Sabiq nazirdən ölkə iqtisadiyyatı ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI:
İqtisadiyyat
2028
21 Oct 2024 | 11:42

Sabiq nazirdən ölkə iqtisadiyyatı ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: "İnqilabi dönüş etmək zamanıdır”

“Rəsmi statistikanın verdiyi məlumata görə, cari ilin 9 ayı ərzində ölkə iqtisadiyyatı ümumilikdə 4,7%, qeyri-neft iqtisadiyyatı isə 7,1% artıb. Dövlət büdcəsinin gəlirlərində 25, 6%, xərclərində isə 8,4% artım qeydə alınıb. Cari ilin sentyabr ayının 1-nə olan məlumata görə, əhalinin banklarda olan əmanətlərinin həcmi 12,8%, kredit qoyluşları 23,0% artıb. Doqquz ay ərzində cəmi 1,5% infilyasiya qeydə alınıb”.
 
Bu sözləri İqtisad elmləri doktoru, professor,  keçmiş maliyyə naziri Fikrət Yusifov Moderator.az-a açıqlamasında bildirib.
 
 
F.Yusifovun sözlərinə  görə, bütün bu göstəricilər deməyə əsas verir ki, cari il pozitiv nəticələrlə yekunlaşacaq: 
 
“Ölkə iqtisadiyyatının qeyri-neft sektoru son illər ərzində yüksələn xətlə inkişaf edir. Lakin son illərdə və eləcə də cari ilin 9 ayı ərzində iqtisadiyyata əsaslı vəsait qoyluşlarının həcmi davamlı şəkildə azalır. Belə ki, bu ilin 9 ayı ərzində əsaslı vəsait qoyluşunun həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 3,9% azalıb, o cümlədən qeyri neft-qaz sektoruna yatrımların həcmi 1,6% aşağı düşüb. Əgər biz son illər ərzində və eləcə də cari ilin 9 ayı ərzində işğaldan azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsinə Dövlət büdcəsindən və digər mənbələrdən yönləndirilən əsaslı vəsait qoyluşlarını nəzərə almasaq, o halda ölkə iqtisadiyyatına yatrımların daha kəskin azaldığına şahid olarıq”. 
 
Fikrət Yusifov hesab edir ki, iqtisadiyyat avtomobil kimidi, ona yanacaq tökməsən, hərəkət etməz, yerində dayanar və zamanla da  sıradan çıxar. İqtisadiyyat da belədir:
 
“Yatırımlar etməsən, artım əldə edə bilməzsən, ən yaxşı halda iqtisadiyyat yerində sayar və getdikcə çökməyə üz tutar. Bu sətirləri biz illərdi yazırıq və həyacan təbili çalıb vəziyyətin kritikliyini hakimiyyət yetkililərinin diqqətinə çatdırmağa çalışsaq da bunun bir nəticəsi olmur. Neftə, neftin gətirdiyi dvidendlərə güvənmək olmaz. Neft erası bitməyə doğru gedir. Dünyada yaşıl enerji bumunun baş verdiyi bir indiki dönəmdə ortaya iqtisadiyyatın real sektorunun inkişafını təmin edəcək inqilabi baxışlar qoymaq lazımdır. Söhbət  dünyanın enerji balansında baş verən inqilabi dəyişikliklərə adekvat olan baxışlardan gedir. 
Diqqət etsək, neft və qazdan gələn gəlirlər hesabına formalaşan xarici ticarət dövriyyəmizdə son bir neçə ildə nələr baş verir. Cari ilin ilk yarısında Azərbaycanın xarici ticarət balansında 4 milyard 623,4 milyon dollar profisit olub. Nəzərə alsaq ki, bu rəqəm 2022-ci ilin ilk yarısında – 13 milyard 22,4 milyon dollar, 2023-cü ilin ilk yarısı – 7 milyard 488,9 milyon dollar olub vəziyyətin necə dəyişə bildiyini obyektiv qiymətləndirə bilərik. Xarici ticarət balansımızda müsbət saldo əsasən neft və qaz ixracının hesabına formalaşır. Son üç ilin birinci yarısında xarici ticarət balansının profisitində qeydə alınan azalmalar bir tərəfdən dünya bazarlarında neftin və qazın qiymətlərində baş vermiş dəyişikliklərin nəticəsində baş veribsə, digər tərəfdən, Azərbaycanda neft hasilatının və bu səbəbdən onun ixracının ildən-ilə aşağı düşməsi ölkəyə möhkəm valyuta axınının azalmasına gətirib çıxarıbdır”.
 
Professor onu da bildirib ki , son 10 ildə ölkədə neft hasilatının dinamikasına nəzər salsaq,  2013-cü ildə respublika üzrə neft hasilatı 44,6 mln. ton təşkil edirdisə, 2022-ci ildə bu göstərici 32,7 mln. tona, 2023-cü ildə isə 30,2 mln.tona enib və bu son 15 il ərzində qeydə alınan ən aşağı göstəricidir:
 
“Neft hasilatı üzrə pik göstərici 50,8 mln. ton olub ki, bu da 2010-cu ildə baş verib. Neft hasilatının belə kəskin aşağı düşməsi və digər tərəfdən dünya enerji balansının alternativ enerji mənbələrinin xeyrinə sürətlə dəyişməsi bizdən ölkə iqtisadiyyatının neftdən asılılığını optimallaşdırmaq üçün ortaya ciddi səylər qoymağı tələb edir. Bəli, bu istiqamətdə son 20 ildə müəyyən işlər görülüb, lakin görünən budur ki, bunlar yetərli deyil. Bu gün ümumi ixracımızın 88,0%-nin neft və qazın hesabına formalaşması dediklərimizin təsdiqidir. Bu gün bizim qeyri-neft ixracımız ümumi ixracımızın 12,0%-dən çox deyil. Odur ki, indi real sektorun inkişafı istiqamətində elə addımlar atmaq lazımdır ki, bu mənzərəni yaxın bir neçə ildə dəyişdirmək mükün olsun. Keçən 2023-cü ildə 17,3 milyard ABŞ dolları həcmində idxal etmişik. Real sektordan ixracımız isə cəmisi 3,3 milyard dollar təşkil edib ki, bu da cəmi idxalımızın 19,0%-dən çox deyil. Bu çox azdır. Ona görə də ölkə iqtisadiyyatının real sektoruna yerli və xarici investisiyaların böyük axınını təmin edə biləcək addımlar atmaq gərəkdir. Bir qədər də obrazlı desək, bu məsələdə inqilabi dönüş etmək zamanıdır”.
 
Mehin Mehmanqızı
 
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb.
 
Link kopyalandı!
Son xəbərlər