Paytaxtımız dünyanın sürətlə inkişaf edən və beynəlxalq tədbirlərin sıx keçirildiyi ölkələrdən biridir. Eyni zamanda ölkəmizə gələn turistlərin əksəri Bakıda məskən salır. Bu tendensiya getdikcə artmağa başlayır. Tıxacların sayı ilə gün keçdikcə artmağa başlayır. Xüsusilə tıxaclar 20 Yanvar-Xırdalan, Masazır istiqamətində qeydə alınır. Bu, həm də onunla nəticələnir ki, 20 Yanvar tıxananda Tiflis prospekti, Zərdabi və Mətbuat prospektləri, Dərnəgül yolu, 3-cü mikrorayon dairəsi də iflic olur. Çünki bu yollarda hərəkət zəncirvari şəkildə bir-birinə bağlıdır. Xüsusən də Xırdalan və Masazıra gündəlik gedib-gələn insanlar da saatlarla yollarda qalır. Bəs görəsən uzun müddətdir gündəmdə qalan Xırdalana metronun çəkilməsi nə zamana gözlənilir?
Mövzu ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Moderator.az-a danışdı. Bildirdi ki, hər zaman aktual olan bu mövzu ilə bağlı qarşıda heç bir plan yoxdur:
"Bakı şəhərinin sonuncu -2023-cü il dekabrın 30-da təsdiq olunmuş baş planında və eyni zamanda Bakı Metropolitenin 2011-ci ildə təsdiq olunmuş konseptual inkişaf sxemində Xırdalana metro çəkilməsi nəzərdə tutulmayıb. Ən əsası odur ki, 2040-cı ilə qədər Bakı şəhərinin baş planında nəzərdə tutulmuş 2040-cı ilə qədər olan dövr üçün metro xəttinin Xırdalana qədər uzadılması və yaxud "Xırdalan- Bakı" metro xəttinin əlaqələndirilməsi kimi bir plan yoxdur".
Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Aslan Əsədov bildirdi ki, bu mövzu ilin bir neçə ayında aktuallaşsa da heç bir nəticə vermir:
"Hamının ürəyincə olan və maraqlandıran bir sual var "Xırdalana metro çəkiləcəkmi?". Əslində yerində və zamanında verilmiş bir sual olsa da bununla bağlı heç bir plan yoxdur. Şəhərdə müəyyən dərəcədə sıxlıqlar azalması üçün Xırdalana metronun çəkilməsi çox vacibdir. Tıxacın aradan qaldırılması, insanların tıxac problemindən azad olunması üçün Xırdalana və Masazıra metronun çəkilməsi vacibdir. Ümid edirəm ki, ölkəmizdə keçirilən COP 29 tədbirindən sonra bu mövzu barədə hər hansı bir qərar qəbul olunar".
Moderator.az