“Bank sektoru ilə bağlı bütün problemlərin həlli 2019-cu ilə qaldı”
İqtisadiyyat
3384
08 Dec 2018 | 21:22

“Bank sektoru ilə bağlı bütün problemlərin həlli 2019-cu ilə qaldı”

2018-ci il başa çatmaq üzrədir. Bəs bu ili bank sektorundankı problemlərin həlli baxımından nə dərəcədə faydalı hesab etmək oalr? Cari ildə bank sektorundakı problemlərin ən azından bir hissəsini həll etmək mümkün oldumu? Yoxsa bütün problemlərin həlli 2019-cu ilə qaldı?

Moderator.az-a açıqlama verən bank-maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov cari ildə bank sektorundakı əsas problemlərdən demək olar ki, heç birinin həll olunmadığına diqqət çəkdi. 

“Əsas müsbət məqam milli valyutanın sabitliyinin qorunması oldu”.

Ekspertin sözlərinə görə, 2018-ci il üçün əsas müsbət məqam milli valyutanın sabitliyinin qorunub saxlanılması oldu:

“2018-ci ili bank sektorunda durğunluq ili kimi xarakterizə edərdim. Problemlər kəskin dərinləşmədi. Tutaq ki, 2015, 2016, 2017-ci ildəki qədər problemlərin dərinləşməsi müşahidə edilmədi. Lakin bu problemlər öz həllini də tapmadı. Ən müsbət məqam milli valyutanın sabitliyi oldu. Milli valyutamız son illər ilk dəfə oldu ki, sabit qaldı. Bu, bank əmanətlərinin bankdan çıxarılmasının qarşısnı aldı, hətta burada cüzi artım da oldu. 
Problemli kreditlər bank sisteminin əsas problemi olaraq qalır. Bəzi bankların azğınlaşmasını gördük”. 

“Rüfət Aslanlının getməsi ilə bu problem həll edilsə də...”

Ə.Həsənov hesab edir ki, bank sektoruna cavabdeh olan qurumlar arasında həmrəyliyin olmaması da problemlərin həlinə mənfi mənada təsir göstərdi:
“Vəziyyətin bu həddə gəlib çatmasını şərtləndirən amillərdən biri də bank sistemini idarə edən dövlət qurumları arasında vahidliyin, qarşılıqlı anlaşmanın yoxluğudur. Mən Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və Maliyyə Nazirliyini nəzərdə tuturam. Bunların arasında birlik yoxdur. Əksinə, bəzi hallarda fikir ayrılıqları var. Hətta Maliyyə Bazarlarına Nəzarət Palatasının özünün daxilində Direktorlar Şurası ilə İdarə Heyəti arasında problemlər var idi. Müsbət məqam o oldu ki, bu problem Rüfət Aslanlının getməsi ilə öz həllini tapdı. Yalnız İdarə Heyəti qaldı. Lakin yeni rəhbərlik hələ də təyin edilməyib. 
Təəssüf doğuran məqamlardan biri də ondan ibarətdir ki, bank sektorundakı problemlərin həlli ilə bağlı ortaya bir plan, bir proqram da qoyulmayıb”. 

“2018-ci ilin sonuna qədər bankların sağlamlaşdırılması başa çatmalı idi, amma...”

Ekspert bütün əsas problemlərin həllinin 2019-cu ilə qaldığını bildirdi:
“Bütün problemlər 2019-cu ilə qaldı. İnanıram ki, heç olmasa Maliyyə Bazarlarına Nəzarət Palatasına yeni rəhbərlik təyin olunacaq. Hələ ki, bilinmir, ola bilsin ki, yeni rəhbərlik elə köhnə rəhbərlik oldu. Lakin hər bir halda bugünkülər müvəqqəti icraçılardır. Bəlkə onlar nə isə bir tədbir görməyə başladılar. Onu da xatırladım ki, 2016-cı ilin dekabrında dövlət başçısı tərəfindən təsdiq olunmuş maliyyə bazarlarının inkişafı ilə bağlı strateji yol xəritəsinə əsasən, bu ilin sonuna qədər bankların sağlamlaşdırılması prosesi bitməli idi. Amma bitmədi. Mərkəzi Bank problemli krediti olan banklara kredit vermədi”.

“Gələn il həll edilməsi gərəkən daha bir məsələ ondan ibarətdir ki...”

Ə.Həsənov 2019-cu ildə daha bir məsələyə aydınlıq gətirilməsinin vacib olduğunu bildirdi ki, bu da əmanətlərin tam sığortalanması ilə bağlı qanunun müddətinin uzadılıb-uzadılmaması ilə bağlıdır:
“Biz növbəti ilə daha bir böyük problemlə gedirik. Gələn il martın 4-dən sonra əmanətlərin tam sığortalanması ilə bağlı qanun öz qüvvəsini itirəcək. Qanunun müddətinin uzadılacağı, yoxsa uzadılmayacağı da bəlli deyil. Tam sığorta sistemi olduğu üçün son bir ildə banklardakı əmanətlərin məbləği azalmadı, əksinə artdı. Gələn il bu məsələyə də aydınlıq gətirilməlidir. Bir sözlə, biz 2019-cu ilə xeyli problemlə gedirik”.

Seymur ƏLİYEV
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər