammitində qəbul edilən mühüm qərarlardan biri karbohidrogen ehtiyatlarından istifadəni azaltmaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq və alternativ, bərpa olunan enerji mənbələrindən əldə edilən enerjinin həcmini artırmaqla bağlıdır. Bu qərar, planetimizin qorunması və davamlı inkişafın təmin edilməsi üçün atılması zəruri addımlardan biridir. Bu sahədə artıq bir çox ölkədə müsbət təcrübələr mövcuddur və hər il günəş, külək və digər təmiz enerji mənbələrindən istifadə artmaqdadır.

Bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biri də Azərbaycandır. Statistikaya nəzər salsaq, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt həcmində qiymətləndirilir. Onların iqtisadi potensialı isə 27 QVt təşkil edir ki, bu da külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji üzrə 380 MVt və dağ çaylarının potensialı üzrə 520 MVt deməkdir. Bu səbəbdən, zəngin enerji resurslarına və dünya miqyasında böyük enerji ixracatçısı statusuna malik olmasına baxmayaraq, Azərbaycan təmiz enerji istehsalını genişləndirmək və dünyaya bərpa olunan enerji ixrac etmək niyyətindədir.

Tarixən neft və təbii qazla zəngin olan Azərbaycan, hazırda enerji keçidi prosesinə xüsusi diqqət ayıraraq enerji kompleksində bərpa olunan enerji mənbələrinin payını artırmağa çalışır. Statistikaya əsasən, 2024-cü ilin ilk 10 ayında külək elektrik stansiyalarında 45,6 milyon kilovat/saat, günəş elektrik stansiyalarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 dəfə artımla 486,3 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Bundan əlavə, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 166,5 milyon kilovat/saat (illik 6,9 % artım) elektrik enerjisi istehsal olunub. Bu nəticələr Azərbaycanın qalıq yanacaqlardan asılılığını azaltmaq istiqamətindəki qətiyyətini nümayiş etdirir.

Azərbaycan, zəngin neft və qaz ehtiyatlarına baxmayaraq, ekoloji narahatlıqlar, qlobal enerji trendləri və uzunmüddətli enerji təhlükəsizliyi zərurəti əsasında enerji kompleksini şaxələndirməyin vacibliyini yaxşı anlayır və bu istiqamətdə ciddi addımlar atır.

Bərpa olunan enerji mənbələrinə fokus

Azərbaycanın enerji keçidi yalnız külək və günəş enerjisi ilə məhdudlaşmır, həmçinin bioyanacaq və hidroenergetikadan da geniş istifadəni əhatə edir. Ölkə bərpa olunan enerji sahəsində təxminən 27 giqavatlıq iqtisadi potensialı ilə qlobal təmiz enerji sənayesində mühüm rol oynamağa hazırlaşır. Bu keçid, beynəlxalq iqlim məqsədlərinə uyğun olaraq, həm regional, həm də qlobal səviyyədə ciddi təsirlər yaratmaqla yanaşı, Azərbaycanın məsuliyyətli qlobal enerji oyunçusu kimi mövqeyini daha da gücləndirir. Təmiz və bərpa olunan enerji mənbələrinə keçid istiqamətində atılan addımlar Azərbaycanın günəş enerjisi sahəsində gələcəyinin çox ümidverici olduğunu göstərir.

COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi üzrə keçirilən hərracın qalibi elan olunub. Stansiyanın 2027-ci ildə istismara verilməsi planlaşdırılır və hər il təxminən 260 milyon kilovat/saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu isə ildə 57 milyon kubmetr təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan yaradacaq.

Eyni zamanda, COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu layihə, Azərbaycanın külək enerjisi potensialını reallaşdırmaqla yanaşı, ölkənin təmiz enerji istehsalını artıracaq və beynəlxalq iqlim məqsədlərinə töhfə verəcək.

Azərbaycanın bu addımları enerji siyasətində bərpa olunan mənbələrin əhəmiyyətli yer tutduğunu, ölkənin qlobal "yaşıl enerji keçidi"nə fəal şəkildə qoşulduğunu və təmiz enerji sənayesində liderlərdən birinə çevrilmək niyyətini təsdiq edir.

