2019-cu ilin I rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (38,4 milyon ABŞ dolları) birinci yeri tutub. Məlumat sevindirici olduğu qədər də düşündürücüdür. Hər şeydən öncə elektrik enerjisi kimi strateji məhsulu idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməyimiz qürurvericidir və prezident İlham Əliyevin həyatımızın bütün sahələrini əhatə edən və vətəndaş məmnunluğuna səbəb olan islahatlarının enerjidaşıyıcıların tariflərinə yenidən baxılmasından da yan keçməyəcəyinə ümidləri artırır. Digər tərəfdən gəlin razılaşaq ki, enerji ixrac edən ölkə statusunda olsaq da ölkə daxilində istehlakçıların fasiləsiz enerji təminatı nəinki qənaətbəxş deyil, əksinə, bir çox hallarda təəccüb və təəssüf doğurur.
Xüsusən də bölgələrdə vaxtaşırı elektrik enerjisinin fasilələrlə verilməsi ənənəsindən qurtulmaq mümkün olmur. Acınacaqlısı odur ki, enerji verilişlərindəki fasilələr qışda əlverişsiz hava şəraitində deyil, (xoşbəxtlikdən ölkədə demək olar ki, qış da keçmir, əks halda bəlkə də günlərlə Azərbaycan qaranlığa qərq olardı) hava şərtlərinin tam qənaətbəxş olduğu günlərdə də bu açılmalar, fasilələr adi hal alıb.
Xatırladaq ki, ötən ilin iyul ayının əvvəlində Azərbaycanın enerji şəbəkəsində baş verən böhran təkcə dövlət başçısının deyil, bütövlükdə cəmiyyətin də hiddətinə səbəb olmuşdu. Məhz həmin olay bir mühüm məsələni də gündəmə gətirdi, əcaba, milyonlarla dövlət vəsaiti sərf olunan alternativ enerji mənbəsi ilə məmləkəti qismən də olsa təmin etməli olan şəbəkədə - Alternativ və Bərpa Olunan Enerji Mənbələri ilə təminatda vəziyyət necədir? Bəlli oldu ki, bu şəbəkənin adından başqa heç nəyi yoxdur.
Yeri gəlmişkən, ötən ilin sonlarında Hesablama Palatası da adı var özü yox qurumun - Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətində çox ciddi nöqsanlar aşkarlayaraq yaydığı hesabatda dövlət vəsaitlərinin ifrat xərclənməsini kəskin tənqid etmişdi. Görünür, bu qurumun yarıtmaz fəaliyyəti ilə bağlı prezident İlham Əliyevə kifayət qədər sanballı dosye təqdim olunduğuna görə bu ilin əvvəlində agentliyin fəaliyyətinə yerli-dibli xitam verməkdən başqa yol qalmayıb.
Maraqlıdır ki, "fatihəsi" oxunan həmin agentliyin rəhbəri Akim Bədəlov sıradan bir məmur da deyildi. Ali Məhkəmənin sədri, çox hörmətli Ramiz Rzayevin qudası olan A. Bədəlovla bağlı zaman-zaman mediada o qədər də xoş olmayan məlumatlar da yayılmışdı, Google-da axtarış verməklə onun "şanlı bioqrafiya"sının bəzi epizodları ilə tanış olmaq mümkündür. Bu iddiaların bütünlüklə həqiqət olduğunu iddia etmək niyyətində deyilik, sadəcə dövlət başçısının bu agentliyin üstündən xətt çəkməsi belə bir qənaət formalaşdırır ki, biznes dünyasında kifayət qədər səriştəli olduğu təsiri bağışlasa da idarəetmədə yarıtmaz davranışları ilə dövlət başçısına ona etibar edilən qosqoca qurumu ləğv etməkdən başqa çarə buraxmayıb. Görünür, buraxılmış səhvlər və səriştəsizlik elə miqyasda olub ki, hakimiyyətdə kifayət qədər güclü mövqeləri olan Ramiz Rzayev qudasının kreslosunu xilas edə bilməyib.
