Hər yeni ilin ilk həftələrində əsas gözləntilər maaşların, təqaüdlərin, pensiyasların və digər sosial ödənişlərin hansı səviyyədə artırılacağı, bazarlarda olan bahalaşma tendensiyasının hansı ölçüdə olacağı kimi məsələlər əsas müzakirə mövzuları olur.
Nəzərə alsaq ki, 2024-cü il üçün dövlət büdcəsi artıq təsdiq olunub, artımların aşağı-yuxarı hansı civarda olacağı da bəllidir. Bahalaşma tendensiyası isə hələ də davam edir. Eyni zamanda bu gün gündəmdə Azərbaycan qaz və elektrik enerjisinə tətbiq olunan limitlər, ictimai nəqliyyatda bahalaşmanın olacağı ilə bağlı iddialar da var.
Bütün bu mövzulara peşəkar iqtisadçı, iqtisadiyyat elmləri namizədi, ictimai-siyasi xadim və dövlət xadimi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Məsimli Moderator.az-a müsahibəsində aydınlıq gətirdi.
- Əli müəllim hər ilin sonu, yeni ilin əvvəlləri bahalaşmalar daha çox nəzərə çarpır. Sizcə bu nəyin göstəricidir?
- Son illər bahalaşmanın əhalinin həyat səviyyəsinə mənfi təsiri xeyli güclənib. Ona görə də bahalaşma prosesinin davam etməsi ciddi narahatçılıq doğurur. Keçən ilin iyulunda 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə inflyasiya məsləsinə geniş yer verildi və dövlət başçısı bildirdi ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Burada təbii səbəblərlə yanaşı,subyektiv səbəblər də vardır və həmin subyektiv səbəblər daha ciddi araşdırılmalıdır.
Sözügedən müşavirədən sonra Azərbaycanda inflyasiyanın ikirəqəmli səviyyədən birrəqəmli səviyyəyə endirilməsinə yönəlmiş müəyyən addımlar atıldı. İnflyasiyanın artım tempi bir qədər aşağı düşdü. Lakin ötən il inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən və iqtisadi artıma təkan verən həddə endirilməsi mümkün olmadı. Azərbaycan hökuməti ötən il əvvəlcə inflyasiyanın 6,9 faiz, sonra 10,4 faiz olacağını proqnozlaşdırmışdı. Son aylar bu proqnoz da dəyişdirildi və 2023-cü ilin sonuna 9,5 faiz inflyasiya olacağı proqnozlaşdırıldı. Adətən mövsümi amillərin təsiri ilə yay aylarında qiymət artımı səngiyir, bəzi sahələrdə, eləcə də məhsullar üzrə isə aşağı da enir. Payızın sonları, eləcə də qış aylarında isə bahalaşma yenidən davam edir. Uzun illər müşahidə olunan həmin meyllər ötən il bizdə tərsinə cərayan elədi...
- Tərsinə deyərkən nələri nəzərdə tutursunuz?
- Aylıq templərdə müəyyən enmə şəraitində, yay ayları da daxil olmaqla, oktyabra qədər bizdə inflyasiya ikirəqmli oldu, noyabr ayında isə rəsmi statistikaya görə 9,4 faizə endi. Amma bu, inflyasiyanın 500-dən artıq mal və məhsul, xidmət və sair əsasında hesablanmış səviyyəsinin rəsmi rəqəmidir. Azərbaycanda inflyasiyanın ikirəqəmli səviyyədən birrəqəmli səviyyəyə düşmsəsinə mane olan subyektiv səbəblər aradan qaldırılmadan inflyasiyanın birrəqəmli səviyyəyə endirilməsi inandırıcı görünmür. Sadəcə supermarketmərdə endirimlər edildi və həmin endirilmlər inflyasiya hesablanarkən siyahıda olan mal və məhsul növlərinin bir hissəsinə də şamil edildi. Monitorinqlər aparıldı və həmin monitorinqələrin nəticələri əsasında bildirildi ki, noyabrda inflyasiya birrəqəmi səviyyəyə enib. Amma inflyasiyanın artım tempi bir qədər zəifləsə də bahalaşma davam edir və əhalinin daha çox işlətdiyi mal və məhsullarn qiymətlərindəki bahalaşma faizi ikirəqəmlidir. Həmin meyllər bir müddət 2024-cü ilin göstəricilərinə də təsir edəcək.
- İlin ilk həftələrində əsas gözləntilər maaşların, təqaüdlərin, pensiyasların və digər sosial ödənişlərin hansı səviyyədə artırılacağı, bazarlarda olan bahalaşma tendensiyasının hansı ölçüdə olacağı kimi məsələlər əsas müzakirə mövzuları olur. Bu barədə nələr demək olar?
