"Bu məhdudiyyət daha çox siyasi mesaj və ya danışıqlarda təzyiq vasitəsi kimi qiymətləndirilə bilər"
Rusiya Türkiyədən idxal olunan bəzi kənd təsərrüfatı məhsullarına müvəqqəti məhdudiyyət tətbiq edib. Rosselxoznadzorun qərarına əsasən, iyulun 18-dən etibarən Türkiyənin beş ixracatçı şirkətindən Rusiyaya çəyirdəkli meyvələrin idxalı dayandırılıb. Rəsmi Moskva bu addımı fitosanitar tələblərin pozulması ilə əsaslandırsa da, qərarın Türkiyənin son dövrdə Ukrayna və NATO ilə bağlı atdığı addımların ardınca verilməsi onun siyasi motivlər daşıya biləcəyi ilə bağlı müzakirələri gücləndirib. Bəs bu qərarın arxasında yalnız texniki səbəblər dayanır, yoxsa Moskvanın Ankaraya ünvanladığı siyasi mesaj da var?
Moderator.az-a danışan Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, istefada olan tuğgeneral Yücel Karauz məsələyə münasibət bildirib.
General bildirib ki, Rusiyanın Türkiyədən idxal olunan bəzi kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi son məhdudiyyətlər Rosselxoznadzorun (Rusiya Federal Baytarlıq və Bitki Sağlamlığına Nəzarət Xidməti) 18 iyul 2026-cı il tarixindən qüvvəyə minən, konkret şirkətlərə yönəlmiş müvəqqəti qərarı çərçivəsində həyata keçirilir:
"Qərar Türkiyənin beş ixracatçı şirkətindən Rusiyaya şaftalı, nektarin, ərik, gavalı, alça, albalı və turş albalı kimi sərt çəyirdəkli meyvələrin idxalına şamil edilir. Məhdudiyyət həmin şirkətlərdən göndərilən məhsullarda Avrasiya İqtisadi Birliyi (AİB) üçün karantin obyekti hesab olunan zərərvericilərin sistematik şəkildə aşkarlanması səbəbindən tətbiq olunub. Qərar Türkiyənin bütün kənd təsərrüfatı məhsullarını və ya bütün ixracatçılarını deyil, yalnız aşağıdakı beş şirkəti əhatə edir:

FBA Plastik Avtomobil Qida və Neft Məhsulları (Mersin);
Akas Kənd Təsərrüfatı Məhsulları (Afyonkarahisar);
Situr Sitare Turizm Ticarəti (Mersin);
Troy Meyvə-Tərəvəz Ticarəti və Marketinqi (İstanbul);
Faruk Sat-Alfasat Kənd Təsərrüfatı Məhsulları (Hatay).
Həmin beş şirkət 2026-cı ilin ilk yarısında Rusiyaya ümumilikdə təxminən 125 min ton sərt çəyirdəkli meyvə ixrac edib. Qərarın Türkiyənin xarici işlər naziri Hakan Fidanın 15–16 iyul 2026-cı il tarixlərində Ukraynaya səfərindən dərhal sonra açıqlanması isə bir çox ekspertlərin diqqətini cəlb edib. İqtisadi əməkdaşlığa mümkün təsirlər
General hesab edir ki, qısamüddətli perspektivdə məhdudiyyətlərin təsiri məhdud ola bilər.
Türkiyə baxımından 2025-ci ildə Rusiya ölkənin sərt çəyirdəkli meyvə ixracının 40 faizdən çoxunu, yəni təxminən 140,6 milyon dollar dəyərində məhsul alıb. Həmin il əlverişsiz hava şəraiti səbəbindən istehsal 60 faiz azalsa da, 2026-cı ildə bərpa prosesi gözlənilir.
Məhdudiyyətlərdən zərər görən beş şirkət üçün itkilər ciddi olsa da, pomidor, bibər və sitrus meyvələri kimi digər kənd təsərrüfatı məhsullarının ixracı bu qərardan birbaşa təsirlənmir. Bununla yanaşı, Rusiya bazarında həmin məhsullar üzrə qiymət artımı və təchizat problemləri yarana bilər".
Yücel Karauz vurğulayıb ki, Rusiya baxımından isə bu addım yerli istehsalçıların qorunması və idxalın digər ölkələr hesabına diversifikasiyası üçün imkan yarada bilər:
"Bununla belə, Rusiya tərəvəz və bəzi meyvələr üzrə Türkiyə məhsullarından ciddi şəkildə asılıdır və əvvəlki illərdə bu istiqamətdə kvotaların artırılması kimi müsbət addımlar da atılıb. Uzunmüddətli perspektivdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın davam edəcəyi gözlənilir. Çünki ümumi ikitərəfli ticarət dövriyyəsi artıq 50 milyard dolları ötüb, qarşıya isə 100 milyard dollarlıq hədəf qoyulub. Enerji layihələri, o cümlədən "TürkAxım", Akkuyu AES, turizm və digər strateji sahələr kənd təsərrüfatı sektorundakı bu addımdan daha böyük əhəmiyyət daşıyır.
