Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan I Liqasında mübarizə aparan "Səbail" klubu böyük məbləğdə maliyyə sanksiyasına məruz qalıb - komanda 2 610 manat cərimələnib.
Moderator.az xəbər verir ki, müvafiq cəza qərarı AFFA-nın İntizam Komitəsi tərəfindən qəbul edilib.
Cəriməyə çempionatın XXI turu çərçivəsində baş tutan "Şəfa" ilə qarşılaşma zamanı qeydə alınan insidentlər səbəb olub.
"Dənizçilər" matç ərzində dörd futbolçusunun sarı vərəqə alması səbəbindən 210 manat ödəməli olacaqlar. Əsas cərimə isə klubun tərcüməçisi Fariz İsmayılovla bağlıdır: o, qeyri-etik ifadə və ya hərəkətə yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq 3 oyunluq diskvalifikasiya edilib, bu hərəkət isə kluba 2400 manat bahasına başa gəlib.
İntizam Komitəsinin qərarlarından "Şahdağ Qusar" da kənarda qalmayıb və 150 manat ziyana düşüb. Buna "Difai" ilə görüşün 77-ci dəqiqəsində komandanın futbolçusu Kvaku Adjeyin ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılması səbəb olub. Oyunçu bir matçlıq cəzaya məruz qalıb.