Əlbəttə, məqsədimiz kimisə ittiham etmək deyil, Allahın bu məmləkətə verdiyi bunca nemətlərdən səmərəli istifadə edilərək ölkə iqtisadiyyatının inkişafına, vətəndaşın güzəranına töhfə verilməsini stimullaşdıracaq addımların təşviq edilməsdir. Bu ölkə təkcə nefti-qazı ilə deyil, küləyi, günəşi və digər ekoloji təmiz alternativ enerji mənbələri ilə də unikal özəlliyə sahibdir. Sadəcə bundan istifadə edərək ixrac potensialımızı ildə yüz milyonlarla artıra bilərik. Qarşıdan isti yay günləri gəlir. Kim zəmanət verəcək ki, yenə də bu və ya digər səbəbdən ölkənin enerji təminatında hansısa böhran yaşanmayacaq. O zaman heç olmasa streteji obyektləri, həyati önəm kəsb edən məkanları günəş-külək enerjisi ilə təmin etməməyi Allah bizə bağışlamaz...
Bu ilin əvvəlində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv olundu, həmin qurumun yerində heç nə yaradılmadı. Müasir dünyanın az qala yarısı alternativ və bərpaolunan enerjidən qidalanır, elə isə belə bir strateji qurumun yerli-dibli ləğvinin səbəbləri barədə nə deyə bilərsiniz? Siz necə düşünürsünüz, Azərbaycana doğrudanmı belə bir qurum gərək deyildi?
Mövzunu davam etdirərək iqtisadçı millət vəkili Əli Məsimliyə verdiyimiz bu suala aşağıdakı cavabı almışıq:
"Ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən, yəni günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, bio-kütlə enerjisidən geniş istifadə olunur. İnkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələrinin payına (su elektrik stansiyaları daxil olmaqla) ümumi istehsal olunan enerjinin 15 faizı yaxını düşür. Bir sıra ölkələrdə isə bu rəqəm daha böyükdür. Bütün ölkələr kimi Azərbaycanın da gələcəyi xeyli dərcədə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin səviyyəsi ilə bağlıdır.
Ekoloji cəhətdən təmiz texnologiyaya əsaslanan bərpa olunan enerji mənbələri arasında günəş və külək enerjisi mühüm yer tutur. Bu baxımdan Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə yaxşı potensiala malikdir.Azərbaycanda günəşli günlərin sayı əksər ölkələrdəkindən çoxdur. Bakı isə küləklər şəhəridir. Amma son illərin statistikası göstərir ki, hələ ki, ölkədə istehsal olunan elektrik enerjisinin 90 faizindən çoxu istilik elektrik stansiyalarının, 9,5 faiz su elektrik stansiyalarının, 0,5 faizinindən azı isə günəş və küləyin payına düşür.
Alternativ və Bərpa Olunan Enerji Mənbələrimdən istfadənin genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə DÖVLƏT P R O Q R A M I qəbul edilib.
Həmin proqramın məqsədi ölkənin təbii potensialından istifadə etməklə bərpa olunan və ekoloji cəhətdən təmiz mənbələrdən enerji istehsalını genişləndirməkdən və karbohidrogen enerji resurslarından daha səmərəli istifadə edilməsini təmin etməkdən ibarətdir. Dövlət Proqramının əsas vəzifələri elektrik enerjisinin istehsalında alternativ (bərpa olunan) enerji mənbələrinin potensialını müəyyənləşdirmək; bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltmək;yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin açılmasını təmin etmək;Azərbaycan Respublikasında ənənəvi enerji mənbələrinin mövcud ümumi gücü nəzərə alınmaqla alternativ enerji mənbələrinin hesabına enerji gücünün artırılması və bununla da ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsinə nail olmaqdır.
Fikrimizcə sözügedən sahənin Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyini ləğv etməkdənsə, bu qurumun çevik fəaliyyətini təmin edən təkmilləşdirmələr aparmaq daha doğru variant olardı. Amma artıq hadisə baş verib: Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv olunub. Ona görə də müvafiq nazirliyin nəzdində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin funksiyalarını daha səmərəli, daha dolğun və daha çevik yerinə yetirə bilən bir qurumun yaradılmasını zəruri hesab edirik. Bu əsasda Azərbaycanda Alternativ Enerji Mənbələrindən istifadə məsələsində özəl təşəbbüsü stimullaşdırıb, ona geniş meydan verməklə ölkədə Alternativ və Bərpa Olunan Enerji Mənbələrindən istifadənin dairəsini genişləndirmək və beynəlxalq praktikada olduğu kimi, bizdə də maya dəyərinin sürətlə aşağı salınmasına nail olmaqla bu sahədə mövcud olan böyük potensialdan dolğun və səmərəli istifadə edilməsi işininin maksimum sürətləndirilməsini zəruri hesab edirik.".