Azərbaycan BMT-nin Qlobal Sorğusunda irəliləyərək regionda lider olub
İqtisadiyyat
1636
07 Jul 2023 | 13:20

Azərbaycan BMT-nin Qlobal Sorğusunda irəliləyərək regionda lider olub

Azərbaycan BMT-nin Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Sorğusunda mühüm irəliləyiş əldə edərək regionda lider mövqedə qərarlaşıb.
 
Moderator.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir.
 
Məlumata görə, Azərbaycan sorğuda Qazaxıstan (76,3 %), Belarus (72 %), Ukrayna (60,2 %), Özbəkistan (85 %), Moldova (62,4 %), Ermənistan (75,3 %) və digər ölkələri qabaqlayıb, eləcə də bir sıra Avropa ölkələrini, o cümlədən Finlandiya (87,1 %), Fransa (79,6 %), İtaliya (85 %), Latviya (75,3 %), Litva (81,7 %), Portuqaliya (85 %) və Norveçi (85 %) də üstələyib.
 
Azərbaycanın “şəffaflıq” və “kənd təsərrüfatı sektorunda ticarətin asanlaşdırılması” ilə bağlı gördüyü tədbirlərin 100 faiz həyata keçirilməsinə nail olması xüsusi əhəmiyyət kəsb edir. “Kağızsız ticarət” və “İnstitusional mexanizmlər və əməkdaşlıq” kateqoriyalarında da nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə olunub. Bu kateqoriyalar üzrə Azərbaycanın indeksi müvafiq olaraq 85,2 %-dən 88,9 %-ə və 77,8 %-dən 88,9 %-ə yüksəlib.
 
Azərbaycanın bu sorğudakı nəticələri ötən il dərc edilmiş “Azərbaycanın Transsərhəd Kağızsız Ticarətə Hazırlığının Qiymətləndirilməsi” adlı ölkə hesabatına da əsaslanır. Bu hesabatı Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın (ESCAP) ekspertlərinin birbaşa nəzarəti altında Jana Krimpenin rəhbərlik etdiyi BMT-nin ESCAP (ESCAP-ın Şimali və Mərkəzi Asiya üzrə Subregional şöbəsi) məsləhətçilər qrupu hazırlayıb.
 
Hesabat 160-dan çox ölkəni və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılması Sazişi (TFA) ilə bağlı 60 tədbiri, eləcə də kağızsız və yaxud elektron ticarət sahəsində Asiya-Sakit Okean regionunda Transsərhəd Kağızsız Ticarət Prosedurlarının Asanlaşdırılması üzrə Çərçivə Sazişi kimi qabaqcıl regional və qlobal təşəbbüsləri əhatə edir.
 
Sorğu ilə bağlı məlumatların iştirakçı qurumlarla əlaqələndirilməsi və konsolidasiyası Dövlət Gömrük Komitəsinin (DGK) və İİTKM-nin, eləcə də aidiyyəti dövlət qurumlarının və özəl sektorun dəstəyi ilə həyata keçirilib. BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasında (ESCAP) Azərbaycan üzrə Milli əlaqələndiriciləri DGK-nın sədr müavini Natiq Şirinov və İİTKM-in icraçı direktoru Vüsal Qasımlıdır. Onlar milli səviyyədə koordinasiya, informasiya mübadiləsi və birgə planlaşdırmanı həyata keçirirlər.
 
J.Krimpe dövlət və özəl qurumların birgə səyləri nəticəsində əldə edilmiş uğuru əhəmiyyətli hesab edir, bildirir ki, Azərbaycan rəqəmsallaşma, effektiv idarəetmə metodları vasitəsilə ticarət prosedurlarının genişləndirilməsi və asanlaşdırılması kimi müasir çağırışlara sadiqlik nümayiş etdirir: “Azərbaycanın qabaqcıl tərəqqisi dünya miqyasında davamlı və səmərəli ticarət təcrübələri üçün motivasiya mənbəyi rolunu oynayır və mən əminəm ki, hesabatda qeyd olunan tövsiyələri nəzərə alaraq, birlikdə növbəti Qlobal Sorğuda ən yüksək nəticələrə nail ola biləcəyik”.
 
Aparılan islahatlar nəticəsində Azərbaycan son 8 ildə mühüm nailiyyətlər əldə edib. Belə ki, ölkənin ticarət prosedurlarının asanlaşdırılması üzrə ümumi balı 47,3 %-dən 87,1 %-ə yüksəlib ki, bu da əvvəlki ildəki 85 %-lik göstərici ilə müqayisədə 2,1 %-lik artım deməkdir.
 
Link kopyalandı!
Son xəbərlər