Nazim Məmmədov inhisarçılığın tüğyan etməsinin fəsadlarını göstərdi...
İqtisadiyyat
5181
14 Nov 2014 | 11:19

Nazim Məmmədov inhisarçılığın tüğyan etməsinin fəsadlarını göstərdi...

Belə getsə 2015-ci ilin dövlət büdcəsi qəbul olunanadək neftin dünya bazarındakı qiyməti 70 dollar olacaq. Gələn ilki büdcədə qara qızılın bir barelinin 90 dollar götürülməsi gələcəkdə hansı fəsadlara səbəb ola bilər?
Xatırladaq ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 74,23 dollar təşkil edib. ICE London qitələrarası birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 0,35 dollar ucuzlaşaraq 77,84 dollar olub.

İqtisadıçı ekspert Nazim Məmmədov Moderator.az-a açıqlamasında neftin qiymətinin düşməsindən daha çox iqtisadiyyatı cənginə alan inhisraçılıq mərəzindən və hökümətin investisiya mühitinin şəffaflaşdırılması üçün çevik siyasət yürütməməsindən narahat olduğunu dilə gətirdi:

"Mən  yenə  də  o  fikrimdə  qalıram  ki, xammal  ehtiyatları  çox  olan  ölkələr ilk növbədə iqtisadiyyatın  diversifikasiyasında  maraqlı  olmalıdırlar, liberal  bazar  münasibətlərini  qorumalıdırlar, investisiya  mühitini  şəffaflandırmalıdırlar  ki, ölkə  tarazlı  inkişaf  etsin. Adətən  neft-qaz  istehsalçısı  olan  ölkələr sənaye  məhsullarını, texnologiya  tutumlu avadanlıqları  və  s. idxal  edir, o  ölkələrdən  ki, onlar  əsas  enerjidaşıyıcılarını  məhz  neft  ölkələrindən  alırlar.

Neft  ölkəsi  olaraq  neftin  maya  dəyərini  aşağı  salmaq  haqqında  düşünməsək, şəffaflığı  artırmasaq, monopoliyanı  ləğv  etməsək, hökumətin  xərclərini  azaltmasaq  neftin  satış  qiyməti  düşdükcə  iqtisadiyyatımızda  enmələr  müşahidə  olunacaq  və  strateji  ehtiyyatlarımız  sürətlə  tükənəcək. 2015-ci  ilin  büdcə  proqnozlarından  da  aydın  görünür  ki, biz  dövlət  olaraq  cari  xərclərimizin  30%-ə  qədərini  Neft  Fondunun  hesabına  təmin  etmək  məcburiyyətindəyik, bu  da  nə  az  nə  çox  3  milyard  manatdan  da  çoxdur. "Baku  Steel"  kimi  monopolistin  metal  istehsalçılarını  "qoçu  dəstələri"  vasitəsi  ilə  sıradan  çıxarmasını  seyr  edən, son  iki il ərzində  bu  "natəmizliyi"  dayandıra  bilməyən  hökumət  ciddi  islahata  getməlidir, əks halda iqtisadiyyatda risklər günü-gündən daha da şiddətlənəcək."

Elşad Allahverdiyev

Link kopyalandı!
Son xəbərlər