Bizi sosial şəbəkələrdən izləyin:
Belə getsə 2015-ci ilin dövlət büdcəsi qəbul olunanadək neftin dünya bazarındakı qiyməti 70 dollar olacaq. Gələn ilki büdcədə qara qızılın bir barelinin 90 dollar götürülməsi gələcəkdə hansı fəsadlara səbəb ola bilər?
Xatırladaq ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 74,23 dollar təşkil edib. ICE London qitələrarası birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 0,35 dollar ucuzlaşaraq 77,84 dollar olub.
İqtisadıçı ekspert Nazim Məmmədov
Moderator.az-a açıqlamasında neftin qiymətinin düşməsindən daha çox iqtisadiyyatı cənginə alan inhisraçılıq mərəzindən və hökümətin investisiya mühitinin şəffaflaşdırılması üçün çevik siyasət yürütməməsindən narahat olduğunu dilə gətirdi:
"Mən yenə də o fikrimdə qalıram ki, xammal ehtiyatları çox olan ölkələr ilk növbədə iqtisadiyyatın diversifikasiyasında maraqlı olmalıdırlar, liberal bazar münasibətlərini qorumalıdırlar, investisiya mühitini şəffaflandırmalıdırlar ki, ölkə tarazlı inkişaf etsin. Adətən neft-qaz istehsalçısı olan ölkələr sənaye məhsullarını, texnologiya tutumlu avadanlıqları və s. idxal edir, o ölkələrdən ki, onlar əsas enerjidaşıyıcılarını məhz neft ölkələrindən alırlar.
Neft ölkəsi olaraq neftin maya dəyərini aşağı salmaq haqqında düşünməsək, şəffaflığı artırmasaq, monopoliyanı ləğv etməsək, hökumətin xərclərini azaltmasaq neftin satış qiyməti düşdükcə iqtisadiyyatımızda enmələr müşahidə olunacaq və strateji ehtiyyatlarımız sürətlə tükənəcək. 2015-ci ilin büdcə proqnozlarından da aydın görünür ki, biz dövlət olaraq cari xərclərimizin 30%-ə qədərini Neft Fondunun hesabına təmin etmək məcburiyyətindəyik, bu da nə az nə çox 3 milyard manatdan da çoxdur. "Baku Steel" kimi monopolistin metal istehsalçılarını "qoçu dəstələri" vasitəsi ilə sıradan çıxarmasını seyr edən, son iki il ərzində bu "natəmizliyi" dayandıra bilməyən hökumət ciddi islahata getməlidir, əks halda iqtisadiyyatda risklər günü-gündən daha da şiddətlənəcək."
Elşad Allahverdiyev