Bizi sosial şəbəkələrdən izləyin:
“Karvan” rəhbərliyi Füzuli Məmmədovla problem yaşayan futbolçular barədə gözlənilməz qərar qəbul edib. Yevlax təmsilçisi baş məşqçi ilə yola getməyən oyunçulara düşərgəni tərk etməyi məsləhət görüb. «Gedin oturun evinizdə, mövsümün sonunadək maaşınızı ödəyəcəyik» - onlara belə deyilib.
Premyer Liqanın son turunda «Qarabağ»a 0:7 hesablı məğlubiyyət «Karvan»da gərginliyi pik həddə çatdırıb.
Çempionatı tərk edəcəyi şübhə doğurmayan «sarvanlar»da növbəti qalmaqal yaşanıb.
Füzuli Məmmədovun ağır yenilginin günahkarı qismində futbolçuları göstərməsi iki tərəf arasında insident yaradıb.
Baş məşqçinin onları məsuliyyətsizlikdə suçlaması, «siz mənim sistemimə uyğun gəlmirsiz» deməsi kollektiv üzvlərini lap qıcıqlandırıb.
Oyunçuların bir qismi baş məşqçinin üzərinə yeriyib. Paltardəyişmə otağında alov götürən hadisə ətrafıdakı digər işçilərin köməyi ilə yatrılıb.
Məmmədova «sən bizi boğaza yığmısan» cavabı verən futbolçular onun baş məşqçi postunu tutmağa layiq olmadığını deyiblər:
«Səni səhv eləyib bura gətiriblər. Rəhbərlikdən xahiş edəcəyik ki, bir qərar versinlər. Biz səninlə işləmək istəmirik. Çıx get!»./Spotinfo.az/