Rusiya və Ukrayna arasındakı müharibə, yalnız döyüş meydanında deyil, həm də qlobal maliyyə bazarlarında böyük təsirlər buraxmağa davam edir. Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı yeni proqramını açıqlaması, bu gərginliyin daha da artmasına səbəb olub.
Bu dəyişiklik, xüsusilə müharibənin daha da şiddətlənə biləcəyi və nüvə silahlarının istifadəsinin mümkünlüyü ilə bağlı qlobal narahatlığı artırıb. Nüvə silahı ilə bağlı bu qərar, yalnız Rusiya üçün deyil, dünya birjaları üçün də təhlükəli bir siqnal olaraq qəbul edilib.
Bu barədə Moderator.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli qeyd edib ki, geosiyasi gərginliklər və nüvə təhlükəsinin artması, maliyyə bazarlarında gərginliyə səbəb olub:
“Putinin nüvə proqramı ilə bağlı bəyanatları, artıq bir neçə aydır müzakirə olunan və gözlənilən bir dəyişiklik idi. Lakin, bu dəyişikliklərin rəsmi olaraq açıqlanması, dünya bazarlarında ciddi reaksiyalarla qarşılandı. Investorlar bu cür geosiyasi gərginliyin artmasından narahat olaraq daha təhlükəsiz aktivlərə, xüsusən də dövlət istiqrazlarına və qızıl kimi "sığınacaq" aktivlərə yönəlirlər. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 4,36%-ə enib, bu isə investorların riskli aktivlərdən qaçaraq daha təhlükəsiz olan istiqrazlara yönəldiklərini göstərir. Bu vəziyyət, dünya bazarlarında ümumi bir çaxnaşmaya səbəb olub. Qızılın qiyməti isə 0,7% artaraq, təhlükəsiz liman olaraq tanınan bu qiymətli metalın tələbinin artdığını göstərir.
Bununla yanaşı, ABŞ və Avropada fond birjaları da böyük düşüşlər yaşayır. Wall Street fyuçersləri, Dow Jones indeksi 0,6%, S&P 500 0,4%, Nasdaq isə 0,5% aşağı enib. Avropanın əsas indeksləri də aşağı düşüb. Bu vəziyyət, investorların geosiyasi risklərdən qaçaraq daha sabit və etibarlı aktivlərə sığınmalarının təbii bir nəticəsidir”.
İqtisadçı qeyd edir ki, gərginlik artdıqca, silah istehsalı ilə məşğul olan şirkətlərin səhmləri yüksəlir, çünki müharibənin şiddətlənməsi, bu sektorun gəlirinə müsbət təsir göstərə bilər. Lakin, ümumilikdə fond birjalarında eniş gözlənilir, çünki müharibənin genişlənməsi, qlobal iqtisadiyyatı sarsıdacaq.
X.Kərimlinin sözlərinə görə, Azərbaycan, dünya neft bazarlarına bağlı olan bir ölkədir və bu geosiyasi gərginliyin artması, ölkənin iqtisadiyyatını da birbaşa təsirləndirə bilər:
“Neft qiymətləri ilə əlaqəli olaraq, Azərbaycanın əsas ixrac məhsulları olan neft və qazın qiymətləri qlobal bazarlarda dəyişiklik göstərə bilər. Rusiya və Ukrayna arasındakı gərginlik, xüsusilə neft və qaz təminatı ilə bağlı narahatlıqlara yol açır, bu da qiymətlərin artmasına səbəb ola bilər”.
Mehin Mehmanqızı