“Bu günlərdə dünyanın diqqəti bir neçə gündən sonra Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına - COP29-a yönəlibdir. Azərbaycan COP29-a evsahibliyi etməsi ilə ekologiyanın çirkləndirilməsinin qarşısını almaq sahəsində üzərinə götürdüyü tarixi öhdəliyi uğurla yerinə yetirdiyini bir daha sübut etdi. Ölkəmiz bu tədbirin beynəlxalq aləm üçün xüsusi əhəmiyyətini nəzərə alaraq ona ciddi hazırlaşıb”.
Bu sözləri iqtisad elmləri doktoru, professor, keçmiş maliyyə naziri Fikrət Yusifov Moderator.az-a açıqlamasında bildirib.
Fikrət Yusifov qeyd edir ki, son 20 ildə Azərbaycan yalnız yerləşdiyi Cənubi Qafqaz regionunda deyil, bütün dünyada söz sahibi olan dövlət kimi tanınıbdır:
“Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan nəhəng transmilli layihələr və bu layihələrin nəticəsi kimi Azərbaycanın Avropanın etibarlı yanacaq-enerji təchizatçılarından birinə çevrilməsi, şərqlə qərbi birləşdirən orta marşrutun və Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi beynəlxalq yolun fəaliyyətə başlaması dünyada ölkəmizin nüfuzunun sürətlə artmasına səbəb oldu.
Ötən illlər ərzində respublikamızda dünyaya səs salacaq bir çox beynəlxalq tədbirlər keçirildi. Bu gün ölkəmiz ən mühüm beynəlxalq tədbirlərin keçirilməsinin uyğun məkanı kimi hamı tərəfindən qəbul edilir. COP29 kimi bir mötəbər tədbirin respublikamızda keçirilməsi BMT tərəfindən ölkəmizdəki ictimai-siyasi və iqtisadi sabitliyə verilən qiymətin ifadəsidir”.
Professor vurğulayır ki, son illər Azərbaycan regionda “yaşıl enerji”nin inkişaf etdirilməsi istiqamətində bir-birinin ardınca önəmli addımlar atır:
“COP29-un respublikamızda keçirilməsi, eyni zamanda, Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyin ifadəsidir. Azərbaycan COP29-a evsahibliyi edəcəyi 2024-cü ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Azərbaycan indi “yaşıl enerji” istehsalını artırmağa və “yaşıl enerji”ni dünya bazarlarına çıxarmağı hədəfləyir və artıq bu istiqamətdə ciddi addımlar atır. Bu, ölkəmizin enerji strategiyasında yeni eranın başlanğıcı deməkdir.
Hökumətin ölkədə “yaşıl enerji”nin inkişafına dair müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması nəzərdə tutulur.
Azərbaycanda keçiriləcək COP29 tədbiri bu potensialın reallaşdırılması məqsədilə ölkəmizə xarici investisiyaların cəlb edilməsinin münasib platforması olacaqdır”.
Mehin Mehmanqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.