İngiltərə Bankının nümayəndəsi: “Karbon vergisi iqtisadiyyatın yüksəlməsinə kömək edəcək”
İngiltərə Bankının pul-kredit siyasəti komitəsinin üzvü Ketrin Mann Avropa İnvestisiya Bankının onlayn konfransında bildirib ki, dünya miqyasında qlobal iqtisadiyyatı gücləndirmək üçün karbon vergisinin effektiv üsul olduğuna inanır.
Moderator.az bildirir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb. İngiltərə Bankının nümayəndəsi karbon vergisinin tətbiqini "müqəddəs piyalə" sayır. Onun fikrincə, tədbir təkcə planetin xilası üçün vacib olan istixana qazı emissiyalarının azaldılmasına deyil, həm də investisiya fəaliyyətinin stimullaşdırılmasına, həmçinin “orta müddətli dövrdə iqtisadi göstəricilərin əhəmiyyətli dərəcədə yüksək səviyyəsinə” nail olunmasına kömək edəcək.
1990-cı illərdən bəri rəqəmsal texnologiyanın yüksək artımı fonunda son onillikdə qlobal iqtisadi artım tempi aşağı düşüb və bu, bütün dünya üzrə iqtisadçıların narahatlığına səbəb olub. Britaniyalı tənzimləyici hesab edir ki, yaxın gələcəkdə onların artımı üçün bütün dövlətlər iqtisadiyyatın karbon neytrallığına yönəldiləcək yeni sektorlarının yaradılmasına, eləcə də istehlakçı davranışının dəyişdirilməsinə diqqət yetirməlidirlər. Əks halda, Mannın fikrincə, məqsəd əlçatmaz olaraq qalacaq.
Karbon emissiyaları qlobal istiləşməyə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Ötən il Qlazqoda keçirilən iqlim sammitində aparılan danışıqlar nəticəsində karbon mübadiləsi sistemi tətbiq edilib ki, bu sistem çərçivəsində ölkələr öz kvotalarını bir-biri ilə bölüşə bilərlər.
Qeyd edək ki, 1997-ci ildə Kioto protokolunun qəbul edilməsindən sonra 65 ölkədə karbon tullantılarına qiymətlərin müəyyən edilməsi təşəbbüsləri yaranıb, lakin sistem dar çərçivədə işləyir və iqtisadiyyatın bütün mövcud sektorlarını əhatə etmir.
Miraslan