“Rusiya-Ukrayna müharibəsi get- gedə kəskinləşir, arealı böyüyür.Müharibənin necə sona çatacağı və sülhün nə zaman bərpa olacağı qeyri-müəyyəndir".
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Polad Mehdiyev deyib.
Siyasi şərhçi qeyd edib ki, ABŞ-də Bayden administrasiyasının hakimiyyəti dönəmində, Ukraynanın dəstəklənməsi, xüsusilə uzunmənzilli raketlərin Ukraynaya verilməsi, müharibənin xarakterini dəyişdi:
“Bu addım, Rusiya ilə münasibətləri daha da gərginləşdirib, müharibənin yalnız Ukrayna sərhədlərində deyil, daha geniş bir geosiyasi müstəvidə baş verdiyini göstərdi. Tramp seçki kampaniyası ərəfəsində münaqişənin qısa zamanda həll ediləcəyini vəd etmişdi. Lakin bu yanaşma, yalnız Trampın şəxsi iradəsindən asılı deyil. ABŞ-də Ukraynaya ciddi dəstək verən senatorlar mövcuddur ki, onların fikirlərini nəzərə alaraq, ABŞ-ın Ukraynanı dəstəkləməsi çox güman ki, davam edəcək. Bütün bu amillər, müharibənin uzanmasına və daha da mürəkkəbləşməsinə səbəb olur”.
P.Mehdiyevin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi dünyadakı sistemi dəyişdi:
“Avropa ölkələri, əvvəllər Rusiya qazından asılı idilər. Lakin müharibənin fonunda bu dəyişdi. Avropanın böyük dövlətləri, qaz təchizatını alternativ mənbələrdən təmin etməyə başladılar və bu, Rusiya ilə əlaqələrdə yeni bir mərhələyə keçməsinə səbəb oldu. Bu müharibə fonunda, Avropa ölkələri öz mövqelərini yenidən nəzərdən keçirdilər və Rusiya qazı olmadan da yaşamağın yollarını axtardılar. Görünən odur ki, Avropanın Ukraynaya dəstəyi davam edəcək və bununla da müharibənin uzanması qaçılmaz olacaq. Vacib nüans ondan ibarətdir ki, moderatorluq artıq Amerikadan Almaniyaya keçir. Bu o deməkdir ki, koordinasiyanı artıq Avropa özü həyata keçirəcək. Avropa tərəfindən yetərli dəstəyin verilməsi bu müharibədə Ukraynanın duruş gətirməsinə səbəb olacaq.
Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq Ukraynanın ərazi bütövlüyünü tanıyır. Bu, Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biridir. Eyni zamanda, Azərbaycan Rusiyanın strateji müttəfiqi olsa da, Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdədir”.
Siyasi şərhçi xatırladıb ki, Rusiya müharibə nəticəsində zəbt etdiyi torpaqları öz ərazisinə qatmaq üçün referendum keçirdi:
“Bu, beynəlxalq hüquq baxımından qeyri-qanuni olsa da, Rusiyanın məqsədi bu əraziləri özünün bir hissəsi kimi qəbul etdirməkdir. Lakin Ukrayna və beynəlxalq ictimaiyyət bu qərarı tanımır. Rusiyanın Ukrayna torpaqlarını geri qaytarması üçün müharibədə məğlub olmalı və referendum keçirilməlidir.
Bəs Rusiyanın məğlub olması gözlənilirmi? Gözlənilir. Müharibənin dərinləşməsi ilə Ukrayna kimi Rusiya da iqtisadi və hərbi baxımdan ciddi itkilərə uğrayır, bu da onun müharibəni davam etdirmək üçün mövqeyini zəiflədir. Bələ olan halda Rusiya zəbt etdiyi torpaqları geri qaytara bilər”.
Mehin Mehmanqızı