-2024-cüilin dövlət büdcəsi elə qurulub ki,ciddi inflyasiya mənbəyinə çevrilməsin. Belə ki, 2024-cü ilin dövlət büdcəsinin gəlirləri 283 milyon manat və ya 0,8 faiz, xərcləri isə cəmi 138 milyon manat və ya 0,4 faiz atrıb. Büdcə kəsiri ötən ildəkindən 144 milyon manat az olmaqla 2 milyard 590 milyon manat səviyyəsində olacağı nəzərdə tutulub ki, bu da ÜDM-in 2,2 faizi səviyysinə uyğun bir göstəricidir və inflasiya yarada bilən 3 faizlik səviyyədən 0,8 faiz bəndi aşağıdır. Bu ilin büdcəsində əməyin ödənilməsi xərclərinə 510 milyon manat və ya 5 faiz əlavə vəsait yönəldilməsi, orta aylıq əmək haqqı cəmi 50 manat artaraq 980 manata çatdırılması nəzərdə tutulub. Yaşa görə pensiyanın orta aylıq məbləği də 50 manat artırılıb 510 manata çatdırılır. Bununla belə bu il orta əmək haqqının 980 manata çatacağı proqnozlaşdırılsa da, muzdla çalışan 1,7 milyon nəfər işçinin xeyli hissəsi orta əmək haqqndan aşağı, yarıya qədəri isə 500 manat ətrafında olan median əmək haqqı səviyyəsində maaş alır. Bu il yaşa görə pensiyanın orta aylıq məbləğinin 510 manata çatdırılsa da,median pensiya 360 manatdır. Bu ilin oktyabrına olan rəsmi məlumata görə, orta aylıq əmək haqqı 11 faiz artıb. Deməli ilin sonuna olan rəsmi statistika açılandan sonra pensiyalar hazırda məlum olan həmin 11 faizdən bir qədər artıq səviyyədə indeksləşdiriləcək.
Sadalağımız bu rəsmi rəqəmlərdən çıxış etsək,demək olar ki, 2024-cü ilin dövlət büdcəsi istər gəlir və xərclərin artımı, istərsə də kəsirin səviyyəsi baxımında ciddi inflyasiya mənbəyi deyil. Orta aylıq əmək haqqı, pensiya sahəsindəki orta aylıq atım cəmi 50 manat, digər ödənişlərdəki artım da elə böyük deyil ki, əhalinin alıcılıq qabilləti artsın və bu da ciddi inflyasiya yaratsın. Həmin göstəricilər müəyyən inflyasiya təzyiqi yarada bilər, amma ciddi inflyasiya mənbəyi kimi çıxış edə bilməzlər. Buna əsaslanaraq bu il inflyasiyanın səngiyəcəyi və 5 faizin ətrafına enəcəyi proqnozlaşdırılıb. 2024-cü il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 2023-cü illə müqayisədə 1 milyard manat və ya 7 faiz artırılıb... Bu sahədəki əsas məsələnin iki tərəfi var: bir tərəfi sosialyönlü xərclərin nə dərəcədə artırılması, digər tərəfi isə artan həmin vəsaitlərin inflyasiyanın yeminə çevrilməsinin qarşısının alınması və əhalinin güzəranının yaxşılaşdırılmasına yönəldilməsidir. Son illər inflyasiyanın sürətləndirilməsi, xüsusən də idxal inflasiyasının payının xeyli artması əhalinin güzəranına mənfi təsir edib. Qlobal bazarda inflyasiya səngiməyə başladığından ,hazırda idxal inflyasiyası tam aradan qalxmasa da, templəri səngiməyə başlayıb. Lakin inhisarçılıq inflyasiyanı yetərincə səngitməyə imkan vermir. Ötən ilin noyabrında başlayaraq inflyasiyanın rəsmi rəqəmləri bir qədər aşağı düşsə də, əhalinin çox işlətdiyi mal və məhsulların əksəriyyətinin qiymətlərində bahalaşma davam edir. Ona görə ki, keçən il, iyulunda 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının qaldırdığı vacib məsələ-bahalaşmanın subyektiv səbəblərinin aradan qaldırılması istiqamətində yetərincə iş görülməyib. Əmək haqqı, pensiya və digər ödənişlərin artımı xəbəri çıxan kimi qiymətləri qaldırlar. Rəqabət Məcəlləsi isə yalnız bu ilin ortalarından işə düşəcək. Proqram xarakterli ciddi və sistemli anti-inflasiya, antimonopol tədbirlər həyata keçirilməsə, qlobal inflyasiyanın səngiməsinin təsiri ilə inflyasiyanın artım templərində müəyyən yavaşıma ola bilər, amma əhalinin daha çox işlətdiyi xalq istehlakı mal və məhsullarının xeyli hissəsində bahalaşma davam edəcək. Deməli dünya bazarında qiymət artımının səngidiyi bir şəraitdə 2024-cü ildə Azərbaycanda inflyasiyanın proqnozlaşdırıldığı kimi 5 faizin ətrafına endirilməsi xeyli dərəcədə inhisarçılığa qarşı mübarizənin səmərəlilik dərəcəsindən asılı olacaq. Təsirli tədbirlər görülməsə, bu ilin büdcəsində nəzərdə tutulan sosial xərclərin toplam artımının süni bahalaşmanın “yeminə” çevrilməsi üçün qiymətləri cəmi 2 faiz, əməyin ödənişi üçün nəzərdə tutulan 510 milyon manatlıq əlavə xərclərin güzrana təsirinin “sıfırlanması” üçün qiymətləri cəmi 1 faiz artırmaq kifayət edəcək. Halbuki, bu cür qiymət manipulyasiyaları olmasa, əhali həmin əlavə vəsaiti başqa problemlərinin həllinə yönəldə bilər.
