Qızılın qiymətinə təsir göstərən amillər hansılardır? - AÇIQLAMA
İqtisadiyyat
863
11:46, Bu gün

Qızılın qiymətinə təsir göstərən amillər hansılardır? - AÇIQLAMA

Bir müddətdir ki, dünya bazarında qızılın qiymətində dalğalanmalar davam edir. Bu uzunmüddətli bahalaşma, iqtisadi qeyri-sabitliklər, inflyasiya gözləntiləri, geosiyasi gərginliklər və ən əsası, ölkələrin qızıl ehtiyatlarını artırmaq məqsədilə həyata keçirdikləri strategiyalar ilə əlaqəlidir. Xüsusən, Çin, Hindistan, Rusiya və Türkiyə kimi böyük iqtisadiyyatlar qızılı valyuta və qiymətli kağızlarla müqayisədə daha etibarlı bir aktiv kimi görərək, öz ehtiyatlarını artırmağa səy göstərirlər.
 
Bu barədə Moderator.az-a açıqlama verən iqtisadçı Fuad İbrahimov qeyd edib ki, qızılın qiymətində müşahidə olunan son iki həftəlik ucuzlaşma, müvəqqəti bir düzəliş kimi qiymətləndirilə bilər:
 
“2024-cü ilin noyabrının əvvəlində dünya birjalarında qızılın qiyməti bir qədər azalmağa başladı. Lakin bu, uzunmüddətli artım tendensiyasına qarşı bir tənəzzül deyil, sadəcə bir bazar düzəlişidir. Hər bir aktivin qiymətində müəyyən vaxtlarda təbii olaraq düzəlişlər, yəni “korrleksiya” baş verir. Bu zaman qiymətlər qısa müddətli olaraq aşağı düşə bilər, amma bu heç vaxt uzunmüddətli qiymət artımını dəyişdirməz. Qızılın qiymətinin azaldığı bu dövr, həm də rekord səviyyələrə çatmış qiymətlərin bir qədər düzəlməsindən qaynaqlanır. Əgər qızılın qiyməti 2024-cü ilin əvvəllərində yüksək maksimumlara çatıbsa, bazar düzəlişi olaraq qiymətlərin bir qədər aşağı düşməsi mümkündür. Lakin bu ucuzlaşma, qızılın ümumi artım trendini əks etdirmir”.
 
Azərbaycan bazarında qızılın qiymətinin  dünya birjalarındakı qiymətlərə birbaşa bağlı olduğunu deyən iqtisadçı vurğulayıb ki, qızılın dünya bazarındakı qiyməti, ölkə daxili bazarında da qiymətlərin formalaşmasına təsir edir:
 
 “Azərbaycanda, xüsusən də zərgərlik sahəsində, qızılın qiyməti yalnız dünya birjalarında baş verən dəyişikliklərə görə tənzimlənmir. Bununla yanaşı, zərgərlik işçilərinin zəhmət haqqı, məhsulun hazırlanmasında istifadə olunan digər materiallar və işçi xərcləri də qiymətlərin formalaşmasında rol oynayır. Bu səbəbdən, dünya bazarlarında baş verən qısa müddətli ucuzlaşma, Azərbaycan bazarında dərhal hiss olunmaya bilər. Noyabrın əvvəlində qızılın qiymətindəki düşüş, Azərbaycan bazarında daha çox “müvəqqəti” bir düzəliş olaraq qəbul edilir. Zərgərlik məhsullarının qiyməti, dünya qiymətlərinə uyğun olaraq bahalaşarsa, Azərbaycanda da qiymətlər artacaq. Amma qiymətlərin müəyyən bir sərhəddə sabit qalması da mümkündür. Dünya bazarlarında qızılın qiyməti bahalaşdığı halda, Azərbaycanda da qiymətlərdə artım müşahidə olunacaq. Həmçinin, qızılın qiymətindəki dəyişikliklər, yalnız qlobal bazar şərtlərindən asılı deyil. Yerli iqtisadiyyat, Azərbaycanın xarici ticarət əlaqələri və valyuta məzənnələri də bu dinamikaya təsir edir. Qızılın qiymətindəki dəyişikliklər həm beynəlxalq bazarlarda baş verən dəyişikliklərlə, həm də ölkə daxilindəki iqtisadi şərtlərlə əlaqəlidir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər