Manat dolları “yeyir”
İqtisadiyyat
2936
06 Nov 2024 | 09:15

Manat dolları “yeyir”

Oktyabr ayında Mərkəzi Bank son 7 ildə ilk dəfə valyuta bazarına xarici valyuta intervensiyası həyata keçirib
 
Azərbaycanda dollara tələbat artmağa davam edir. Rəsmi məlumata əsasən, 2024-cü ilin 10 ayı ərzində Dövlət Neft Fondu Mərkəzi Bankla birlikdə təşkil olunan hərraclarda 5 milyard 919,4 milyon dollar satıb. Bu isə o deməkdir ki, yanvar-oktyabrda fondun valyuta satışı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyard 379,9 milyon dollar və ya 2,3 dəfə artıb.
 
On ayda keçirilən hərraclarda yalnız oktyabr ayında Neft Fondu ilə yanaşı, Mərkəzi Bankın öz vəsaitləri də satışa çıxarılıb. Başqa cür desək, oktyabr ayında Mərkəzi Bank son 7 ildə ilk dəfə valyuta bazarına xarici valyuta intervensiyası həyata keçirib. Tənzimləyici bildirir ki, cari ildə valyuta bazarında sabitlik qorunub, Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tələb tam təmin edilib: “Ümumilikdə valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bununla belə, ötən ay Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə 424 milyon ABŞ dolları məbləğində xüsusi satış olub. Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 241 milyon ABŞ dolları azalıb. Valyuta satışı Mərkəzi Bank tərəfindən 2023-cü ildə valyuta bazarından alınmış 2.1 milyard ABŞ dolları həcmində xarici valyuta hesabına aparılıb. Valyuta satışı əvvəlki illərdə alışyönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verir ki, bu da ortamüddətli dövrə makroiqtisadi dayanıqlığı dəstəkləyir”.
 
Noyabrın 1-də faiz dərəcəsi qərarının açıqlanmasına həsr olunmuş brifinqdə Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov qeyd edib ki, ilin sonuna qalan 2 ay müddətində də AMB valyuta bazarına satışyönlü müdaxilə edəcək.
 
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında AMB-nin Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında ümumilikdə 6 milyard 116,8 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,15 dəfə çoxdur.
 
Təkcə oktyabr ayında valyuta satışının həcmi 738,7 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,5 dəfə çoxdur. Dövlət Neft Fondunun açıqladığı məlumata görə, qurum oktyabrda hərraclarda 174,4 milyon dollar satıb. Mərkəzi Bank da xüsusi satış yolu ilə 424 milyon dollar çıxarıb hərraclara. Qalan vəsaitin mənbəyinə dair sorğumuza AMB-dən verilən cavabda qeyd olunur ki, Mərkəzi Bankın xüsusi satışından əlavə, valyuta satışlarının həyata keçirilməsi prosesinin xüsusiyyətlərini nəzərə alaraq, hansısa ayın sonuna fondun satışı ilə hərraclarda satılmış valyuta arasında fərq ola bilər: “Belə ki, ilkin mərhələdə fond xarici valyutanı Mərkəzi Banka satsa da, hərraclarda valyuta satışı növbəti dövrə təsadüf edə bilər. Cari ilin oktyabr ayında hərraclarda satılmış vəsait ilə fondun açıqladığı rəqəm arasındakı fərqin yuxarıda qeyd olunan xüsusi satışdan əlavə hissəsi fond tərəfindən sentyabr ayında satılmış vəsaitin oktyabr ayında banklara satılması ilə əlaqədardır”.
 
Qeyd edək ki, Neft Fondu sentyabrda 732,3 milyon ABŞ dolları məbləğində vəsait satdığını açıqlayıb. Mərkəzi Bankın hərraclarında isə satışların həcmi 582,9 milyon ABŞ dolları təşkil edib (bir il əvvələ nisbətən 2,4 dəfə çox). Bu isə o deməkdir ki, fondun satdığı valyutanın 149,4 milyon dollarını Mərkəzi Bank özü alıb. Eyni zamanda rəqəmlər göstərir ki, oktyabr ayında Mərkəzi Bankın ümumi valyuta satışı 564,3 milyon dollara bərabər olub.
 
Onu da qeyd edək ki, dollara tələbat artsa da, Mərkəzi Bank vəziyyətin nəzarət altında olduğunu bildirir. Belə ki, AMB-nin məlumatına əsasən, Azərbaycanda tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin 9 ayında 5.2 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb: “Yenilənmiş proqnozlara görə, cari əməliyyatlar balansında profisitin 2024-cü ildə sonuna 5.3 milyard ABŞ dolları, 2025-ci ilə isə 5.5 milyard ABŞ dolları olacağı gözlənilir”.
 
Dövlət Gömrük Komitəsinin statistikası göstərir ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi  34 milyard  498 milyon 170.03 min dollar təşkil edib. Bunun 19 854 929.48 min dolları ixrac, 14 milyard 643.24 milyon dolları isə idxaldır. Bu isə o deməkdir ki, ixracımız illik ifadədə 25 faiz azalıb, idxalımız isə 16 faiz artıb. Ümumilikdə ticarət dövriyyəsinin həcmində isə 11,7 faiz azalma var.
 
Doqquz ayın yekununda Azərbaycanın xarici ticarət dövriyyəsinə 5 milyard 211.69 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,7 dəfə  azdır.
 
Ayrıca götürdükdə, sentyabr ayında 2024-cü ildə ikinci dəfə xarici ticarətdə mənfi saldo qeydə alınıb. Belə ki, ötən ay xarici ticarət dövriyyəsi 3 milyard  502 milyon 170.07 min dollara bərabər olub. Bu zaman ixrac 1 623 153.27 min dollar, idxal isə 1 879 016.80 min dollar təşkil edib, nəticədə ticarət balansında 255 milyon 863.53 min dollar kəsir yaranıb.
 
Rövşən Ağayev
 
İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, dollara tələbatın artmasının bir neçə səbəbi var: “Əsas səbəb hökumətin ehtiyaclarıdır. Əvvəla, ötən ilə nisbətən Neft Fondundan büdcəyə transfertlər 3 dəfəyə yaxın artıb. Əgər keçən ilin 9 ayında dövlət büdcəsinə fonddan 2 milyard dollar köçürülmüşdüsə, bu il həmin rəqəm 6 milyard dollara yaxınlaşıb. Bu ilə qədər bazarda biznes və ev təsərrüfatlarının valyuta tələbi aşağı olduğu üçün Mərkəzi Bank əlavə manat emissiyası hesabına fondun satdığı valyutanı özü alırdı, əks halda, dövlət büdcəsinin icrası mümkün olmazdı. Bu səbəbdən 2023-cü il ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 2 milyard dollardan çox artmışdı.
 
Amma 2024-də vəziyyət dəyişdi - işğaldan azad edilmiş ərazilərin xaricdən idxalla bağlı ehtiyacların və çox güman ki, hərbi tələbatın artması səbəbindən hökumətin idxalı birdən-birə 2 milyard dollar (2 dəfəyə yaxın) artdı. Və satılan dollar kütləsinin də əsas alıcısı dövlət özü oldu. Təkcə 9 ayda dövlət sektorunun idxalı üçün bazardan 4 milyard dollara yaxın alış olub (ötən il 2,2 milyard dollar).
 
Şübhəsiz, özəl sektorun da idxalında genişlənmə var (təxminən 5 faiz). Üstəlik, ilin ilk yarısında xaricə birbaşa investisiyalar 50 faizə yaxın artıb. Bank sektorunun xarici aktivlərə yönəltdiyi vəsait 10 faizə yaxın artıb. Bunlar da xarici valyuta tələbini artıran amillərdir.
 
Hökumət daxildə valyuta ticarətinə elə sərt nəzarət və məhdudiyyətlər tətbiq edir ki, əhalinin bu prosesə həlledici təsiri xeyli dərəcədə istisna olunur".
 
Mərkəzi Bankın valyuta satışına başlaması istər-istəməz devalvasiya gözləntilərini artırır. Amma R.Ağayev hesab edir ki, devalvasiya hökumətə xeyli üstünlüklər gətirsə də, indiki şəraitdə real deyil: “Devalvasiya həmişə hökumət üçün xilasedici alətdir. Təkcə valyuta tələbini azaldıb bazarda sabitlik yaratmaq baxımından yox, həm də Neft Fondunun transfertləri, xarici şirkıətlərin valyuta ekvivalentində vergi ödənişləri hesabına büdcəyə manatla daha çox mədaxili təmin etmək, fondun köçürmələrində qənaəti təmin etmək baxımından. Lakin hazırkı şərtlərdə, xüsusən tədiyə balansında, onun cari hesablar hissəsində böyük həcmdə profisitin yarandığı şəraitdə, valyuta axınlarına ən sərt şəkildə məhdudiyyət və nəzarətin olduğu şəraitdə devalvasiya real görünmür. Biznes və ev təsərrüfatlarının kəskin tələbi olduğu və bu tələbin ölkəyə gələn valyuta kütləsini üstələdiyi, onların valyuta açığı ciddi şəkildə böyüdüyü şəraitdə devalvasiya qaçılmaz olur. Amma indki halda izafi valyuta tələbini əsasən hökumət formalaşdırır. Əsas məsələ odur ki, bu tələb nə qədər uzun müddətə belə yüksək səviyyədə qalacaq”.
 
Neft Fondunun oktyabrda dollar satışını bir neçə dəfə azaltması ilin sonuna qalan 2 ayda dollara tələbatın yalnız Mərkəzi Bank ehtiyatları hesabına təmin olunması təhlükəsi yaradırmı? Ekspert bildirir ki, fond il ərzində 7,5 milyard dollar satmalıdır: “Doqquz ayın yekunlarına görə 5,5 milyard dollar satmışdı. Axırıncı 3 ay üçün hələ 2 milyardlıq limiti var. Mərkəzi Bank ötən il bazarda tələb olmayanda izafi manat emissiyası ilə öz ehtiyatlarını artırmışdı. Məncə, indi həmin izafi manat kütləsini sterilizasiyasına ehtiyac hiss edir. Ötən il valyuta alışı üçün pul bazasını 3 milyard manata yaxın genişləndirmişdi. İzafi pul kütləsi inflyasiya təzyiqini də artırır”.
 
Son olaraq qeyd edək ki, ölkə daxilində dollara tələbatın artması Azərbaycandan xaricə satılan məhsullara görə ödənişlərin ölkəyə gətirilməsi prosesinə nəzarətin gücləndirilməsinə səbəb olub. Açıqlanan rəsmi məlumatlardan aydın olur ki, 2024-cü ilin ötən dövründə yalnız kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 1,1 milyard manatdan çox vəsait ölkəyə gətirilməyib. Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən həyata keçirilən istintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan şəxslər ilə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Hazırda istintaq davam edir.
Link kopyalandı!
Son xəbərlər