- Əks təqdirdə bahalaşma davam edəcək?
- Bu ilin büdcəsində əhalinin sosial müdafiəsi istiqamətində genişmiqyaslı artımlar nəzərdə tutulmayıb. Bu kontekstə 2023-cü ildəki kimi kəskin inflyasiyanın baş verməsi üçün əsaslar yoxdur. Bununla belə bahalaşma davam edəcək. Ona görə də son vaxtlar qlobal iqtisadiyyatda başlanan qiymət artımının səngiməsi prosesinin Azərbaycanda da baş verməsinə nail olmaqdan ötrü məlum antiinflyasiya tədbirləri ilə yanaşı, həm də inhisarçılığa və ondan törəyən qiymət manipulyasiyalarına qarşı daha təsirli və nəticəli tədbirlər görülməsini vacib hesab edirik. Operativ tədbirlər görülməlidir ki, əhalinin gündəlik tələbat mallarının qiymət artımının, xüsusn də ərzaq inflyasiyasının davam etməsinin aztəminatlı, aşağı gəlirli əhalinin güzəranına mənfi təsirini azaltmaq mümkün olsun.
- Bəs indi inflyasiya ilə necə mübarizə aparaq?
Yaxın illərdə Azərbaycan hökumət qarşısında duran əsas vəzifələr içərisində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı məlum məsələlərin həllinin davam etdirilməsi ilə yanaşı, həm də yavaşımış iqtisadi artım trayektoriyasından sürətlənmiş iqtisadi artım trayektoriyasına keçid və inflyasiyanın səviyyəsini endirib, onu iqtisadi artıma təkan verən amilə çevrilməsinə nail olmaqdır. Amma buna asan nail olmaq çox çətin məsələdir. Çünki əgər pandemiya zamanı monetar və fiskal siyasətin ümumi məqsədi-iqtisadiyyatı dəstəkləmək idisə, indi inflyasiya ilə mübarizə monetar sahədə sərtləşdirmə, iqtisadi artım templərini bu il üçün proqnozlaşdırılan 2,4 faziə çatdırılması isə monitar siyasəti yumşaltmağı,digər tərəfdən isə yaşamağa başladığımı yeni mərhələnin tələblərinə uyğun islahatların həyata keçirilməsini, o cümlədən idarəetmənin fəlsəfəsinin əsaslı surətdə dəyişdirilməsini, iqtisadi sahədə bir sıra açılımlara gedilməsi,antimonopol,anti-korrupsiya və stimullaşdırcı tədbirlər həyata keçirməyi tələb edir.
- Bu il ictimai nəqliyyat vasitələrində də gediş haqqının artımının gözlənildiyi bildirilir...
- İctimai nəqliyyat və ya digər bu kimi sahələrdə qiymət artmına gedilməsi barədə məlumatım yoxdur. Amma yaxın aylarda belə bir addımın atılacağını da düşünmürəm. Hər şeyi öz adı ilə adlandırsaq, belə bir fakt qarşısındayıq ki, ötən il Azərbaycan iqtisadiyyatı yüksək inflyasiya şəraitində sürətli artım trayektoriyasından yavaşımış artım trayektoriyasına keçib. Ona görə də sürətlənmiş iqtisadi artım trayektoriyasına keçidi təmin edən, eləcə də kifayət qədər yüksək hesab olunan inflyasiyadan iqtisadi artımın sürətlənməsinə təkan verən inflyasiya şəraitinə keçmək üçün zəruri olan islahat xarakterli tədbirlər kompleksi hazırlanıb, həyata keçirilməlidir. Əks halda qeyd etdiyimiz həmin fakt 2024-cü ilin iqtisadi və sosial göstəricilərinə təsirsiz ötüşməyəcək. Ona görə də yalnız onu deyə bilərəm ki ,əhalinin xeyli hissəssinin güzaranının pisləşdiyi, orta təbəqənin dairəsinin daraldığı hazırkı şəraitdə əhalinin güzəranına mənfi təsir edə bilən hər hansı bir addımın atılması, o cümlədən ictimai nəqliyyat və ya digər bu kimi sahələrdə qiymət artmına gedilməsi düzgün addım olmaz. Əksinə hazırkı şəraitdə aztəminatlı təbəqənin yaşayış səviyyəsinin pisləşməsinin qarşını almaqdan ötrü kompleks xarakterli təsirli tədbirlər görülməlidir.
Xəyalə Rəis