Bizi sosial şəbəkələrdən izləyin:
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin I rübündə Azərbaycanda 29 milyard 96,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Cari ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 3 milyard 809,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4% çox investisiya yönəldilib.
Ölkə iqtisadiyyatındakı artım daha çox hansı sahələrdə nəzərə çarpır? Hökumətin bu rüb üçün verdiyi proqnozlarla mövcud artım nə dərəcədə uyğun gəlir?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını iqtisadçı ekspert Xalid Kərimli cavablandırıb.
Ekspertin sözlərinə görə, bu ilin I rübündə ÜDM-in istehsalı ötənilki göstəricilərlə müqayisədə artsa da, 2023-cü ilin son iki ayı ilə müqayisədə azalıb:
“Bu azalma göstəricisi də 4% təşkil edib. Bunun əsas səbəbi qeyri-neft sektoru ilə bağlıdır. Son illərdə neft-qaz sektorunda azalmanı, qeyri-neft-qaz sektorunda isə artımı müşahidə edirdik. 2024-cü ilin birinci rübündə isə neft-qaz sektorunda 0,4% artım müşahidə olunub. Bunun əsas səbəbi qaz hasilatının və ixracatının artmasıdır”.
X.Kərimli qeyd edib ki, ümumilikdə 4%-lik iqtisadi artım hökumətin proqnozlaşdırdığı səviyyədən çoxdur:
“Hökumət bu il üçün iqtisadi artım səviyyəsini 3% səviyyəsində proqnozlaşdırırdı. Burada əsas diqqəti çəkən məqamlardan biri də inflyasiya səviyyəsinin azalmasıdır. İnflyasiya hələ ki 0,4% səviyyəsində qərarlaşıb, bu da özlüyündə yaxşı göstəricidir.
Birinci rüb, adətən, iqtisadiyyatın böyüməsi baxımından aktiv olmur. Bu dövrdə həm dövlət büdcəsinin, həm də əhalinin xərcləri daha çox olur. Bu baxımdan, hazırkı artım üçün deyə bilərik ki, hər şey müsbətdir və ötən ilin sonlarında verilən proqnozlara uyğundur”.