Azərbaycan üçün arzuolunmaz təhdid:  Neftin ucuzlaşması qaza da təsir edəcək-EKSPERT
İqtisadiyyat
4554
24 Mar 2020 | 12:28

Azərbaycan üçün arzuolunmaz təhdid: Neftin ucuzlaşması qaza da təsir edəcək-EKSPERT

Dünya bazarında neftin kəskin ucuzlaşması Azərbaycan üçün müham əhəmiyyət daşıyan təbii qazın qiymətlərinə necə təsir edəcək? İndi ən aktual suallardan biri də budur.

 

Bu sualı Moderator.az-a şərh edən neft məsələləri üzrə tanınmış ekspert, Neft Araşdırmaları Fondunun prezidenti İlham Şaban hesab edir ki, bu amil qaçılmazdır: 


“Əlbəttə, neftin ucuzlaşması təbii qaza da ciddi təsir edəcək. Onsuz da qazın qiyməti ilin əvvəlindən enməyə başlamışdı”.

 

Ekspert bildirib ki, neftlə qazın qiyməti arasında olan uyğunluq özünü qısa vaxtda deyil, daha uzun müddətdə biruzə verir: 


“Bu gün qazın dünya bazarındakı mövcud qiyməti 6 ay əvvəlki qiymətdir. Yəni, neftin 55 dollara olan dövrünə uyğundur. Hazırda Avropa bazarında qazın bir kubmetrinin dəyəri 200 dollardan aşağıdı. Maye qaz isə daha ucuzdu. Çünki onun ən böyük alıcısı Çindir və oradakı vəziyyətlə bağlı qaza tələbat aşağı düşüb. Sənaye obyektlərinin çoxunun dayandırılması ilə əlaqədar qazın istifadəsi azalıb”.

 

İlham Şabanın sözlərinə görə, yaranmış vəziyyətlə əlaqədar biz qazın qiymətinin daha çox ucuzlaşmasını isə əsasən ilin ortalarında müşahidə edəcəyik:


“İndi neftin kəskin ucuzlaşmasının nəticələri qazın qiymətində öz təsirini cari ilin ortalarında göstərəcək. Hətta o dövrdə neftin qiyməti qalxsa belə, ilin ortasında qazın qiyməti minimum həddə, yəni 150 dollara, hətta bir az da aşağı düşəcək. Bu ehtimal böyükdür”.

 

İ. Şabanın fikrincə, bu ehtimal həm də ona görə yüksəkdir ki, iki gün əvvəl İtaliyanın baş nazirinin qərarı ilə ölkədəki sənaye sahəsinin 70 faizi işini dayandırıb. Yaxın zamanlarda bu, Almaniya və Fransada da özünü göstərəcək: 


“Bu isə o deməkdir ki, qazın ən böyük bazarlarından biri olan Avropa məkanında enerjiyə tələbat azalacaq. Bununla da Avropada təqribən 50 milyardlıq qaz istehlakı aşağı düşəcək. Təbii olaraq isə qazın qiyməti də ucuzlaşacaq”.

 

Taleh 

Link kopyalandı!
Son xəbərlər