Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin görüşündə ikitərəfli ticarət əlaqələri zamanı milli valyutalardan istifadə ilə bağlı razılıq əldə olunub.
Milli valyutalarla ticarət bu ölkələrin iqtisadiyyatı üçün hər hansı çətinlik doğura bilərmi? Belə bir ticarət özü ilə hansı risk və problemləri gətirə bilər?
Moderator.az-a açıqlama verən iqtisadçı ekspert Rövşən Ağayev burada əsasən iki mühüm risk amilinin mövcudluğuna diqqət çəkdi:
“Burada kimin kimdən daha çox məhsul idxal və ixrac etməsinin çox mühüm rolu var. Yəni paritetlik önəmli məsələdir. Təsəvvür edin ki, biz Türkiyədən bir milyard dollar ekvibalentində məhsul idxal etmişik. 500 milyon dolar civarında isə məhsul ixrac etmişik. Biz nə qədər çox idxal edəcəyiksə ,onlardan aldığımız valyutanı bir o qədər qaytarıb onlara verəcəyik. Bu, problem deyil. Ancaq bizim ixracımız idxalımızdan çox olsa, o zaman bəzi problemlər ortaya çıxa bilər. Bir anlıq təsəvvür edin ki, biz bir milyard dollarlıq məhsul ixrac etmişik və 580 milyard lirə almışıq. Idxalımız isə bunun yarısı qədərdir. Deməli, bizim əlimizdə xeyli miqdarda lirə qalır. Hansı ki, biz bunu başqa ölkəyə verə bilmirik. Bizim banklarımız lirə saxlamır. Bunu banka depozit kimi qoymaq mümkün deyil. Hər kəsə valyuta lazım olanda dollar və ya avro alır. Dollar daha sabit olduğu üçün ona maraq daha çoxdur.
Ikinci risk milli valyutaların sabitlii problemi ilə bağlıdır. Dollar daha sabit valyutadır. Hamı əmindir ki, dollar il ərzində 1-2%, ən uzağı isə 3% dəyərdən düşə bilər. Rus rubluna isə bu zəmanət yoxdur. ABŞ-ın son 50-60 illik tarixinə nəzərə salın. Nə vaxt ABŞ dolları rus rublunun vəziyyətinə düşüb? Rus rublu 2015-2016-cı illərdə iki dəfə dəyərdən düşüb.
Yəni milli valyutaların sabitliyi ilə bağlı problemlər bu məsələdə ikinci mühüm risk amilini təşkil edir”.
Seymur ƏLİYEV