Lider
İdman
261
18:36, Bu gün

Lider "Arsenal" evdə "Bornmut"a uduzdu

İngiltərə çempionatının 32-ci turu çərçivəsində baş tutan ev oyununda "Arsenal" gözlənilməz şəkildə "Bornmut"a 1:2 hesabı ilə məğlub olub.
 
Moderator.az xəbər verir ki, "Bornmut"un heyətində qolları Eli Krupi (17-ci dəqiqə) və Aleks Skott (74-cü dəqiqə) öz aktivinə yazdırıb. London təmsilçisinin yeganə qoluna isə 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Viktor Dyokereş imza atıb.
 
Bununla da "Bornmut", İngiltərə Premyer Liqasında yanvarın 25-dən bəri "Arsenal"a ilk məğlubiyyətini yaşadıb.
 
Xatırladaq ki, London təmsilçisi sonuncu dəfə məhz həmin tarixdə öz meydanında "Mançester Yunayted"ə (2:3) uduzmuşdu. Həmin vaxtdan bəri "Arsenal" milli çempionatda altı qələbə qazanıb və iki dəfə heç-heçə etmişdi.
 
Bu, "Arsenal"ın son dörd matçda artıq üçüncü məğlubiyyətidir. Bundan əvvəl komanda İngiltərə Liqa Kubokunun finalında "Mançester Siti"yə (0:2), İngiltərə Kubokunun 1/4 finalında isə "Sauthempton"a (1:2) uduzmuşdu. Londonlular bu dövr ərzində yeganə qələbəsini Çempionlar Liqasının 1/4 finalının ilk oyununda "Sportinq"ə (1:0) qarşı qazanıb.
 
Hazırda "Arsenal" 32 oyundan sonra 70 xalla İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir. Ehtiyatında iki oyunu olan və 61 xal toplayan "Mançester Siti" 2-ci yerdə qərarlaşıb. "Bornmut" isə 45 xalla 9-cu pillədədir. Növbəti turda, aprelin 19-da "Arsenal" səfərdə "Mançester Siti"nin qonağı olacaq, "Bornmut" isə bundan bir gün əvvəl səfərdə "Nyukasl"la qarşılaşacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər