Bizi sosial şəbəkələrdən izləyin:
Son bir neçə ildir ki, Azərbaycanda, o cümlədən paytaxt Bakıda xeyli sayda insan mənzil problemini ipoteka krediti və digər yollarla həll edib. Bununla belə, ölkədə hələ də evi olmayan minlərlə insan var və onlar adətən başqasının evində kirayəçi kimi yaşayırlar. Azərbaycanda kifayət qədər kirayə bazarının formalaşıb. Amma bu bazarda sövdələşmələrin demək olar ki, hamısı xaotik formada – şifahi razılıq əsında baş tutur. Yəni, evini kirayəyə verən və kirayəyə ev götürən şəxslər bir qayda olaraq müqavilə bağlamırlar. Bu isə həm ev sahiblərinin və kirayəçilərin hüquqları baxımından risk yaradır, həm də kirayə bazarına nəzarət etməyə, bazar iştirakçılarını vergiyə cəlb etməyə mane olur.
Bəs görəsən kirayə müqaviləsi bağlamayan tərəfləri hansı cəza gözləyir?
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Emil Aslanov Moderator.az-a danışdı.
"Əmlakını kirayə verən şəxs ilkin olaraq yazılı şəkildə müqavilə bağlamalıdır. Qanunvericilikdə də yeni Mülki Məcəllədə də qeyd edilir ki, əmlak kirayə müqaviləsi yazılı şəkildə bağlanmalıdır. Notarial qaydada bağlanmasına zərurət yoxdur. Əmlak kirayə verilərkən mülkiyyətçi ordan gəlir əldə edirsə, bu halda Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin 14 faizi miqdarında vergi verməlidir. Bundan əlavə əgər vergidən yayınma halları baş verərsə, yəni vergi verilməzsə, bu halda İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə uyğun olaraq qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma maddəsi ilə inzibati xəta nəticəsində vurulmuş zərərin, yəni gəlirin iki mislindən dörd mislinə qədər cərimə nəzərdə tutulur.
Kirayə yaşayan şəxs həmin əmlakda 60 gündən artıq müddət ərzində yaşayacaqsa bu halda Daxili İşlər Nazirliyinə məlumat verməlidir və həmin mənzilə qeydiyyat müvəqqəti qeydiyyata düşməlidir. Müvəqqəti qeydiyyat o deməkdir ki, yəni daimi qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxmır. Sadəcə, həmin mənzildə yaşadığına görə orda qeydiyyatda durur ki, yəni bu şəxs artıq burada yaşayır. Vətəndaşın müvəqqəti qeydiyyata alınmadığı nəticəsində həmin şəxslərdə İnzibati Xətalar Məcəlləsi ilə cərimə edilə bilər. Yəni həmin maddənin sanksiyasında həm xəbərdarlıq, həm də 30 manat miqdarında cərimə nəzərdə tutulub".