Ankara-Moskva münasibətlərinə təsiri
General vurğulayıb ki, Türkiyə ilə Rusiya arasında münasibətlər praqmatik və çoxşaxəli xarakter daşıdığı üçün bu cür addımlar, adətən, taktiki səviyyədə qalır. Qərarın müəyyən gərginlik yaratmaq potensialı var. İxracatçı şirkətlərin və Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin reaksiyası, eləcə də diplomatik təmasların intensivləşməsi gözləniləndir. Keçmişdə, xüsusilə 2015–2017-ci illərdə Rosselxoznadzorun oxşar qərarları daha genişmiqyaslı böhranlara səbəb olmuşdu. Lakin həmin dövrdə siyasi münasibətlər indiki ilə müqayisədə daha gərgin idi.
Hazırkı qərarın ümumi ikitərəfli münasibətlərə ciddi zərbə vurmaq ehtimalı aşağıdır. Çünki tərəflər Ukrayna müharibəsində vasitəçilik, Qara dəniz taxıl dəhlizi, enerji təhlükəsizliyi, Suriya və Liviya kimi regional məsələlərdə qarşılıqlı maraqlara malikdir. Buna görə də sözügedən məhdudiyyət daha çox siyasi mesaj və ya danışıqlarda təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. İqtisadi əməkdaşlıq da davam edəcək. Rusiya üçün Türkiyə həm mühüm bazar, həm də tranzit və əməkdaşlıq tərəfdaşıdır. Türkiyə üçün isə Rusiya vacib kənd təsərrüfatı məhsulları bazarı və əsas enerji təchizatçılarından biridir.
Qərarın arxasında texniki səbəblər, yoxsa geosiyasi motivlər dayanır?
General bildirib ki, Rosselxoznadzor qərarın texniki və fitosanitar səbəblərlə əlaqədar qəbul edildiyini açıqlayır. Qurum beynəlxalq və daxili bitki karantin qaydalarına əsaslanaraq məhsullarda zərərvericilərin sistematik aşkarlanmasını əsas gətirir. Bu cür yoxlamalar Rosselxoznadzorun standart praktikasıdır və əvvəllər Ermənistan, Çili və Fransa kimi ölkələrə qarşı da oxşar məhdudiyyətlər tətbiq olunub. Buna görə də məhsulların keyfiyyətinə və nəzarət mexanizmlərinə bağlı real problemlərin mövcudluğu istisna edilmir.
Bununla yanaşı, geosiyasi amil də nəzərə alınmalıdır. Hakan Fidanın Ukraynaya səfərindən və mümkün diplomatik təşəbbüslərindən dərhal sonra verilməsi təsadüfi görünmür. Rusiya daha əvvəl də Rosselxoznadzorun texniki qərarlarından siyasi narazılığını aşağı intensivlikdə nümayiş etdirmək üçün istifadə edib.
Ukrayna ilə bağlı diplomatik proseslər, NATO gündəliyi və Türkiyənin balanslaşdırılmış xarici siyasəti Moskvanı narahat edən amillər sırasında ola bilər. Onun fikrincə, ən real ehtimal texniki və geosiyasi səbəblərin birlikdə rol oynamasıdır. Texniki problemlər mövcud ola bilər, lakin qərarın yalnız beş şirkətə şamil edilməsi və onun vaxtlaması geosiyasi mesaj xarakteri daşıdığını da göstərir.
Bu məhdudiyyət Ankara ilə Moskva arasındakı münasibətləri kökündən dəyişəcək və ya strateji əməkdaşlığı sarsıdacaq səviyyədə deyil. İki ölkə arasında formalaşmış iqtisadi və siyasi əməkdaşlıq modeli bu cür taktiki addımları kompensasiya edə biləcək qədər dayanıqlıdır.
Qısamüddətli dövrdə əsas zərəri ixracatçı şirkətlər görəcək, diplomatik təmaslar intensivləşəcək və tərəflər nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də danışıqlar yolu ilə problemin həllinə çalışacaqlar.
General Türkiyənin ixracatçılar üzərində nəzarəti gücləndirməsinin, şirkət səviyyəsində yaranan problemləri operativ şəkildə aradan qaldırmasının və məsələni Ticarət və İqtisadi Əməkdaşlıq Komissiyası kimi ikitərəfli mexanizmlər vasitəsilə həll etməsinin vacibliyini vurğulayıb. Əgər Rusiya bu qərardan daha çox siyasi mesaj vermək məqsədilə istifadə edərsə, bu, qarşılıqlı etimadın zəifləməsinə səbəb ola bilər.
Qərarın arxasında texniki əsaslar mövcud olsa da, xüsusilə Ukrayna diplomatiyası fonunda geosiyasi amillərin də rolunu nəzərdən qaçırmaq olmaz. Onun fikrincə, hər iki tərəf qarşılıqlı maraqları əsas götürdüyü müddətdə mövcud münasibətlər bu cür dövri gərginlikləri aradan qaldırmaq gücünə malikdir. Bununla yanaşı, rəsmi açıqlamaların və ixracatçı birliklərinin sonrakı reaksiyalarının diqqətlə izlənilməsi məqsədəuyğun olardı".
Pərvin Şakirqızı