
Vüqar Bayramov: “Şəffaflığın artması ilə dövlət büdcəsinə daha çox vəsaitin cəlb olunması baş verir”
“Dövlət əmlakının idarəetməyə verilməsi və əldə edilən vəsaitlərin büdcəyə köçürülməsi mexanizmi də təkmilləşib”
Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət büdcəsinə ödəmələri ötən dövrlə müqayisədə 39,5% artıb.
Maraqlıdır, bu göstəricini Komitə dönəmi ilə müqayisədə Xidmət dönəmində işin və idarəetmənin daha effektiv təşkili kimi dəyərləndirmək mümkündürmü? Ümumiyyətlə, Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə dövlət büdcəsinə artan ödəmələr nədən xəbər verir?
Moderator.az-a açıqlama verən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov baş verənləri Əmlak Məsələləri Dövlət Xidmətində şəffaflığın mövcudluğu, habelə, neqativ hallara qarşı barışmaz münasibətlə izah edib:
“Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət büdcəsinə ödənişlərin həcmninin artması bir daha şəffaflığın gücləndirilməsi, digər tərəfdən bu sferada korrupsiyaya qarşı mübarizənin genişlənməsi ilə bağlıdır.
Əmlak Məsələləri Dövlət Xidmətindəki son institusional və kadr dəyişikliyindən sonra həm şəffaflığın güclənməsi, həm də neqativ halların minmuma enməsi müşahidə olunur. Şəffaflığın artması ilə dövlət büdcəsinə daha çox vəsaitin cəlb olunması baş verir. Dövlət əmlakının idarəetməyə verilməsi və bu zaman əmlakın doğru dəyərləndirilməsi, əldə edilən vəsaitlərin büdcəyə köçürülməsi ilə bağlı mexanizmlər də təkmilləşib. Bunlar isə dövlət büdcəsinə Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə daha çox vəsaitin cəlb olunmasına imkan erir.
Hesab edirəm ki, bu sahədə şəffaflığın güclənməsi davam etdikcə, dövlət əmlakının idarə edilməsinin təkmilləşməsi fonunda dövlət büdcəsinə daha çox vəsaitin cəlb edilməsinə şahid olacağıq”.
Seymur ƏLİYEV



