 

Bərpa olunan enerji mənbələrinin təşviqi

Azərbaycan bərpa olunan enerji sahəsində müxtəlif strateji təşəbbüslərlə fəal addımlar atır. Məsələn, 2023-cü ildə ölkədə bərpa olunan enerji istehsal gücü 373,6 meqavat artıb. Bu göstəricidə “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) xüsusi rolu var. “Masdar” şirkəti tərəfindən inşa edilən və ümumi gücü 230 meqavat olan stansiya istifadəyə verildiyi ilk ildə 458,8 milyon kilovat/saat elektrik enerjisi istehsal edib.

“ACWA Power” şirkəti tərəfindən inşa edilən və ümumi gücü 240 meqavat olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının isə yaxın gələcəkdə istifadəyə verilməsi planlaşdırılır. Gözləntilərə görə, stansiya ildə təxminən 1 milyard kilovat/saat elektrik enerjisi istehsal edəcək ki, bu da 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan çox karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.

Azərbaycan, həmçinin, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji zonaları"nın yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Əsas məqsəd bu əraziləri "yaşıl enerji zonası"na çevirməkdir. İlkin hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 9 200 meqavat bərpa olunan enerji potensialı mövcuddur. Bunlardan 7 200 meqavatdan çoxu günəş, 2 000 meqavatı isə külək enerjisi üzrə potensialdır. Xüsusilə Füzuli, Cəbrayıl və Zəngilan rayonları günəş enerjisi potensialı ilə, Laçın və Kəlbəcər rayonları isə külək enerjisi imkanları ilə zəngindir.

Hazırda Cəbrayıl rayonu ərazisində 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisi davam edir. Laçın və Kəlbəcər rayonlarında isə 400 meqavat gücündə külək elektrik stansiyalarının inşası planlaşdırılır. Bununla yanaşı, Qarabağın yerli su ehtiyatlarının 25 %-ə qədərinin bu ərazilərdə formalaşdığını nəzərə alaraq, burada geniş hidroenerji potensialının mövcud olduğunu da vurğulamaq olar.


Təmiz enerji keçidində əsas oyunçu

Azərbaycan günəş enerjisinə sərmayə qoymağı davam etdirərək, beynəlxalq təmiz enerji keçidində əsas oyunçulardan birinə çevrilir. Günəş enerjisi sektoruna daxil olması ölkənin geosiyasi əhəmiyyətini artırır, regional enerji təhlükəsizliyini gücləndirir və Avropa İttifaqının bərpa olunan enerji üzrə məqsədləri ilə uzlaşır. 2016-cı ildən etibarən bərpa olunan enerjinin Avropa İttifaqına ixracı Azərbaycanın etibarlı enerji təchizatçısı kimi potensialını nümayiş etdirir. Dayanıqlığa verdiyi əhəmiyyət və beynəlxalq tərəfdaşlıqları ilə Azərbaycan təmiz enerjiyə keçidə liderlik etməyə və geniş potensialını reallaşdırmağa hazırdır.

Bu inkişaflar sübut edir ki, Azərbaycan enerji bazarında, xüsusilə də təmiz enerji sektorunda qlobal oyunçuya çevrilmək istiqamətində ciddi irəliləyişlər əldə edir. Ölkənin artan potensialı və nüfuzu onu Avropanın təmiz elektrik enerjisinin əsas təminatçılarından birinə çevirib. Bu yanaşma enerji tələbatının ödənilməsinə, enerji təhlükəsizliyinin təmin edilməsinə və ətraf mühitlə bağlı çağırışlara perspektivli həll yolları təqdim edir.

Azərbaycanın Avropa İttifaqına bərpa olunan enerji ixracında artan rolu onun davamlı inkişaf təcrübələrinə sadiqliyini göstərir və qlobal davamlılıq səylərinə mühüm töhfə verir. Ölkədə inkişaf edən günəş enerjisi sənayesi Azərbaycanın etibarlı və dayanıqlı enerji təminatçısı kimi mövqeyini möhkəmləndirir, daxili infrastrukturun gücləndirilməsinə töhfə verir və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə ekoloji cəhətdən təmiz təcrübələri təşviq edir. /report/

Link kopyalandı!
Son xəbərlər