Daşkəsən dəmir filizi yataqlarının istismarı ilə bağlı İtaliya şirkəti ilə danışıqlar aparılır
İqtisadiyyat
1458
25 Jul 2023 | 16:00

Daşkəsən dəmir filizi yataqlarının istismarı ilə bağlı İtaliya şirkəti ilə danışıqlar aparılır

Daşkəsən dəmir filizi yataqlarının istismarı, dəmir filizinin istehsalı zəncirinin təşkili üçün müvafiq istehsalat infrastrukturunun qurulması layihəsi çərçivəsində dünyada patent texnologiyaya malik əsas təchizatçılardan hesab edilən İtaliyanın tanınmış “Danieli” şirkəti ilə danışıqlar aparılır.
 
Moderator.az xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov İtaliyanın ölkədəki səfiri Klaudio Taffuri ilə görüşdə qeyd edib.
 
Dəmir filizi istehsalı çərçivəsində son məhsul olaraq HBİ (hot briquetted iron – isti briketləşmiş dəmir) xammalının istehsalının planlaşdırıldığını deyən Z.İbrahimov gələcəkdə daxili bazarın tələbatı ödənilməklə bu məhsulun İtaliya və digər Avropa ölkələrinə ixracının da mümkünlüyünə toxunub. HBİ xammalının istehsalının daha ekoloji təmiz texnologiya əsasında təşkili istiqamətində fəal çalışmaların davam etdiyini qeyd edən Z.İbrahimov Avropada istehsalatda ətraf mühitə təsirlərlə bağlı tətbiq edilən qanunvericiliyinin tələblərini nəzərə alaraq, Azərbaycanın bu məhsuluna böyük marağın yaranacağına ümid etdiyini bildirib.
 
O, yeni mədənlərin işə salınması, o cümlədən kəşfiyyat, texniki-iqtisadi əsaslandırma, layihələndirmə, tikinti və istismar mərhələləri barədə geniş məlumat verib və bu mərhələlərdə də ixtisaslaşmış İtaliya şirkətləri ilə əməkdaşlığa hazır olduqlarını qeyd edib.
 
Bildirilib ki, QSC hazırda 3 mədən layihəsi – “Çovdar”, “Mərəh” və “Tülallar” qızıl yatağının istismarını, eləcə də 1 dəmir filizi yatağı – “Cənub-şərq” mədəninin işlənməsini həyata keçirir. Paralel olaraq Naxçıvan Muxtar Respublikası, Kəlbəcər və Balakən rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işlərinin davam etdirildiyi diqqətə çatdırılıb.
 
Azərbaycanın İtaliya üçün vacib tərəfdaş olduğunu qeyd edən Klaudio Taffuri ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını bildirib. İki ölkə arasında əməkdaşlığın yeni istiqaməti kimi, dağ-mədən sahəsində müştərək fəaliyyətin yaradılması ilə bağlı fikir mübadiləsinin aparılmasının vacibliyi qeyd edən səfir “AzerGold” QSC-nin hasilat və istehsalat fəaliyyəti ilə tanış olmaqda maraqlı olduğunu dilə gətirib. Bu xüsusda yaxın aylarda QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə tanışlıq səfərinin təşkili ilə bağlı razılıq əldə edilib. Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
 
Link kopyalandı!
Son xəbərlər